Könüllü tibbi sığorta yığımları artıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 76 768 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankına (AMB) verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,6 faiz artıb. Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 43 519,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda könüllü tibbi sığorta bazarında 8 faizədək artımın olmasının başlıca səbəbi son zamanlar bir çox şirkətlərdə əmək müqaviləsi ilə bərabər sığorta paketinin də təqdim olunması praktikasının yayılmasıdır. Ekspertin sözlərinə görə, bu pozitiv bir məsələdir:
"Tibbi sığortanın genişləndirilməsi yolunda belə addımlar öz müsbət nəticəsini verir və nəticədə artım sürətlənir. Biz icbari tibbi sığortaya da keçməliyik, amma bu uzun müddətdir ki, ertələnir. Yaxın gələcəkdə ilkin addımlar atılmalıdır.
Nəzərdə tutulub ki, bu proses gələn il həyata keçirilsin. İndiki durumda isə, şirkətlərin özlərinin belə bir addım atması, öncədən bu tipli müqavilələrin bağlanması və sığortanın müqaviləyə daxil edilməsi pozitiv dinamika yaradıb".