Havaların soyuması ilə yoluxma sayında artım ola bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir: "Azərbaycanda mövcud olan münaqişəli vəziyyət COVID-19-un yayılmasının qarşısını almaq üçün bəzi çətinliklər yaradır. Münaqişə və pandemiya nəticəsində zərər çəkmiş insanların ağrı-acısını bölüşürəm və onlara səbr diləyirəm.
Bu vəziyyətdə özümüzü qorumaq üçün nə edə bilərik? Bu günlərdə bir çox insan qrup halında küçələrə toplaşır və bu, COVID-19-un yayılması üçün risk yaradır. Mövcud şəraitdə ən azı 1 metr fiziki məsafə saxlamalı və ya maska taxmalıyıq. Əllərimizi tez-tez yumalı, asqıranda və öskürəndə ağzımızı dirsək büküyümüzlə və ya salfetlə bağlamalıyıq.
Aydındır ki, bir yerə toplaşarkən bu qaydalara riayət etmək asan deyil. Lakin bu sadə tədbirlər yoluxmanın qarşısını ala bilər. Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik.
Bu, yaxşı bir göstəricidir və bu qazancdan faydalanaraq daha da irəliləyişlər əldə etmək lazımdır. Gəlin, birlikdə mübarizə aparaq. Özümüzün və sevdiklərimizin sağlamlığı bizdən asılıdır".
Həkim-nevroloq Pərviz Axundov "Şərq"ə açıqlamasında bildirib ki, bir sıra ölkələrdə koronavirusa yoluxanlar arasında ciddi artım müşahidə olunmaqdadır. Həkimin sözlərinə görə, havaların soyuması ilə əlaqədar olaraq respirator xəstəliklər fonunda artım ola bilər:
"Avropada, Rusiyada son həftələr yoluxmada ciddi artım müşahidə edilir.
Hazırkı vəziyyətdə maksimum özümüzü qorumalıyıq. İlk növbədə qapalı, ictimai məkanlarda heç bir halda maskasız olmamalıyıq və məsafə saxlamalıyıq. Bunu həm də ona görə etməliyik ki, bu gün yaralı əsgərlərimiz var. Hazırda həkimlərimiz əsgərlərin müalicəsi ilə məşğuldurlar.
Hər bir kəs nəzərə almalıdır ki, tibbin imkanları müəyyən hədd çərçivəsindədir. Nə qədər ki, bizdə yeni alovlanma başlamayıb, ehtiyatı qəti şəkildə əldən verməməliyik".