“Buna görə də vətəndaşlarımız koronavirusla mübarizədə daha məsuliyyətli olmalıdır”
“Qoyulan sadə qaydaları şərtsiz əməl edilməlidir. Bu sahədə həmrəylik göstərməsək, bizi yenidən sərtləşdirilmiş karantin rejimi gözləyə bilər”
Ölkəmizdə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji durum getdikcə pisləşir. Görünür, son aylar əldə olunan uğurlar cəmiyyətdə arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləvi xarakter alıb.
Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) dünya ölkələrinə pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edib. ÜST rəsmiləri açıqlama verərək payız-qış mövsümündə virusa yoluxma faktının çoxalacağı ehtimalını irəli sürüb. Təəssüf ki, bu ehtimallar özünü doğruldur. Belə məqamda hər kəsin məsuliyyətli olması vacibdir.
Düşmənin növbəti təxribatı nəticəsində başlayan müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejimi qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Sherg.az”a bildirib ki, qış ayları yaxınlaşdıqca bütün dünyada COVİD-19 virusuna yoluxma dinamikasında eyni tendensiya müşahidə olunur. Assosiasiya sədrinin sözlərinə görə, əfsuslar olsun ki, məhz qış aylarında digər respirator xəstəliklər koronavirusla paralel olaraq vətəndaşlarımıza təhlükəni daha da artırır:
“Yoluxma riskini minimuma endirmək üçün vətəndaşlarımız artıq COVİD-19 virusu ilə yaşamağı öyrənməlidirlər. Bunun üçün 3 sadə qaydalara mütləq şəkildə əməl etmək lazımdır: maska taxmaq, sosial məsafəni gözləmək, şəxsi gigiyena qaydalarına riayət etmək.
Müşahidəmiz bunu göstərir ki, Bakı şəhərinin mərkəzində vətəndaşlarımızın böyük hissəsi qoyulan qaydalara əməl etsələr də, paytaxtdan kənara çıxdıqda mənzərə fərqli olur.
Nümunə olaraq Xırdalan şəhərini götürək. Müşahidələrimiz onu göstətir ki, Xırdalan şəhəri özü-özlüyündə çox sıx yaşayış massivi olduğu halda vətəndaşların böyük hissəsi maskadan istifadə etmir.
Xırdalan şəhərində tikilən yeni yaşayış massivlərində, insanların kompakt yaşadığı komplekslərdə apardığımız monitorinqlər zamanı aşkar olundu ki, məsuliyyətsizlik baş alıb. Liftlərə daxil olan sakinlər bir-birindən yaxın məsafədə olduğu halda maskadan istifadə etmirlər.
Ümumiyyətlə, burada sakinlərin az qismi maskadan istifadə edir. Parklarda maskasız insanların sıxlığında heç bir məsafəyə riayət olunmur. Sanki Xirdalanda yaşayan vətəndaşlara COVİD-19 virusuna qarşı mübarizə qaydaları aid deyil”.
A.Hüseynov ictimai nəqliyyatlarda da xoşagəlməz halların müşahidə olunduğunu vurğulayıb:
“Bu tip nümunələri çox gətirə bilərik. COVİD-19 virusu ilə mübarizə kompleks şəkildə olmalıdır. Müvafiq icra strukturları , tibb müəssisələri işçilərinin və vətəndaşların özlərindən ibarət nəzarət qrupları yaradılmalıdır. İctimaiyyətlə işlərin aparılması üçün gənclərdən ibarət könüllülər cəlb edilməlidir”.
Assosiasiya sədrinin qənaətincə, məhz vətəndaş məsuliyyətsizliyi hazırki vətən müharibəmizin gedişinə ciddi çətinliklər yarada bilər:
“Hər bir vətəndaş bilməlidir ki, hazırki müharibə şəraitində polislərimiz və xüsusən də həkimlərimiz əsgərlərimizin yanında olmalı və onlara dəstək göstərməlidirlər. Buna görə də vətəndaşlarımız daha məsuliyyətli olmalıdır.
Hər kəs bilməlidir ki, onun mənəvi borcu digər vətəndaşı qorumaqdır. Qoyulan sadə qaydaları şərtsiz əməl edilməlidir. Bu sahədə həmrəylik göstərməsək, bizi yenidən sərtləşdirilmiş karantin rejimi gözləyə bilər”.