İndi insanları ruh düşkünlüyündən çıxarmaq, ümidləndirmək lazımdır
Bir ilə yaxındır ki, insanlar özlərini sosial mühitdən təcrid edib. Hər gün evdə qalmaq insanları olduqca tənbəlləşdirib. Pandemiya səbəbindən uzun zamandır vaxtını evdə keçirən insanlar arasında hərəkətsizliyin yaratdığı stress, oturaq həyat tərzinə öyrəşmək, çox güman ki, gələcəkdə mənfi təsirlərini göstərəcək.
Dinamik həyata öyrəşən insanların birdən-birə evə qapanmağa məcbur olmasının zərərləri haqqında "Şərq"ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, pandemiya mənfi təsirlərini daha çox psixoloji cəhətdən zəif insanlarda büruzə verə bilər:
"Bütün dünyanı cənginə alan COVİD-19 infeksiyasının qarşısını almaq məqsədilə evdə qalmağın vacib olması hamıya məlumdur. Həmin durum müəyyən bir müddət üçün nəzərdə tutulub. Buna görə də insanlar həm fiziki, həm də psixoloji cəhətdən özlərini toparlamağı bacarsın, evdə qalaraq fiziki aktivliklərini artırmağa çalışsınlar.
Özlərini sosial mühitdən izolyasiya edən şəxslər evdə müxtəlif idman hərəkətləri ilə məşğul olaraq gümrah və sağlam qalmağa nail ola bilər. İçində olduğumuz vəziyyət insanların tənbəlləşməsinə əsas vermir.
Bəzi insanlar var ki, onlar ruhdan tez düşürlər. Həmin şəxslərdə koronavirus infeksiyasının yayılması səbəbilə depressiv hallar baş qaldıra bilər. Çünki belə adamlar psixoloji cəhətdən olduqca zəifdir. Bu halda əhalinin psixoloji reabilitasiyasına ehtiyac yaranır".
Professor pandemiyanın yaratdığı mənfi təsirlərin aradan qaldırılması üçün əhalinin maarifləndirilməsini tövsiyə edir:
"Əlbəttə, pandemiya bir gün bitəcək. Digər ölkələrdə olduğu kimi ölkəmizdə də insanların pandemiyadan sonrakı dövrdə psixoloji durumunun yaxşılaşdırılması üçün əhali arasında maarifləndirmə və təbliğat işləri aparmaq lazımdır. Hazırkı vəziyyətin insanlarda ruh düşkünlüyünə səbəb olmaması üçün onları buna inandırmaq, ümidləndirmək lazımdır".
Aytac Ali