Vaksin təhlükəlidirmi? – Real izah: “Yüzlərlə adam iflic olub” 

“Amerikada ölüm halı yaşanıb. Bunu da vaksinlərin növü ilə əlaqələndirirlər”

“Bəzi ölkələrdə peyvənd olmayanları işdən çıxarırlar”

“Cəmiyyəti zorla vaksin etmək doğru deyil, bu insanlığa qarşı cinayətdir”


Artıq bir müddətdir ki, ölkədə peyvəndləmə prosesi başlayıb. Vaksinasiya mərhələli şəkildə həyata keçirilir. Kimisi vaksin vurmağın immunitet yaradacağına inam bəsləyir, kimisi də virusa inanmadığı kimi vaksinin müəyyən təsirinin olacağını da düşünmür. Təəssüf ki, dünya ölkələrində vaksinasiya edilən insanlar arasında ölüm halları da yaşanıb.

Məsələn Avstriyada koronavirus əleyhinə peyvənd olanların 40-dan çoxu dünyasını dəyişib. Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Bildirilir ki, informasiyanı Federal Sağlamlıq Təhlükəsizliyi İdarəsi yayıb. Məlumata görə, dekabrın 27-dən fevralın 26-dək vaksinləşən insanlardan 41-də ölüm faktı qeydə alınıb. Peyvənd vurulanların bəzilərində isə əks-təsirlər müşahidə olunmaqdadır.

Yayılan hesabatda ölənlərin orta yaşının 86 olduğu və onlardan çoxunun əvvəllər ciddi xəstəliklər keçirdiyi yazılıb. Cəmiyyət də mövcud durumdan təlaş keçirir, peyvənd olmağı zəruri hesab etmir. Lakin TƏBİB vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru olmadığını bildirib. Ümumiyyətlə, bu infeksiya çox mübahisəli məsələdir.



Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu indiyənə qədər  müəyyən viruslara qarşı vaksinlərdən ölüm hadisəsi baş vermədiyini bildirib:

“COVİD-19 yeganə xəstəlikdir ki,  virusa qarşı vaksinləri təhlükəlidir. İsraildə yüzlərlə adam paralizi  olub, Amerikada ölüm halı yaşanıb. Bunu da vaksinlərin növü ilə əlaqələndirirlər.  Tibbi nöqteyi-nəzərdən insan vaksinasiya olmazdan əvvəl, ən azı 5 il heyvanların üzərində labarotoriya şəraitində sınaq keçirilməlidir. İndiki halda vaksinlərin kəşf edilməsi  ilə tətbiqi arasında  fasilə yoxdur. 

Vaksin xəstəlikdən daha çox ziyan verirsə, niyə peyvəndləmə aparılmalıdır?! Bəzi ölkələrdə peyvənd olmayanları işdən çıxarırlar. Cəmiyyəti zorla vaksin etmək doğru deyil, bu insanlığa qarşı cinayətdir”.

S.Cəlaloğlu deyib ki,  vaksinasiya iş adamları üçün gəlir mənbəyidir:

“Vaksin üçün milyardlarla pul xərcləyirlər. Bunu ticarət də adlandırmaq olar. İnsanların sağlamlığı ticarətlə məşğul olanları maraqlandırmır. Bəlkə də, vaksin adı ilə camaatı ölüm riskinə atırlar.

Demək olar ki, vaksinlər dayanıqlı immunitet yaratmır. Gərək hamı xəstəliyi yüngül keçirsin, sonra da təbii immunitet yaransın. Əks halda  vaksinasiyayla uzağa gedə bilmərik.

Onsuz da virus mutasiya olunur. Vaksin də hər hansı ştamma görə hazırlanır. Ortalıqda yeni virus varsa, ştamm da yoxdursa, ona qarşı immunitet yaratmır ki..

Burada mübahisəli məsələ çoxdur.  Vaksinasiyanın vacib və zəruri olduğuna inanmıram. Amma kim istəyirsə vaksinasiya oluna bilər”.