Xəbərdarlıq! - Artıq yeyiləndə dərd verir paxlava da...

“Şirniyyat dövrün bəlasıdır"

"Valideynlər 15-20 il əvvəl uşaqlarının çəkisizliyindən şikayət edirdilər”

“Adətən bayramdan sonra allergiya, mədə-bağırsaq şikayətləri artır”


“Şəkərbura- paxlava sezonuna start verildi... Allergiya, mədə-bağırsaq, qara ciyər problemi olan və piylənmədən əziyyət çəkən uşaqlara məhdudiyyət qoyun...qoz-fındıq, sitrus meyvələri də məhdud olmalıdı...”.



Bu sözləri özünün “Facebook” hesabında pediatr Vaqif Qarayev yazıb. Onun sözlərinə görə, normanı keçmək ciddi fəsadlara səbəb ola bilər. Həkim bunun səbəbini isə “Sherg.az”a izah etdi: 

“Şirniyyat dövrün bəlasıdır. Valideynlər 15-20 il əvvəl uşaqlarının çəkisizliyindən şikayət edirdilər. İndi isə artıq çəki məsələsi gündəmə gəlib. Çünki piylənmə əmələ gəlir. Bunun əsas səbəbi tərkibində kalori həddindən artıq çox olan qidalar, o cümlədən şirniyyatlardır. 
Ona görə də həmin qidalardan istifadə edərkən diqqətli davranmaq lazımdır. Xüsusilə piylənmədən, qaraciyər, mədə-bağırsaq problemlərindən əziyyət çəkənlərə, allergiyası olanlara çox şirniyyat yemək məsləhət görülmür. 

Başa düşürəm, bayram ildə bir dəfə olur. Uşaqlara tam qadağa qoymaq da olmaz. Amma sərhəddi gözləməkdə fayda var”.

V.Qarayev, həmçinin bildirdi ki, Novruzda qidalanmamıza qarşı həssas olmalıyıq: 

“Adətən bayramdan sonra allergiya, mədə-bağırsaq şikayətləri artır. Hətta çox şirniyyat yemək böyüklər üçün də təhlükəlidir. Onlarda şəkər koması ola bilər. Əslində bayram süfrəsində olan hər şeyi- yağlı yeməkləri, çərəzi, sitrus meyvələrini qədərində qəbul etməyəndə ciddi fəsadların meydana çıxması tam mümkündür. Odur ki, təkrarlayıram- diqqətli olaq”.