COVID-19-un Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev məlumat verib:
“Son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, öldürücülük faizinin də yüksəkliyi təsdiq edib.
Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 faiz yüksəlmiş virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha təhlükəlidir. Bu da xüsusən də Azərbaycan üçün heç xoşa gələn xəbərlər deyil”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Britaniya ştammı həddindən artıq yoluxucu xüsusiyyətə malikdir:
“Təbii ki, belə olan təqdirdə ölüm halları da çox ola bilər. Amma Britaniya ştammının öldürücü xüsusiyyəti digər mutasion formalardan çox deyil. Sadəcə olaraq yoluxma çox olduğun üçün ağırlaşma və ölüm halları arta bilər.
Bu mənada Britaniya ştammının 70 faiz daha öldürücü olduğu statistika olaraq qeyd olunub.
İngiltərədə Britaniya ştammına dair epidemioloji vəziyyət tam nəzarət altına alınıb, 20 milyondan çox insan vaksinasiya olunub. Vaksinasiyanın tam nəticələri hələlik bəlli deyil. Çünki təxminən 45 gün vaxt keçməlidir ki, immunitet formalaşa bilsin.
Hər halda ölkəmizdə vəziyyət nəzarət altındadır. Amma Mərkəzi Avropada, Türkiyədə və Azərbaycanda yoluxma sayında artan dinamikanı görürük. Ölkəmizdə yeni ştammın olması realdır. Çünki qloballaşan dünyada yaşayırıq və insanların miqrasiyası yolxumaya təkan verir”.