Nuran Abdullayev: "Çox dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir neçə ay öncə mənim və bir çox elm adamlarının inanmadığı və faciə törədəcək məsələ dörd elmi tədqiqatla öz təsdiqini tapdı"
"Hər kəs bu mərhələdə canlı ünsiyyətlərin minimuma endirilməsi üçün əlindən gələni etməlidir. Peyvəndləmə prosesi mütləq şəkildə sürətləndirilməlidir"
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Yeni ştamm barədə "Şərq"ə danışan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, COVİD-19-un Britaniya ştammının öldürücü olduğu artıq dəfələrlə sübut edilib:
"Çox dərin təəssüf hissi və ciddi narahatlıqla bildirmək istəyirəm ki, bir neçə ay öncə mənim və bir çox elm adamlarının inanmadığı və faciə törədəcək məsələ dörd elmi tədqiqatla öz təsdiqini tapdı. Bu qədər qısa zamanda virusda belə bir dəyişikliyin olması elmi tərəfdən nə qədər az ehtimal olunan olduğunu eksperimental viroloqlar daha yaxşı bilər. Bu cür elmi tədqiqatlar çox incə elmi məqamlar nəzərə alınaraq dəqiq statistik hesablamalarla aparılmışdır. Tədqiqatlar İngiltərənin "London School for Hygiene and Tropical Medicine" və Danimarkadakı "Nature", "British Medical Journal" kimi nüfuzlu jurnallarda çap edilib.
Bu gün aktiv şəkildə elmlə məşğul olan biri kimi deyə bilərəm ki, bu cür elmi tədqiqatlar səviyyəsində elmi məqalə hazır etmək Almaniya sistemində belə sadə məsələ deyil. Bu elm adına böyük uğurdur ki, bu nəticələri əldə etmək olur. Bizlər də bundan mütləq yararlanmalıyıq. Azərbaycanda da Britaniya mutantları artıq yayılıb.
Bu, məsələdən çox ciddi şəkildə narahat olmağa səbəbdir. Bunu başa düşən hər kəs bu mərhələdə canlı ünsiyyətlərin minimuma endirilməsi üçün əlindən gələni etməlidir. Peyvəndləmə prosesi mütləq şəkildə sürətləndirilməlidir. Qeyd edim ki, mən 2 ay əvvəl, hələ yanvar ayında bu ştammın Azərbaycanda olduğunu deyən ilk mütəxəssisəm".
N.Abdullayev qeyd edib ki, virusun Britaniya ştammının qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatlarla tanış olduqdan sonra elmi şərhlərində bildirib ki, onun yoluxduruculuq qabiliyyəti daha yüksəkdir:
"Belə ki, yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 faiz daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü. Hətta ilk tədqiqatlarda hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsidir. Amma təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqlədi. Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVİD-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır".
N.Abdullayev bildirib ki, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb:
"Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6-dan 0,9 faizə qalxıb. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 faizdən 0,14 faizə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 faizdən 7,2 faizə qalxmasına rast gəlinib. Yəni risk təxminən 53 faiz artıb. 85 yaşdan yuxarı olanlarda isə ölüm riski 16,7 faizdən 24,3-ə qalxmışdır. Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş çoxaldıqca ölüm riski dəfələrlə çoxalır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64 faiz qalxmasını görürük. Artıq bu rəqəmlərlə vəziyyətin bütün dünyada, o cümlədən Azərbaycanda da nə qədər ciddi olduğu müşahidə olunmaqdadır. Bunlar elmi faktlardır və mənim, eləcə də bir çox alimlərin gözləmədiyi, amma reallığı əks etdirən faktlardır. Burada artıq kimin inanıb-inanmadığının və ya nələr danışdığının önəmi yoxdur. Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 faizə yüklənmiş virus dayanıb. Bu onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha da təhlükəlidir. Bu da heç xoşa gələn xəbərlər deyil, xüsusən də Azərbaycan üçün, həm bu bayramqabağı, həm də önümüzdəki aylarda".
Azərbaycanlı alim bu səbəbdən əhaliyə müraciət edərək diqqətə çatdırıb ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidir:
"Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, biri-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər. Qeyd edim ki, bu cür elmi tədqiqatların bu qədər statistik dəqiqliklə aparılması hər bir ölkədə, hətta bu gün Almaniyada da aparılması sadə deyil. Bu cür tədqiqatların nəticələrini zamanında bilmək və bu səviyyədə tədqiqatları icra edərək pandemiya ilə üst səviyyədə mübarizə aparmaq Azərbaycanın da səhiyyə siyasətinin məqsədi olmalıdır. Çünki Azərbaycanda bunu etməyə kifayət qədər potensial var. Növbəti böyük dalğa təhlükəsi Azərbaycan üçün çox real göünür. Onu da qeyd edim ki, bunun artıq bizim üçün neçənci dalğa olmasını bilmək öz əhəmiyyətini itirib. Problem ondadır ki, bu gün gördüklərimiz bunun heç də uzaqda olmadığını göstərir. Səbəblər çoxdur, təbii ki, bunun həll yolları da var. Azərbaycanda insanların Çin peyvəndinə qarşı çox ciddi şübhəsi var. Bu da yeni dalğa məsələsində ciddi rol oynayacaq. Təbii ki, bu çox narahatedicidir. Bu məsələdə isə müvafiq qurumların öz işlərini təcrübəsiz təşkil etməsi çox ciddi rol oynayır. Onların "ekspert" dedikləri və ya elə ekspertlərin və elmi işçilərin borcudur ki, ən son elmi nəticələri xalqla açıq şəkildə müzakirə etsin. Xalqın da həmin o şəxslərin böyük qismini ciddiyə almamasının bir neçə səbəbi var ki, o səbəblərin bir çoxu da əsassız deyil. Digər vacib məsələ mediada işıqlandırılan fikirlər və yazılardır, daha doğrusu, bunları səsləndirən şəxslərdir. Vacib məsələlər qalıb kənarda, şəxslər öz fərziyələrinə əsasən fikirlər irəli sürürlər və bunun ən doğru olduğunu xalqın önündə iddia edirlər. İzlədiyim qədər Azərbaycanda bir çox insanlar bunun ciddiyyətinin fərqinə varmırlar və bəziləri təəssüf ki, hətta sərt karantin rejimlərinin faydasızlığını iddia edir. Bu da Azərbaycanda növbəti böyük dalğanı əmələ gətirə bilər".