Bağırsaq xərçənginin dərmanı albuxara imiş


 Diyetoloqların fikrincə albuxara ürək və bağırsaq xəstəlikləri riskini xeyli azalda bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu quru meyvə həmçinin artıq çəkidən azad olmağa kömək edir.

Ekspertlər bildirirlər ki, quru gavalı liflə, A, C, K vitaminləri, kalsium, maqnezium, kalium və sink kimi minerallarla zəngindir.

Bu maddələr isə orqanizmdə qan dövranı və əzələlərin yığılıb-açılmasına qədər müxtəlif funksiyaların yerinə yetirilməsinə kömək edir. Bundan əlavə albuxara həmçinin iltihabi proseslərin qarşısını alan antioksidantlarla da zəngindir.

"Albuxaranın tərkibində çoxlu lif var ki, bu da bağırsaq qəbzliyini aradan qaldırır. Bu quru meyvədə həmçinin çoxlu miqdarda sorbit və xlorogen turşusu da var. Bu isə ifrazatı yaxşılaşdıran maddələrdir", - deyə diyetoloq Erin Kenni bildirib.

Digər diyetoloq Lesni Bonçi isə bildirir ki, albuxara təkcə qəbzliyin qarşısını almır. O həmçinin yoğun bağırsağın xərçənginin də qarşısını alır. Bundan əlavə onun tərkibindəki manqan və mis antioksidant təsirə malikdir və buna görə də sağlam hüceyrələri xəstəliklərdən qoruyur.

Ekspertlər onu da bildirirlər ki, quru meyvələr çox kalorili olduğuna görə onların qəbulu bədən quruluşunun dəyişməsinə də səbəb ola bilər. Buna baxmayaraq tədqiqatlar göstərir ki, albuxaranın tərkibində olan lif çəkini normada saxlamağa kömək edir. Liflər həmçinin aclıq hormonu sayılan qarelinin azalması hesabına iştahanı küsdürür və pis xassəli xolesterinin qana keçməsinə mane olur.

Xəstəliklərə nəzarət mərkəzi mütəxəssislərin qənaətinə görə, albuxara həm də ürək üçün xeyirlidir. Belə ki, onun tərkibində olan kalium və antosianlar arterial qan təzyiqini azaldır.

Lakin albuxaranın əks göstərişləri də var: həddən artıq yeyildikdə albuxara köpmə, yel və hətta diarreyaya səbəb ola bilər. Ona görə də gündəlik cəmi bir-iki albuxara yemək məsləhətdir.

Bundan əlavə çoxlu miqdarda albuxara yeyilməsi qanda şəkərin miqdarını da artıra bilər. Odur ki, ekspertlər şəkər diabeti zamanı bu dadlı meyvənin qəbulunu azaltmağı məsləhət görürlər.