"Virus yuxarıdan gələn qar topası kimidir, qarşısını almaq olmur"
Koronavirusun yeni simptomları aşkarlanıb. Bu barədə “Sherg.az” “Haberglobal” a istinadən xəbər verir. Belə ki, həkim, professor Oğuz Uzun baş gicəllənməsi, baş ağrısı və şüur pozulması kimi halların da COVİD-19 əlaməti ola biləcəyini deyib. Onun fikrincə, tam qapanma da müzakirə mövzusudur.
Həkim, həmçinin yoluxanların sayının artdığını bildirib:
“Biz, həqiqətən, xəstələri çox yaxşı müalicə edirik. Amma müalicə kifayət etmir. Virus yuxarıdan gələn qar topası kimidir. Qarşısını almaq olmur. Xəstələr evdə özlərini təcrid etmirlər. Ailə üzvlərini yoluxdururlar. Evdə özlərini təcrid etməli olanlar küçəyə çıxırlar, gəzirlər, şəhərlərarası gediş-gəliş var. Halbuki koronavirusdan qorunmağın ilkin yolu özünütəcriddir”- deyə, həkim əlavə edib.
O. Uzunun sözlərinə görə, test sayını artırmaq lazımdır:
“Bir vaxtlar Samsun şəhərində gündəlik yoluxma 100 idisə, indi 8 dəfə çoxdur. Odur ki, əlamətlər müşahidə edilməyən insanları da testcən keçirmək və xəstəliyi gizli keçirənləri aşkarlayaraq onları təcrid etmək lazımdır. Britaniya ştammı fərqlidir. Yoluxma qabiliyyəti çox olmaqla yanaşı, həmçinin klinik göstəricilərində də müxtəliflik var. Son vaxtlar COVİD-19-a daha çox gənclərdə rast gəlinir. Və bu nevroloji narahatlıqlarla müşayiət olunur”.