6 xəstəliyi bilirdinizmi?

Günəş şüaları gözlərdə çox ağır fəsadlar yaradır

Yay mövsümündə hər kəs mümkün qədər çox günəşlənməyə, bununla da D vitamini depolamağa çalışır. Lakin hər şeydə həddin aşılması əks təsir yaratdığı kimi, günəş şüalarının aşırı təsirinə məruz qalmaq da orqanizmdə bir sıra problemlərə yol açır. Bu dəfə günəş şüalarının gözlərə mənfi təsirindən danışacağıq.

“Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, göz xəsətəlikləri professoru doktor Evren Baca günəş şüalarının gözlərdə əmələ gətirdiyi 6 göz xəstəliyi barədə xəbərdarlıq edir. Göz xəstəlikləri hansılardır və gözlərimizi qorumaq üçün nə etməliyik?  

1. Kornea yanığı 

Günəş şüalarının göz səthini örtən “kornea” adlı şəffaf təbəqəsinin zərər görməsi, “kornea yanığı” adlanır. Əgər bu təbəqə həddindən artıq günəş şüalarının təsirinə məruz qalıbsa, 6-12 saat sonra gözdə şiddətli ağrı, iynə batması effekti və sulanma yaranır. Müalicədə gecikmə görmə qabiliyyətinin itirilməsiylə nəticələnə bilər. Kornea yanığı daha çox səhər saat 08:00-10:00 arası və günorta 14:00-16:00 arası yarana bilir. Ona görə də məhz günün bu saatlarında günəş şüalarından qorunmaq lazımdır. 

2. Katarakta 

Katarakta göz bəbəyinin arxasında yerləşən və görmədə vacib rol oynayan büllurun şəffaflığını itirərək bulanıqlaşmasıdır. Günəş şüalarının aşırı təsiri ilə göz büllüru şəffaflığını itirə bilər. Günəş şüalarının təsiri ilə kataraktanın daha çox yaşlı insanlarda yarana biləcəyi bildirilir, lakin gənc yaşlarda da baş verə bilər. Tədqiqatlar göstərir ki, uzun müddət günəş şüalarına məruz qalan insanlarda katakartanın yaranma riski 3.5dəfə daha artıqdır.  

3. Gözdə sarı nöqtə xəstəliyi

Yaşla əlaqədar yaranan sarı nöqtə xəstəliyi günəş şüalarının gözdə əmələ gətirdiyi bir başqa ciddi problemdir. Gözün görmə mərkəzi – bəbəklərdəki sarı nöqtənin əmələ gətirdiyi sahə günəşin ultrabənövşəyi şüalarının mənfi təsirinə məruz qalır. 

4. Göz səthində ət böyüməsi 

Bu, göz ağını əhatələyən pərdənin günəş şüalarının mənfi təsirinə uğrayıb qalınlaşmasıdır. Buna xalq arasında “göz səthində ət böyüməsi” də deyilir. Qızartı, ağrı, batma və getdikcə yüksək astiqma xəstəliyinə səbəb ola bilər. Bu cür hallara Günəş istisinin daha bol olduğu bölgələrdə rast gəlinir.  

5. Göz qapağı xərçəngi 

Göz qapaqları günəş şüalarından zərər görə bilər. Günəş şüaları göz qapaqlarında qarışıq kütlələrə və ya bədxassəli şişlərə yol aça bilər. Bu zaman göz qapağındağı şişlər əməliyyatla götürülür. Amma əməliyyat zamanında aparılmalıdır. 

6. Göz allergiyası

Göz allergiyası, tibdəki adıyla göz konyuktiviti, gözlərdə yanma, iynə batması effekti, qaşınma, sulanma, göz ətraflarında şişkinlik və qızartılıqla müşahidə olunur. Bu, görməni pozan, görmə qabiliyyətinin getdikcə azalmasına səbəb olan xəstəlikdir. Sadalanan xəstəliklər nəzərə alınmaqla yay mövsümündə günəş şüalarından qorunmaq məsləhətdir. Bunun üçün də yalnız sertifikata malik günəş eynəkləri taxılmalıdır. Eynəklərin gözləri və göz ətrafını yaxşıca tutması gərəkdir. 

Hazırladı: Məlahət