HƏYƏCAN: Hər il Azərbaycanda qan təzyiqindən 24 min insan ölür


"İnsanların 99 faizi oturaq həyat tərzi keçirir. Fikir vermisiniz, avtobusa, metroya minənlərin gözləri əyləşməyə yer “axtarır”. Ayaqüstə durmağa da taqətləri qalmayıb, insanların"

Başqa bir səbəb duzlu və yağlı yeməklərdir. Əvvəl belə deyildi, indi, yağlı yeməkdən yeyib, ya televizor, kompüter qarşısında əyləşirlər, ya da smartfonla “oynayırlar”


Azərbaycanda hər il hipertoniyadan (qan təzyiqinin yüksək olması) 24 min insan ölür. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, hipertoniya hər il ölkə iqtisadiyyatında 600 milyon manatlıq itkiyə səbəb olur. H.Harmancı daha bir ilginc məlumat açıqlayıb: "Təkcə Şamaxıda 19 min hipertoniya xəstəsi var. Bunlardan sadəcə 2400-ü xəstə olduğunu bilir və müalicə alır. Digərləri ölüm riski qrupuna daxildir". ÜST rəsmisi qeyd edib ki, bu baxımdan ilkin səhiyyə xidməti çox önəmlidir. 

Həyat tərzimiz risk faktorları ilə doludur 

Mütəxəssis rəyi ilə tanış olmazdan öncə hipertoniya nədir, əlamətləri, səbəbləri hansılardır, qısa izahı təqdim edirik.  

Hipertaniya – tibbi adıyla arterial hipertenziya – arterial təzyiqin 140/90 mm.civə sütunundan yuxarı qalxmasıdır. 
Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya hipertoniya xəstəliyinin ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti arterial təzyiqin qalxmasıdır.

İkincili arterial hipertenziya isə simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.
Simptomatik hipertoniyaya böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. daxildir. Endokrin (hormonal) mənşəli hipertenziya (qalxanabənzər vəz xəstəlikləri (zob), oral kontraseptivlərin qəbulu və s.), sinir mənşəli hipertenziya da var (kəllə-beyin travmaları və s.). 

Hipertoniyanın yaranmasında həyat tərzi ilə bağlı risk faktorları iştirak edir. Məsələn, duzlu və yağlı qidaların həddindən artıq qəbulu, qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya ümumiyyətlə olmaması, spirtli içkilərdən istifadə, fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi, həddindən çox stresli həyat tərzi, siqaretdən asılılıq. 

Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə də sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorları da mövcuddur. Bunlara şəkərli diabet, qanda xolesterinin yüksək səviyyəsi, artıq çəki və piylənmə daxildir. 

Qan təzyiqindən ölüm halları artıb

Həkim-infeksionist Mərdan Əliyev ÜST nümayəndəsinin açıqlamasında narahatedici məqamlar olduğunu dedi: 
- Qan təzyiqi xəstəliyində birinci növbədə genetik faktorlar üstünlük təşkil edir. Yəni hipertoniya irsi, nəsildən gələn olur. Digər faktorlar təkanvericidirlər. Sual olunur ki, qan təzyiqi xəstəliyi, bu xəstəlikdən ölüm halları niyə artıb? 50 il əvvəl xəstəliyə bu qədər rast gəlinmirdi. Cavabı sadədir, eyni zamanda narahatedicidir. Baxın, mən kənddə böyümüşəm. Mənim babam kənddən rayon mərkəzinə getmək üçün səhər evdən çıxırdı, 2 kilometr yolu piyada gedirdi, sonra yolun hansısa hissəsində rayona gedən avtobusa minirdi. Bağda işləyirdi, tarla əkirdi, becərirdi. Həyətdə, çöldə çalışırdı, odun doğrayırdı, ot biçirdi, əkin suvarırdı… O qədər iş-güc olurdu ki. Ümumən insanlar fiziki cəhətdən aktiv idilər. İndi insanlar hansı fiziki aktivliyə malikdir? İndiki insanlar evlərinin yaxınlığında olan marketə də maşınla gedirlər. Avtomobili marketin düz qarşısına sürürlər, ordan da aldıqları ərzağı, malları maşına yükləyib evə qayıdırlar. İnsanlar hərəkət etmir. İnsanların 99 faizi oturaq həyat tərzi keçirir. Fikir vermisiniz, avtobusa, metroya minənlərin gözləri əyləşməyə yer “axtarır”. Ayaqüstə durmağa da taqətləri qalmayıb, insanların. Çünki o qədər oturaq həyat tərzi keçirirlər ki, bədənin aktivliyini itirib artıq, tənbəlləşib. İnsan normal halda gündə 10 kilometr piyada gəzməlidir. Hesablasaq, gün ərzində bəlkə heç 1 kilometr də piyada gəzmirik. Amma 50 il əvvəlki insanlarımız gündə 50-60 kilometr piyada gəzirdilər. Sonra, digər əsas faktor duzlu və yağlı yeməklərdir. Bunu deyəndə, çox adam o saat qayıdır ki, “əvvəlkilər də yağlı yeyirdi, niyə xəstələnmirdilər?”. Bayaq dedim, babam yağlı ət yeyirdi, durub bağda işləyirdi, yediyi həzmə gedirdi, yəni yağların yanma prosesi, əriməsi gedirdi. Ona görə də piylənmə, kökəlmə olmurdu. Amma indi, yağlı yeməkdən yeyib, ya televizor, kompüter qarşısında əyləşirlər, ya da smartfonla “oynayırlar”. Qəbul edilən yemək də həzmə getmir, orqanizmdə depolanıb qalır. Duzlu yeməklər də həmçinin, qan təzyiqinin qalxmasına səbəb olan faktorlar sırasındadır. İnsan normadan artıq duz qəbul etdikdə (yeməyin tərkibində və ya şoraba formasında) orqanizmdə suya tələbat artır. Tələbat artdığı üçün insan normadan artıq su içməyə başlayır. Artıq miqdarda olan bu su qanda suyun miqdarını artırır, nəticə etibarilə bədəndə dövr edən qanın miqdarını artırmış olur ki, bu da hipertoniyaya – qan təzyiqinin artmasına gətirib çıxarır. Ona görə də qan təzyiqi yüksəlmiş insanlara sidikqovucu qəbul etmək məsləhət görülür ki, əlavə su bədəndən xaric olsun, qan təzyiqi normallaşsın. Bədəndə məsələn, qanın miqdarı 5 litr olmalıdır, 5,5 həddində artıq təzyiq yüksəlməsi baş verir.                

Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən ölçmə zamanı aşkarlanır. Əlamətlər olduqda isə bu adətən özünü başağrıları (təzyiq çox yuxarı qalxanda), başgicəllənmə, ürəkdöyünmə, ümumi halsızlıq şəklində göstərir.

Bundan başqa arterial təzyiqin qalxması digər orqanların (göz, böyrəklər, beyin, ürək və s.) fəaliyyətinə mənfi təsir göstərir və onları zədələyir.
Simptomatik hipertoniyanın digər əlamətləri əsas xəstəlikdən asılıdır. Belə ki, böyrək mənşəli hipertenziyada beldə ağrılar ola bilər və sairə. 
M.Əliyev qeyd etdi ki, qan təzyiqi ürək-damar xəstəliklərindən daha təhlükəlidir: 
- Ürəyində hər hansı problem olan adam uzun ömür sürə bilir. Amma qan təzyiqi varsa, bu, böyük riskdir. Bəzən deyirlər ki, filankəs infarkt oldu, ürəyi dayandı… çox zaman bu insanlar ürək xəstəliyindən deyil, qan təzyiqinin yüksəlməsindən keçinirlər. Ürək çatışmazlığı olan insanın qan təzyiqi yoxdursa, risk daha azdır. Ona görə də ilk növbədə təzyiqi normada saxlamağa çalışılmalıdır. 

Niyə Şamaxı? 

ÜST nümyəndəsinin Şamaxı haqqında "təkcə Şamaxıda 19 min hipertoniya xəstəsi var. Bunlardan sadəcə 2400-ü xəstə olduğunu bilir və müalicə alır. Digərləri ölüm riski qrupuna daxildir", açıqlaması da suallar doğurur. Niyə məhz Şamaxı? Qan təzyiqi xəstəliyində insanların harada yaşaması, harada işləməsinin də əhəmiyyət daşıdığını xatırlasaq, bu faktorlar xəstəliyə yaxalananların say çoxluğuna hansı formada təsir edir? 

Həkim bildirdi ki, iqliminə görə Şamaxının havası sərin və qurudur. Bu da ümumiyyətlə, insan orqanizmi üçün əlverişli hesab edilir. İnsanları adətən rütubətli, nəmli hava narahat edir. M.Əliyev hesab edir ki, Şamaxını, görünür, sadəcə bölgələr içindən seçiblər: 

- Qan təzyiqi xəstələrinin sayı etibarilə araşdırma aparılsa, Bakı birinci yerdə olacaq. Bakının havası ağırdır, rütubət əmsalı böyükdür. Bakı böyük meqapolisdir, burda insanlar daha az hərəkətlidir, çünki işə gedib-işdən gəlirlər. Avtomobillər, ictimai nəqliyyat da öz yerində. Düşünürəm ki, Şamaxıda qan təzyiqi xəstələrinin say çoxluğu genetik amillərlə bağlıdır. Yəni genetik meyillilikdən irəli gəlir. İkinci səbəb, məncə, Şamaxının başqa bölgələrə nisbətən kənd təsərrüfatı, əkinçilik, maldarlıqda az inkişaf etməsidir. Şamaxı az hərəkətli zonalara daxildir. Məsələn, Aran rayonlarında, baxmayaraq ki, hava çox isti olur, bu bölgələrin insanları çalışqandır. Əkin-biçinlə, heyvandarlıqla məşğuldurlar. Fiziki aktivdirlər. Şamaxı demək olar şəhər tipinə aiddir. Amma yenə də mən ÜST-nin Azərbaycanın bütün regionları üzrə belə bir təhqiqat apardığını zənn etmirəm. Bəlkə onlar yalnız Şamaxı üzrə tədqiqat aparıblar və belə bir mənzərə ortaya çıxıb. Xəstəliklərin yayılmasında iqlim şəraiti yox, həyat tərzi və genetik amillər əsas rol oynayır.