Bir az gözləməliyik

Bütün ehtimallara qarşı ehtiyatı əldən vermək olmaz

“Delta” ilə bağlı şayiələr də çoxdur. Bu ştammın tam elmi sübutu hələ yoxdur"


Türkiyədə koronavirusun “Delta plus” ştamı da tapıldı. Səhiyyə naziri Fəxrəddin Qoca ölkənin 3 bölgəsində, o cümlədən İstanbulda “Delta plus” ştammına yoluxma faktının qeydə alındığını açıqlayıb. “Delta” ştammına yoluxma sayının 284-ə yüksəldiyini, artıq 30 bölgədə qeydə alındığını deyib. 
“Koronavirusun “Delta” ştamının Azərbaycana gəlmə ehtimalı var”. 

Bu fikirləri isə TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib: “İki ay bundan öncə Hindistandan birbaşa və ya əvvəl sözügedən ölkədə olub, ikinci ölkədən Azərbaycana gələn vətəndaşlar sərhəddə təkrar COVİD-19 testindən keçib, 14 gün ərzində özünütəcrid rejimində gözləməlidir. Bu kimi tədbirlər “Delta” və ya “Delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər. Buna baxmayaraq digər ölkələrlə təcrid olunmadığına görə, “Delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var”. 

Bundan əvvəl də TƏBİB, əhalinin  “Delta” ştamı ilə bağlı narahatlığını nəzərə alaraq açıqlama vermişdi ki, koronavirusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə mütəmadi tədqiqatlar aparılır. Tədqiqatların nəticəsinə görə, bu günə kimi ölkədə “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmadığı müəyyən olunub.

Bununla belə, TƏBİB epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edir. Qeyd olunur ki, koronavirusun “Hindistan ştammı”na indiyədək dünyanın 80-dən çox ölkəsində rast gəlinib. Bu ştamm artıq qonşu Gürcüstanda da qeydə alınıb. Və ölüm halları da var. “Hindistan ştammı” koronavirusun digər ştamlarına nisbətən daha sürətlə yayılması ilə fərqlənir. Eynilə Böyük Britaniya ştammı kimi.  Mütəxəssislər COVİD əleyhinə tətbiq olunan vaksinlərin eyni qaydada bu ştamma qarşı da effektiv olduğunu bildirirlər. Lakin “Delta”nın Azərbaycana qonşu və daha sıx təmasda olduğumuz ölkələrdə getdikcə çox yayılması təhlükənin yaxında olduğu qənaəti yaradır. Məlum olduğu kimi qardaş Türkiyədə “Delta” və “Delta plus” ştamlarının mövcudluğu rəsmən təsdiqlənib. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca qeyd edib ki, ölkənin 30  bölgəsində bu ştama yoluxma faktları qeydə alınıb.  Yoluxma sayı 224-dən 284-ə yüksəlib. Koronavirusun “Delta” ştammı daha çox böyük şəhərlərdə və əsasən İstanbulda qeydə alınıb. Nazir “Delta” variantının Rusiyadan gələn turistlərdə də çox müəyyən edildiyini deyib və bu səbəbdən sərt tədbirlərə əl atıldığını vurğulayıb: “Hər vətəndaşdan, o cümlədən Rusiyadan gələnlər də daxil, 48 saat və ya 72 saat əvvəldən antigen və ya digər testlər alınır, lakin bunu yetərli saymırıq. Və seçmə üsulu ilə vətəndaşlardan test nümunələri alınır. Əgər “Delta”ya yoluxma sayında sıçrayış olduğu təsbit edilərsə, hansı  sərt karantin tədbirlərinə əl atılacağı bəllidir”.   

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Delta”nın Azərbaycana  xaricdən gəlmə ehtimalı var:

“Ona görə də ölkəyə səfər edənlər, başqa bir ölkəyə gedib təkrar Azərbaycana qayıdanlar, xarici ölkələrdən Vətənə dönənlər dönüş sonrası ciddi yoxlanmalıdır. Yaxma testinin alınması məsləhətdir, bundan əlavə yaxşı olar ki, həmin şəxslər 14 gün nəzarət altında olsunlar. Heç olmasa, minimum 10 gün. Təyyarə reysləri məhdudlaşdırılmalı, ölkəyə gəliş-gedişə məhdudiyyətlər qoyulmalıdır.  Məhz “Delta” ştammı təhlükəsini nəzərə alaraq Türkiyə bir sıra təyyarə reyslərini müvəqqəti dayandırıb. Biz də bu növ qabaqlayıcı tədbirlər həyata keçirməliyik”. 

M.Əliyev bildirdi ki, “Delta” ştammı “Covid”in Böyük Britaniya variantı kimi sürətlidir – yoluxma sürəti böyükdür, lakin “Delta”nın patogenliyi B.Britaniya variantından daha ağırdır: 

- “Delta”ya “Hindistan” ştammı da deyilir, çünki ilk dəfə məhz bu ölkədə tapılıb. Amma “Delta” B.Britaniya variantından ağır – demək olar, 60 faiz daha ağır ştammdır. “Delta” ilə bağlı şayiələr də çoxdur. Bu ştammın tam elmi sübutu hələ yoxdur. Vaksinlərlə bağlı da müxtəlif rəylər verilir. Vaksin istehsalçılarının hərəsi öz vaksinini tərifləyir və “Delta” ştammına qarşı effektiv olduğunu deyir. Lakin bunlar da hələ sübut olunmayıb. Ona görə də ən doğru yol, karantin qaydalarına ciddi riayət etmək, yoluxma sayının azalmasına güvənib riskə getməməkdir.  Bir az gözləməliyik. Bu ştamm haqqında elmi tədqiqatlar dəqiqləşsin, yoluxduruculuğu, xəstəliyin gedişatı barədə aydın elmi təhlillər ortaya qoyulsun, sonra arxayınlaşaq. Tövsiyəm budur ki, əhali özünü qorusun. Hər ehtimala qarşı ehtiyatı əldən verməməliyik.