Köhnə viruslar da yenidən baş qaldırdı


İstirahətə gedənlərin əksəriyyəti indi xəstəxanaların dəhlizlərində qalıb

Nazirlər, müavinləri isə öz biznesləri ilə məşğuldur, kabinetlərdə oturub, dövlətin pulunu göyə sovururlar

Qusma, qızdırma, ishal, halsızlıq, diareya əlamətləri özünü göstərməyə başlayır 

Hovuzlar, dəniz suyu, sahil mikrob mənbəyidir. Və bu baxımdan təhlükəlidir. Uşaqlar daha çox çirkli su mənbələrindən yoluxurlar


“Giley-güzarı sevmirəm. Pozitiv olmağa çalışıram. Amma son üç günü uşaqlarımla təcili yardım maşınları və xəstəxana koridorlarında qalmağıma üsyan edirəm. Evindən sağlam istirahətə gedən, dağda-dərədə təmiz hava alacağını zənn edib yüksək hərarət və mədə-bağırsaq pozuntulu naməlum virusla başbaşa qalan təkcə mənəm?! Biz heç, gərək uşaqlara toxunmazdız...” Bu ifadələr “Hamida Rustamova” adlı sosial şəbəkə istifadəçisinin statusunda yer alıb. Görünür ki, xanım istirahətə gedib, amma peşman qayıdıb. Çünki körpələri xəstələnib. Bu statusun ardınca digərləri də gəlir. Sosial şəbəkə istifadəçilərinə sanki bir qığılcım lazımmış. Əksəriyyət eyni problemdən şikayətlənir, uşaqlar arasında xəstəliklərin artdığını yazırlar, səhiyyə sistemini də sərt tənqid edirlər:  

Sağlam gedib xəstə qayıdanlar

Elnurə Abuşova: Statuslarda oxuyuram, əksər körpə uşaqlar və uşaqlarıyla təmiz hava üçün istirahətə gedənlərin əksəriyyəti indi xəstəxana dəhlizlərindədir. Aralarında dənizə, hovuza girməyənlər də var. Masallı, Qəbələ və digər rayonlar. Nə baş verir? Niyə ölkənin Baş pediatrı mətbuat konfransı edib açıqlama vermir? Niyə rəsmi səhifələrində valideynlərə ürək-dirək və ev şəraitində yardım üçün göstərişlər verilmir? Səhifələri elə “Covid” statistikası üçündü? Havaya özləri virus buraxan adamlar kimi vəziyyətdən məmnundular. Yəqin bəhanə edib bütün uşaqları peyvəndləyəcəklər. Bu vəziyyət səhiyyədəkilərin hamısına sərf edir. Həm həkim-tibb bacılarının cibləri dolur, həm apteklərin və analiz laboratoriyalarının kassası. İnsanın sağlamlıq faktoru səhiyyədəkiləri düşündürən ən axırıncı məsələdir, bəlkə heç söz mövzusu da deyil...

Aydın Abışzadə: Xanım, bu ölkədəki bütün nazirliklərin işi yarıtmaz səviyyədədi. Nazirlərin və müavinlərinin gündəlik məşğul olduqları iş öz biznesləridir. Kabinetlərində oturub, dövlətin pulu ilə, maşınları ilə öz işlərini görurlər. 

Arifə Əliyeva: Biz 10 gün Nabranda qaldıq, şükür, uşaq xəstələnmədi. Vallah, valideynlər də diqqətli olmalıdırlar. Mən Gülayın saçını yaş saxlamadım. Amma, orda bəzi uşaqlar tez xəstələndi.
Seva Salayeva: İcbari tibbi sığortanın “Qaynar xətt”i işləmir. Neçə dəfə şikayət etmişəm, heç veclərinə də deyil. Elə bil belə də olmalıdır. Gücləri də ancaq millətə çatır. “TƏBİB”in, İTS-nin fəaliyyəti sıfırdır. Heyif, ayda 2 faiz onlara keçirirəm. Elə otursunlar, siz demiş, statistika ilə məşğul olsunlar...
Hamida Rustamova: Qubanın Qımılqazma, Qələdüz, Qusarın - ad çəkməyəcəm, məşhur istirahət mərkəzində olduq. Təzə qidalar qəbul etdik. Dənizə, hovuza girmədik. Bundan bir müddət öncə cənub zonasında olduq. Heç bir problem olmadı. Amma şimaldan xəstə gəldik.
Təranə  Alməmmədova: Qəbələyə gəlməyən millət yoxdur, elə olacaq da… 
Baş pediatr izah verdi 

Sosial şəbəkə istifadəçilərinin narazılığı, tənqidləri öz yerində. Bu arada Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov son zamanlar uşaqlar arasında hərarət, mədə-bağırsaq pozulması, ağzın yara tökməsi kimi əlamətlərlə özünü büruzə verən xəstəliyin yayılması və bunun dəniz vasitəsilə keçməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Baş pediatr APA-ya açıqlamasında yay fəslinə aid bəzi virusların olduğunu, onların daha sıx yayıldığını bildirib: “Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq virusu dediyimiz virusdur. Bu, may ayında başlayaraq sentyabra qədər sıx yayılır. Bu xəstəlikdə səpkilər, hərarət, iştahsızlıq olur, nadir hallarda boğaz ağrısı da ola bilər. Eyni zamanda, yayda suçiçəyi də geniş yayılır”. E.Rəhimov deyib ki, hazırda epidemioloji olaraq ölkədə çox geniş yayılan bir virus yoxdur. “Zaman-zaman respirator viruslar da yayılır, bu da xışıltılı öskürəklə, qızdırma ilə müşahidə olunur. Amma bunun da epidemioloji olaraq çox geniş yayıldığını görmürəm. Dənizdən virus yayıla bilər məsələsinə gəldikdə isə, uşaqlara daha çox dənizdə olan digər xəstə uşaqlardan virus keçir. Yəni uşaqlar bir-biri ilə ünsiyyətdə olduqca virus da yayılır. Rotavirus əslində su ilə yoluxa bilər, suyu udmaqla o virusu daxilə qəbul etmək olur. Amma tənəffüs yolları virusu su ilə yoluxmur, onlar hava-damcı yolu ilə yayılır”, - deyə baş pediatr vurğulayıb.

Onların heç biri COVİD deyil
Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov  da “Şərq”ə açıqlamasında  hazırda azyaşlılar arasında virus xəstəliklərinin geniş yayıldığını dedi: 

- Koronavirusun tüğyan etdiyi bir dövrdə onunla yanaşı digər bakterial xəstəliklər də yayılıb. İyun-iyul ayları və avqustun birinci ongünlüyünə olan statistikaya əsasən uşaqlar arasında rotavirus geniş yayılıb. Bu, bizim uzun illərdir tanıdığımız virusdur və təmas vasitəsilə orqanizmə daxil olur. Hər tərəfdə müxtəlif mikroblar, bakteriyalar var,  uşaqlar əllərini nəyəsə vurur, nəsə götürür,  sonra da əlini ağzına aparır, beləliklə də əllərdə, hansısa əşya üzərindəki mikrob orqanizmə düşür. Nəticədə qusma, qızdırma, ishal, halsızlıq, diareya əlamətləri özünü göstərməyə başlayır. Hovuzlar, dəniz suyu, sahil mikrob mənbəyidir. Və bu baxımdan təhlükəlidir. Uşaqlar daha çox çirkli su mənbələrindən yoluxurlar. Təhlükə yalnız bunlarda deyil. Azyaşlıların bir iqlim şəraitindən digər iqlim şəraitinə düşməsi də onların orqanizmində pozğunluq yarada bilir. Yuxarı yaşda olan insanlar başqa bir əraziyə gedəndə müəyyən dəyişiklik hiss edirlər, o ki ola uşaqlar. Valideynlər bu məsələlərdə diqqətli olmalıdır. Uşaqların gigiyenasına, təmizliyinə, qidasına fikir verməlidirlər. Ümumiyyətlə, uşaqlara qarşı hədsiz diqqətli olmaq lazımdır. Uşaqları aparırlar çimərliyə. Baxırsan ki, körpə uşaq uzun müddətdir günəş şüası altında əyləşib. Əlbəttə, o uşaqda günvurma əmələ gələcək, halı pisləşəcək, evə qayıdanda qaytaracaq, qızdırması qalxacaq. Çimərliyin də şərtləri var, günəş vannası qəbul etməyin də. Valideynlərsə bəzən səhlənkar davranır, nəticədə uşaqlar müxtəlif viruslara yoluxur, xəstələnirlər. 

Ş.Məmmədov eyni zamanda qeyd etdi ki, uşaqların hazırda keçirdiyi narahatlıqların koronavirusla heç bir bağlantısı yoxdur:

- Bunlar bizim illərdir tanıdığımız, köhnə viruslardır və həmişə də olublar. Məsələn, bağırsaq infeksiyaları hər zaman olub və var. Azyaşlı uşaqlar bundan əziyyət çəkir. Valideynlər sahə həkimlərinə, yaxud da ailə həkimlərinə müraciət etsinlər və uşaqlarla bağlı lazımi müalicə prosedurunu yerinə yetirsinlər.