Qızıl qayda

Valideynlər uşaqları sevmədiyi yeməklərə alışdıra bilərlər

Türk mütəxəssis hesab edir ki, sağlam qidalanma üçün valideynlər nümunə olmalıdır


Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanmasında ən vacib vəzifə valideynlərin üzərinə düşür. Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə valideynlər uşaqlarına sağlam qidalanma üçün yaxşı nümunə olmalıdır. Çünki hər mövzuda olduğu kimi, uşaqlar yeməkdə də valideynlərindən nümunə götürürlər. Türkiyəli mütəxəssis dietoloq Aslıhan Küçük Budak bildirib ki, valideynlər ilk növbədə yeməkləri seçməməlidir. O qeyd edib ki, əgər uşaqlar hər hansısa yeməyi sevmirsə, onun həmin yeməyi yeməsini gözləmək düzgün deyil: "Misal olaraq, nahar üçün süfrədə hər hansısa onun bəyənmədiyi yemək var, o zaman ona kartof qızardın və həmin yeməyə toxunmayın. 

Əgər uşağınızın sevmədiyi yeməkdən yeməyini istəyirsinizsə, öz boşqabınızın kiçik bir hissəsinə ondan bir az tökün və onunla birlikdə yeyin. Müntəzəm olaraq uşağınızla birlikdə bir ailə olaraq masada oturun. Çünki uşaqlar izdihamlı masalarda daha yaxşı yemək yeyirlər və birlikdə olmaq uşaqlarınızın yemək vaxtlarını səbirsizliklə gözləməsinə səbəb ola bilər". Aslıhan qeyd edib ki,  yeməyi yeyə biləcəyiniz qədər boşqaba qoyun, çünki uşağınız bu davranışı daim müşahidə edəcək və onu gələcəkdə özü üçün də tətbiq edəcək: "Yemək yeyərkən yalnız yeməyinizə diqqət edin və ailənizlə keçirdiyiniz vaxtdan zövq alın. Yemək zamanı televizora baxmaq, iş görmək və telefona oynamaq və s. kimi vərdişlər uşağınızın bu davranışı birbaşa kopyalamasına səbəb ola bilər. Ümumiyyətlə, uşaqlara cipsi, şokolad, tort, peçenye kimi sağlam olmayan qəlyanaltılar alınmamalıdır. Bunun əvəzinə meyvə, qoz-fındıq və evdə hazırlanan tortlar kimi sağlam qəlyanaltılar qəbul edilməsi daha məqsədəuyğundur".

Həkim-pediatr Tərlan Əyyubov "Şərq"ə açıqlamasında övladı yemək yemək istəməyən valideynlərə tövsiyələr verib. Pediatr iştahı olmayan uşaqların məcbur şəkildə yedizdirilməsinin əleyhinə olduğunu bildirib:

 "Uşaqlarınızı zorla yedizdirməkdən çəkinin. İmkan verin uşaq orqanizmi, xüsusən də onun beyni aclıq hissini hiss etsin, qidalanma davranışı, reflekslər formalaşsın. Uşağa gün rejiminin tərtib edilməsi vacibdir, yəni qidalanma rejimə salınmalı, eyni saatlarda verilməlidir. Yeməyən uşağı yeməklər arası qidalandırmağa çalışmayın. Yeməyən uşağa qidalar arasında rejimə düşənədək adi sudan başqa heç ne verilməməli, xüsusilə də, karbohidratlarla (şəkərlə) zəngin qidalar - yəni, çörək, konfet, bişmələr, şirin, və s. Qidalar arası uşaqların iştahasını yaxşılaşdırmaq üçün aktiv oyunlardan (qaçmaq, tullanmaq və s.) istifadə edilməlidir”.
Pediatr bu qaydalara ciddi riayət etdikdə adətən 10 gündən sonra orqanizmdə qidalanma refleksinin yarandığını və təyin olunmuş saatlarda uşaqların (nəinki uşaq hətta böyüklər də) acdığını bildirib.

Aynurə Pənahqızı