Azərbaycan BRICS seçimini reallaşdırır -ANALİZ



Çin kimi bir dünya nəhəngi ilə bir sırada dayanmaq az iş deyil
 
 
 
 Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Bir müddət əvvəl  isə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu da  TASS agentliyinə müsahibəsində Bakının BRICS-ə qoşulmaq istəyini bəyan etmişdi.
 İyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edilib. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə üzv olmaq istəyini ifadə edib, Çin tərəfi isə Azərbaycanın BRICS əməkdaşlığında iştirakını alqışlayıb.
 BRICS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə formalaşıb və əvvəlcə bu ölkələrin adlarının baş hərflərinə uyğun olaraq BRIC adlandırılıb (Brazil, Russia, India, China). Daha sonra Cənubi Afrika Respublikası bu birliyə qoşulub və onun adı BRICS olaraq dəyişdirilib. 2024-cü il yanvarın 1-dən etibarən BRICS-ə daha beş ölkə – Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qoşulub. Birliyin adı dəyişdirilməyib.
Bu təşkilat dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır.
 Qurumun qlobal miqyasda tutduğu yer yalnız iqtisadi göstəricilərinə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə böyükdür.
BRICS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır.
BRICS-in qlobal miqyasda oynadığı rol müxtəlif sahələrdə özünü göstərir.
 BRICS ölkələri dünya iqtisadiyyatının mühüm aktorlarıdır. Onların arasında qarşılıqlı ticarət və iqtisadi əlaqələr qlobal ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərir. BRICS ölkələrinin iqtisadiyyatı inkişaf etməkdə olan bazarların potensialını nümayiş etdirir və bu, qlobal iqtisadi dinamikanın dəyişməsində vacib amil kimi çıxış edir.
BRICS  həmçinin beynəlxalq məsələlərdə birgə mövqelərini ifadə etmək və qlobal problemlərə həll yolları təklif etmək üçün vacib platformadır. Təşkilatın üzvləri BMT kimi qlobal qurumlarda islahatlar aparılmasını, inkişaf etməkdə olan ölkələrin daha böyük təmsilçilik hüququna malik olmasını tələb edirlər. BRICS həmçinin inkişaf etməkdə olan ölkələrin səsini qlobal arenada daha da gücləndirmək üçün əməkdaşlıq edir.
BRICS ölkələri 2014-cü ildə Yeni İnkişaf Bankını (NDB) təsis edərək, qlobal maliyyə sisteminə alternativ yaratmaq yolunda mühüm addım atıb. NDB üzv ölkələrdə infrastruktur layihələrini və dayanıqlı inkişafı dəstəkləyir və bu da BRICS-in qlobal maliyyə bazarlarında güclənməsinə xidmət edir.
 BRICS-in gələcək perspektivləri çoxşaxəlidir və qlobal miqyasda artan təsiri nəzərə alınaraq, genişmiqyaslı imkanlar təqdim edir.
Qeyd edək ki,  BRICS ölkələri G7 ölkələrini 2018-dən sonra geridə qoymaqdadır. 2024-cü ilə qədər fərq daha da artıb.  Hazırda G7 ölkələrinin Qlobal ÜDM-də payı 30 faizdirsə, BRICS isə hazırda 35 faiz paya sahibdir. Getdikcə bu pay daha da artacaqdır. Bu həm mövcud üzvlərin artan iqtisadiyyatları hesabına, həm də yeni üzvlərin sayının artması hesabına baş verəcəkdir. Çünki hazırda 59 ölkə BRİCS-ə üzv olmağa maraq göstərir.  Odur ki, Azərbaycanın BRICS-ə üzv olmaq istəyini doğru hesab etmək olar.

 Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq  Zaur Məmmədovun sözlərinə görə, BRICS  Azərbaycana yeni imkanlar yaradacaq:
 “BRICS birqütblü dünya sisteminə qarşı yaransa da, təşkilat deyil və hər hansı siyasi, hərbi komponentləri özündə ehtiva etmir. Buna görə Azərbaycanın BRICS-lə intensiv əməkdaşlığı hər hansı təhdidlərdən xəbər vermir. Əksinə, BRICS-in İqtisadi Tərəfdaşlıq Strategiyası Qərbin bu yöndə hegemonluğuna və sanksiya şantajına son qoyacaq. BRICS daha çox kommunikasiya, iqtisadiyyat, maliyyə məsələlərini əhatə edən platformadır. Bu platforma  genişləndikcə güclənəcək və üzv ölkələrin hər biri ondan faydalana biləcək.  Azərbaycanın bu təşkilata qoşulması ölkəmiz üçün yeni imkanların açılacağından xəbər verir. Azərbaycan ticarət və sərgi mərkəzi kimi öz fəaliyyətini BRICS daxilində inkişaf etdirir. Biz Qoşulmama Hərəkatına üzv olduqda gördük ki, 44 günlük müharibədə bu ölkələr bizə kömək etdilər. Azərbaycanın əsas partnyoru Türkiyə və Avropadır. BRICS üçün biz ona görə cəlbediciyik ki, coğrafi mövqeyimiz əlverişlidir. Biz nə qədər çox platformada iştirak edəcəyiksə, o qədər faydalıdır".

 İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə “Sherg.az”a açıqlamasında deyib ki, hər hansı bir təşkilata üzv olmaq müstəqil dövlət kimi Azərbaycanın öz haqqıdır: 

“Türkiyə on illər uzunu Avropa Birliyinin qapısını döydü, lakin qoca qitənin dövlətlər birliyi Türkiyəni müxtəlif bəhanələrlə bu birliyə üzv olmağa qoymadılar. Reallıq olan isə budur ki, AB  Türkiyəni bundan sonra da heç vaxt öz ailəsinə üzv qəbul etməyəcək. Çünkü Türkiyə bu birliyə üzv olmaqla indikindən daha güclü və daha qüdrətli ola bilər. Daha güclü Türkiyə isə qoca qitəyə lazım deyil. Türkiyənin BRICS-ə üzv olmaq istəyi barədə məlumatı bu yaxınlarda Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlamışdı. Avropa Birliyi Azərbaycanla da eyni üsulda “tərəfdaşlıq” edir. Birlik insan haqları, demokratiya, söz azadlığı kimi alətlərdən istifadə edərək   Azərbaycanı bölgədə özünün təsirinə almağa cəhd edir. Azərbaycan isə tam müstəqil bir siyasət yürüdür. Onun baxışları reallıqlara söykənir və bu səbəbdən kiminsə, kimlərinsə “standartlarına” uyğun gələ bilməməsi təbiidir”.
 
F.Yusifovun sözlərinə görə, bu gün dünyada böyük güclərin böyük qarşıdurması fonunda Azərbaycanın harada dayanmasına Azərbaycan hökuməti qərar verir. Professor hesab edir ki, ABŞ və Çinin başçılığı ilə formalaşan bu qütbləşmədə Azərbaycan öz seçimini BRICS-in xeyrinə etdi. Çin kimi bir dünya nəhəngi ilə bir sırada dayanmaq az iş deyil.