Oktyabr-noyabr aylarında qripə qarşı vaksinasiya aparıla bilər

Hazırda COVİD-19 pandemiyası ilə mübarizə apardığımızı nəzərə alsaq, payız fəslinin gəlişi insanları daha diqqətli olmağa sövq edir. Bu zaman həm mövsümi qriplər, həm də onun nəticəsi olaraq immun sisteminin zəifləməsindən insanlarda koronavirus yarana bilər. 

Bununla bağlı Gürcüstanda mövsümi qripə qarşı vaksinasiya başlanacaq. Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, Gürcüstanda qrip virusu adətən noyabr ayında görünür və dekabr-yanvar aylarında pik həddə çatır. Qripə qarşı vaksinasiya koronavirusa qarşı peyvəndləmə ilə paralel aparılacaq. Bizdə də bu prosesə başlanılmalıdırmı?

Prosesin ölkəmizdə başlaması ilə bağlı “Şərq”ə danışan həkim Şahvələt Məmmədov bildirib ki, əhali arasında kütləvi sürətdə koronavirus əleyhinə vaksinasiya prosesi davam etdirilir:

“İnsanların virusdan qorunmaları, epidemioloji qaydalara əməl etmələri həmin mövsümi qriplərin, həmçinin paralel virusların kəskinləşməsinin qarşısını alır”.

Həkim diqqətə çatdırıb ki, ölkəmizdə koronavirusun ilk dalğası dövründə qrip və pnevmaniya əleyhinə vaksinasiya aparıldı:

“Biz həkimlər də o cümlədən vaksinasiyaya cəlb olunduq. Keçən il də bu proses həyata keçirildi”.

Ş.Məmmədov vurğulayıb ki, hər il oktyabr-noyabr aylarında peyvəndləmə işinə başlanılır:
“Hələ ki, bizdə bu barədə məlumat yoxdur”.

Həkim güman edir ki, bizdə də oktyabr-noyabr aylarında həmin proses həyata keçiriləcək: “Yəqin ki, əlaqədar qurumlar tərəfindən informasiya veriləcək”.

Sücayət Mehti