Matai İsai Yudistrh Zamuel: Boneyranın gələcəyindən narahatıq

Boneyranın gələcəyindən narahatıq. Çünki Boneyra özündə Niderland müstəmləkəçiliyinin yaralarını daşıyır.

"Report" xəbər verir ki, bunu Boneyra İnsan Hüquqları Təşkilatının məsləhətçisi Matai İsai Yudistrh Zamuel Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

Onun sözlərinə görə, Boneyranın yerli icmasını məhv etməyə çalışırlar: "Biz Niderland Krallığından müstəqilliyimizi tələb etməklə yanaşı, onun qarşısında hüquqlarımızı müdafiə etmişik. Doğrudur, hələ getməli olduğumuz yol var və dekolonizasiyadan uzaqdayıq. Ancaq dostların və müttəfiqlərin köməyi olarsa, problemimizdən beynəlxalq ictimaiyyət daha tez xəbərdar olar. Məzlum insanlar məzlum insanları və onların apardığı mübarizəni tanıyır. Ancaq güclülər də bundan xəbərdar olmalıdırlar. Bakı Təşəbbüs Qrupu və Azərbaycan vətəndaşları bu yolda bizə böyük dəstək göstərir".

Matai İsai Yudistrh Zamuel Boneyranın tarixi Niderlandın adadakı varlığı ilə başlamayıb: "Bu gün Boneyra yerli icmasını məhv etməyə çalışırlar. İnsanlar buna dözmək məcburiyyətində qalır. Bu gün Boneyrada resurslara qeyri-bərabər çıxış mövcuddur. Bu özünü mağazalardakı qiymətdə, mənzil bazarında və digər bir çox yerdə göstərir. Boneyra Niderland müstəmləkəsinə çevrildikdən sonra adamıza köçüb məskunlaşmanı asanlaşdırdılar. Bu isə evlərin qiymətlərinin artmasına gətirib çıxardı. Varlı insanlar gəlib adada rahat yaşadıqları halda, yerli icmanın nümayəndələri çətinliklərlə üzləşməyə başladılar. Ərzaqların qiymətlərinə gəldikdə isə bahalıq, əsasən, Niderlanddan idxal olunan məhsullarda hiss olunur və məhsulların böyük hissəsi bizə oradan gətirilir".