SOS! - “Azərbaycana keyfiyyətsiz dərmanlar gətirilir” – Monopoliyaya son! 

 “Bunun qarşısını almaq vacibdir”

“Çünki ölkəmizdə kifayət qədər keyfiyyətsiz, saxta etiketlərlə bəzədilmiş, komponentləri yetərli olmayan və baha satılan dərmanlar var”

Parlamentin bu günkü iclasında millət vəkilləri arasında dərmanlarla bağlı fikir ayrılığı yaranıb. Deputat Musa Quliyev bildirib ki, vaxtı ilə bir neçə dərman şirkəti Azərbaycanı tərk edib getdi və bu gün Azərbaycan dünyanın bir çox keyfiyyətli dərmanlarını ala bilmir. 
O bildirib ki, Azərbaycan Türkiyə və Gürcüstan nümunəsindən istifadə edib, dərmanlarla bağlı qeydiyyatda tanınmanı tətbiq etməlidir.

 Millət vəkili onu da əlavə edib ki, Türkiyədə dərmanlara əlçatanlılıq asandır:
“Buna görə təklif edirəm ki, Türkiyədə qeydiyyatdan keçmiş dərmanlar Azərbaycana gətirilsin və onların qeydiyyatı tanınsın. Onlar həm də keyfiyyətlidir”.

 Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə M.Quliyevin fikrinə etiraz edib:

 “Şübhəsiz ki, ölkədə dərman çatışmazlığı var. Ancaq mən Musa müəllimin fikri ilə razı deyiləm. Hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz, icazəsiz Azərbaycana gətirilməsi problem yaradar. Hər ölkənin öz dərman siyasəti var. Dərmanlar mütləq yoxlanılmalıdır, o, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq. Heç bir şərt olmadan dərmanların ölkəyə gətirilməsi təhlükə yaradar”.

 Ölkəmizdə dərman təsisatı və satışındakı monopoliyanın aradan qaldırılmalı olduğunu söyləyən “Borçalı” İctimai Birliyinin sədri, ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli “Sherg.az”a bildirib ki, ayrı-ayrı firmalar qonşu dövlətlərdəki dərmanları baha qiymətə sataraq, bazarda bu durumu özləri tənzimləyirlər:

 “Düşünürəm ki, keyfiyyətli dərmanların insanlara əlçatan olmasını təmin etmək üçün monopoliya ləğv edilməlidir. Dərmanların satışını dövlətin nəzarətinə vermək lazımdır. Müvafiq dövlət orqanları dərmanların keyfiyyəti ilə bağlı sertifikatlar təqdim etməlidir. Keyfiyyətsiz dərmanların Azərbaycan bazarına daxil olmasının qarşısını almaq vacibdir. Çünki ölkəmizdə kifayət qədər keyfiyyətsiz, saxta etiketlərlə bəzədilmiş, komponentləri yetərli olmayan və baha satılan dərmanlar var. Bütün bunlar dövlət nəzarətində olarsa, vətəndaşlarımız əziyyət çəkməz. Ədalətli, vicdanlı və namuslu dövlət qurumları olsa, fərqli bir mühitin şahidi olacağıq. Türkiyə və digər ölkələrin dərmanlarını gətirib yenə monopolist qaydada satacaqlarsa, dəyişən nəsə olmayacaq”.

 Yeganə Bayramova