Böyrəklərin xilaskarı 10 qida 

Balıq, yumurta, soğan, sarımsaq bu sıradadır

Tibb alimləri “sağlam böyrək sağlam ürək qədər önəmlidir” deyir. Və sağlam böyrəklərə sahib olmanın çox sadə yollarını göstərirlər. Qidalanmada diqqətli olsaq, nə böyrəklər bizdən inciyər, nə də biz onlardan. Böyrəklərin dostu qidalar hansıdır?  “Şərq” “Milliyyet.com”a istinadən onları sadalayır:  

Kələm

Kələm sərbəst radikalların parçalanmasına yardım edən fitokimyəvi maddələrlə zəngindir. Kələmin tərkibində B6, C, K vitaminləri, folik-asit vardır. Az miqdara potasiuma malik olan kələm dializ dietası üçün də faydalıdır. 

Qırmızı və bənövşəyi meyvələr

Moruq, göyəm, böyürtkən, çiyələk, qarağat... Bu meyvələrin tərkibindəki marqanez, C vitamini, liflər və folat turşusu kimi fərqli maddələrə sahib olmaları onları böyrəklərin ən yaxın dostu edir. Onlar əla antioksidandır. İltihabı azaltmağa kömək edir. Təzə və qurudulmuş halda da qəbul etmək olar. 

Balıq

Balığın faydalarını saymaqla bitməz. Balıq məhsulları orqanizmdə iltihabı azaldan və böyrəkləri müxtəlif xəstəliklərdən qoruyan Omega-3 yağ asitlərinə malikdirlər. Balıq həm də yüksək keyfiyyətli protein qaynağıdır. Balıqdan mütəmadi istifadə etmək şəkər xəstəliyi olanlarda idrarın anormal protein səviyyəsini düşürməyə səbəb olur. 

Yumurta

Adını eşidib, “yumurta ağır yeməkdir” söyləməyə tələsməyin. Çünki təklif olunan yumurtanın sarısı deyil, məhz ağ təbəqəsidir. Yumurtanın ağında fosfor miqdarı cüzidir, lakin protein kifayət qədərdir. Bu səbəbdən də yumurta ağı böyrək xəstələrinə tövsiyə edilir. Çünki yumurta ağındakı protein böyrəklərin düzgün fəaliyyətinə kömək edən amino-asitə malikdir. Yumurtanın ağını omlet və ya qaynadılmış halda yemək olar. Təbii, sarı hissə xaric. Böyrək problemi olanlar yumurta sarısı yeməkdən çəkinməlidir. 

Zeytun yağı

Zeytun yağının min-bir dərdə dərman olduğu onsuz da bəllidir. Zeytun yağı ürəyə də xeyirdir, böyrəklərə də. İltihablanmanın qarşısını alır, oksidləşməni önləyir, polifenollar və antioksidan birləşmələri baxımından da zəngindir. Daha yaxşı olar ki, soyuq sızma zeytun yağı istifadə edilsin. 

Sarımsaq

Sarımsaq ürək  və böyrək xəstəlikləri riskini nəzərəçarpan dərəcədə azaldır.  Sarımsaq qan qatılaşmasının qarşısını alan xüsusiyyətə malikdir. Hər gün ac qarına 1-2 diş sarımsaq yemək, orqanizmdəki mənfi xolesterol səviyyəsini azaldır. Yeməklərə sarımsaq qatmaq faydalıdır. 

Soğan

Sarımsaq olan yerdə “qardaşı” soğan da var.  Soğan böyrəkləri təmizləyir. Soğan bədəndəki artıq yağları, proteinləri və karbohidratları metabolizə edən mineral xromla zəngindir. Çiy halda yeyilən soğan böyrək daşlarından azad olmağa yardım edir.    

Qırmızı bibər

Qırmızı bibər qandakı toksinlərin atılmasına yardımçı olur. Bu səbəbdən də böyrəklərin sağlam qalmasına kömək edir. Qırmızı bibərin tərkibində A, B6, C vitaminləri, folik-asit və liflər bol miqdardadır. Bu tərəvəzin tərkibində əla antioksidan sayılan likopen də vardır. Qırmızı bibəri istədiyiniz kimi yeyə bilərsiniz. İstər çiy, istər bişmiş, istərsə içərisi doldurulmuş halda. 

Gül kələmi 

Gül kələmi C vitamini və liflərlə zəngindir. Gül kələm qara ciyərə zərər verə biləcək toksik maddələri neytrallaşdıran indollar, qlükozinolatlar və tiyosiyanatlara malikdir. Gül kələmi də qan laxtalanmasının qarşısını alır, iltihabı azaldır, xolesterolun səviyyəsini aşağı salır. 

Alma

Gəldik meyvələrin şahına! Böyrəkləri təmizləmək üçün alma münasib meyvədir. Həmçinin sidik yolları infeksiyalarının qarşısını ala bilir və böyrək daşı riskini azaldır. Ürək-damar problemləri zamanı, xolesterolu aşağı salmaq, həmçinin qəbizliyi aradan qaldırmaq üçün əla meyvədir. Gündə bir alma yesəniz böyrək çatışmazlığı problemi ilə qarşılaşmazsınız. Nahaq deyilməyib: hər gün bir alma, həkimə möhtac qalma!