“Bəzi universitetlərdə qaydalara riayət olunmur” – Yoluxma artır!

Bakıda 2 universitetdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin 2 qrupunda yoluxma olduğu üçün həmin qruplar distant təhsilə keçib. Məsələ ilə bağlı hər iki universitetlə əlaqə saxladıq:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakupost.az -a açıqlamasında yoluxanların Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələri olduğunu deyib:
"Universitetin fizika və riyaziyyat, eyni zamanda incəsənət və fiziki tərbiyə fakültəsinin 1 qrupunda koronavirus aşkarlanıb. Yoluxma ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".

Azərbaycan Dillər Universitetindən isə Bakupost.az -a bildirilib ki, tədrisin distanta keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:

"Dərslər başlayandan bu günə qədər 8 tələbədə COVID-19 aşkarlanıb. Həmin tələbələr karantinə alınıb. Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".

Vəziyyəti dəyərləndirən tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün 1850 nəfər yoluxub. Sayın artması bizə daha da tədbirli olmaq üçün siqnal ötürür. Ancaq hələ də buna məhəl qoymayan şəxslər var:

“Məktəblərin və universitetlərin açılması müsbət hal kimi qarşılandı . Son yoluxma statistikasından belə başa düşmək olar ki bütün təhsil müəssisələri üçün yenə də qapanmaq təhlükəsi var. Tədris ili başlayanda ali məktəblərin önündə yaranmış sıxlıq  COVİD-19 pasportlarının yoxlanışı zamanı yaranan insan izdihamı bugünkü mövcud statistikaya da ciddi təsir göstərib.  Tədris ili başlamazdan öncə bu prosesi proqram əsasında tənzimləmək lazım idi. Xüsusilə qeyd edim ki özəl təhsil müəssisələrində şagird sayı nisbətən az olduğu üçün yoluxma riski  dövlət təhsil müəssisələrinə nəzərən aşağıdır. Bu səbəbdən onlara daha çox  diqqət  ayırmaq məqsədəuyğun olardı. Tənəffüs vaxtlarının mərhələli şəkildə təşkili auditoriyalarada  eləcə də dəhlizdə tibbi maskalardan istifadə tələbələrin gigiyenik qaydalara əməl etməsi  olduqca vacibdir. Hazırda ictimai nəqliyyatda da kifayət qədər ciddi sıxlığın olduğunu müşahidə edirik. Bu da öz növbəsində yoluxmanı sürtləndirir”. 

Ş.Namazlı hesab edir ki, tədris ilinin başlanğıcında riayət olunan gigiyenik qaydalara hazırda bir çox  təhsil müəssisələrində o qədər də ciddi riayət olunmur:

“Hazırkı statistika bunu deməyə əsas verir. Universitetlərdə təhsil alan tələbələrin ailələri vaksinasiya prosesində iştirak edibmi?  Bu fakta da diqqət yetirmək lazımdır. Bir qrupun hər hansısa bir üzvündə yoluxma qeydə alınıbsa, həmin qrupun onlayn  şəkildə tədris prosesində iştirakı  məqsədə uyğundur. Müəllim heyətində vaksinin dozasına da diqqət yetirmək lazımdır. Bir qisim var ki, birinci doza ilə kifayətlənib. COVİD  bir bəladır. Hələ ki bizmlə birgə addımlayır. Təhsil bizim üçün olduqca önəmlidir. Bu gün əyani təhsili bərpa etmişiksə, bunu elmə, maarifə etmişik. Lazım olan gigiyenik qaydalara öncədən  əməl edək ki  distant təhsilə geri dönməyə gərək qalmasın.