Parkinson xəstəliyinin əsas əlamətəri... -Nevropatoloqdan AÇIQLAMA

"Azərbaycanda Parkinson xəstəliyi son illər geniş yayılıb".
Bunu nevropatoloq Fəridə Cavadlı deyib.
Onun sözlərinə görə, Parkinsona əvvəllər əsasən 40 yaşdan yuxarı şəxslərdə rast gəlinirdisə, hazırda gənclər də bu xəstəlikdən əziyyət çəkirlər:

"Daha çox COVID-19-u ağır keçirmiş, həmin ərəfədə komada olmuş xəstələrimizdə bu əlamətləri görə bilirik".

Xəstəliyin meydana çıxmasında müxtəlif səbəblər var. Bunlardan bəziləri ekologiyanın çirklənməsi, qohum evlilikləri və ya uşaq vaxtı keçirilən beyin infeksiyalarıdır.

Nevropatoloq Qalib Əsədov “Sherg.az”a bildirib ki, Parkinson xəstəliyinə bəzən əsmə iflici də deyirlər: 

“Əsas əlaməti, hərəkətin ləngiməsi və əllərdə əsmənin yaranmasından ibarətdir. Ancaq əllərdə əsmənin mövcudluğu o demək deyil ki, xəstədə Parkinson xəstəliyi var. Yəni parkinson xəstəliyi zamanı əllərin əsməsi tipik formada olur. Yaşa dolduqca və yaxud da xarici mühitin müxtəlif amillərinin təsirindən yaranır. Ümumiyyətlə stress, gərginlik, fiziki-zehni əmək, yorğunluq, yuxusuzluğun təsirindən beyində qara maddə adlanan nahiyədə dopamin əmələ gəlir. Parkinson xəstəliyində isə qara maddənin hüceyrələri öldüyünə görə dopamin əmələ gələ bilmir. Nəticə etibarı ilə insanlarda Parkinson xəstəliyi yaranır. Parkinson xəstəliyinin müalicəsi mütləq nevroloq nəzarəti altında olmalıdır. Xəstəliyin inkişafının qarşısını almaq və ya ləngitmək isə bu günkü metod və dərman vasitələri ilə mümkündür. Ancaq xəstəliyin getdikcə proqressivləşməsi də mümkündür Hətta xəstə gəzməkdən belə məhrum ola bilər. Bu halda isə həmin xəstə cərrahi müdaxilə vasitəsilə əməliyyat olunur. Yəni qara maddəyə xüsusi stimulyator qoyulur və bunun nəticəsində xəstələr əziyyətdən canlarını xilas edirlər”.