Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, FLİRT adlı yeni bir qrup Covid variantı dünyada dominant hala gəlir.
Medicina.az bu variantlar haqqında bilməli olduğunuz məlumatları təqdim edir:
Yeni Covid variantları hansılardır?
FliRT - variantların genetik kodundakı mutasiyaların adlarından istifadə edilməklə yaradılmış qeyri-rəsmi ləqəbdir. Bu, Omicron variantından mutasiyaya uğrayan və dominant olan JN.1 törəməsidir.
ÜST-nin infeksiyalarla bağlı may ayında açıqlanan son hesabatı yoluxmaların sayının əvvəlki aylarla müqayisədə azaldığını göstərir. Ancaq bu məlumatlar hələ də müntəzəm hesabat verən məhdud sayda ölkəyə aiddir. Dünyada Covid-19 testlərinə və hesabatına artıq əvvəlki kimi ciddi yanaşılmır.
“British Medical Journal” bildirir ki, Böyük Britaniyada SARS-CoV-2 testi müsbət çıxanların sayı may və iyun aylarında artıb.
“Avropanın bəzi yerlərində Covid-19 halları artmaqdadır. ABŞ-da da 1,4 faiz artım qeydə alınıb”, - deyə nəşr yazıb.
Bəs, FLiRT variantlarının simptomları hansılardır? Peyvəndlər FLiRT variantlarına qarşı effektivdirmi?
Suallarımızı cavablandıran infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, son aylar Koronovirusun FLİRT variantı daha çox yayılmağa başlayıb:
''FLİRT "Covid-19"-un omicron variantının alt tipidir. Yəni, omicronun mutasiyası nəticəsində meydana çıxıb. FLİRT variantı son zamanlar xüsusən ABŞ, Kanada, İngiltərədə geniş yayılıb. Burada simptomlar Covid-19 ilə oxşardır. Beləki, insanlarda boğaz, sümük-əzələ ağrıları, halsızlıq, bədən temperaturunun yüksəlməsi, bəzən burun axması da müşahidə edilir. Təngnəfəslik isə xəstəliyin daha da ağırlaşmasından xəbər verir. Qeyd edək ki, virusa yoluxub sağalanlar və peyvənd olunanlar bu virusa müdafiəsiz deyil. Çünki koronovirusa yoluxub sağalanların immun sistemi həmin virusu tanıya bilir. Buna baxmayaq, başqalarına nisbətən xəstəliyi daha yüngül keçirirlər. Lakin xüsusən uşaqların, yaşlıların immun sistemi zəif olanlar xəstəliyi daha ağır keçirirlər. Payızda istifadəyə veriləcək peyvəndlərin tərkibində yeniliklər ediləcək. Bu peyvəndlər FLİRT növü üçün də effektiv olacaq".
Covid pandemiyası bitsə də təmami ilə aradan qalxmadığını söyləyən professor Adil Qeybulla isə vurğulayıb ki, həmin virusun xırda epidemik ocaqları davam edir:
''Çünki bütün dünya zamanında effektiv vaksinasiya olunmadı və hələ də prosses gedir. Koronovirusun səthində olan "S" proteində daim dəyişikliklər baş verir. Bu da virusun yeni bir növünü yaradır. Yəni, sözügedən virus RMT tərkibli olduğu üçün hər zaman mutasiyaya məruz qalır. Bunların da hər biri müxtəlif xassəyə malikdirlər. FLİRT və FLİP isə koronovirusun yeni versiyalarıdır. COVİD-in bütün formaları hava damcı yolu ilə keçir, qan-damarı nı zədələyir, qanın laxtalanmasını artırır, Ürək-damar, beyin xəstəliklərinə gətirib çıxarır. Fikrimcə, bu cür formalar hələ davam edəcək. Ona görə də prossesin sona çatdığını düşünüb sakit oturmamalıyıq".