Evdə yalnız qalmaq qorxusu: monofobi!

İnsanların qulağına səslər gəlir, başı fırlanır, ürək döyüntüləri artır

Tədqiqatlar göstərir ki, psixoloji dəstək almaq istəyənlərin əksəriyyətində yalnız qalmaq qorxusu xəstəliyi – monofobi müşahidə edilir. Bu insanlar evdə tək qalmaqdan qorxur, evdə yad addım səsləri eşitdiklərini deyir, özündən başqa daha kiminsə evdə olduğunu zənn edirlər. “Baş verənləri” də qeyri-adi varlıqlarla əsaslandırmağa çalışırlar. Əslində isə bütün bunlar monofobi xəstəliyinin ilkin əlamətləridir. 

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 2020-ci ildən etibarən bu xəstəliyin əlamətləri bir çox insanda özünü göstərməyə başlayıb. Bunun əsas səbəblərindən biri də COVİD-19 pandemiyasıdır. Pandemiyada evə qapanmalar, karantin rejimi, yoluxma zamanı ətraf mühitdən, doğmalardan təcrid olunma insanlarda bəzi psixoloji problemlərin ortaya çıxmasına səbəb olub, onlardan biri də monofobidir. Monofobi əvvəllər də mövcud idi. Amma son illərdə internet texnologiyalarının sürətlə artması, insanları daha çox tənhalaşdırır. Türkiyənin kliniki psixologiya üzrə tanınmış mütəxəssisi Pelin Hazer monofobinin xüsusiyyətlərini açıqlayıb. 

Psixoloq bildirir ki, monofobi – yalnız qalmaq qorxusu psixoloji xəstəlikdir.  Yaşadıqlarını sosial mediada anladan xəstələrdən biri “başlanğıcda tək olanda yaxınlarıma zəng edirdim, o zaman elə bilirdim  ki, bu, normaldır. Lakin  getdikcə nəfəs darlığı hiss etdim, ürək döyüntülərim artdı. Həkimə getdim, orqanizmdə heç bir problem olmadığını dedi və mənə psixoloqa müraciət etməyi məsləhət gördü.  Psixoloqdan bunun monofobi xəstəliyinin əlamətləri olduğunu öyrəndim.  Çox çətin bir dövr oldu mənim üçün” yazıb. P.Hazer monofobinin hər insanda fərqli şəkildə büruzə verdiyini bildirib: 

“İnsan mənzildə hətta təhlükəsiz şəraitdə olduğunu bildiyi halda başına gözlənilməz qəza, bir bəla gələ biləcəyinə özünü inandırır.

 Buna görə də gün boyunca evdə yalnız qalmaqdan qorxmağa başlayır. Yaşanan panika, təlaşın əlamətləri insanın əvvəllər keçirmiş olduğu travma və ya beynində kodlaşdırdığı qorxuya görə dəyişə bilir. 

Bəzi insanların qulağına səslər gəlir, başı fırlanır, ürək döyüntüləri artır. İnsanı tər basır. Gücsüzləşir. Bunlar monofobinin əlamətləridir ”. 

Başqa bir sosial media istifadəçisi isə belə yazıb: Bir müddət evdə tək qaldım. Yaşadığım qorxunun səbəbini hələ də anlamıram. Buna qeyri-adi varlıqların səbəb olduğunu düşünürdüm.

 Bir müddət sonra vəziyyət daha da ağırlaşanda antidepressiv dərmanlar qəbul etməyə başladım. Amma bu, vəziyyəti daha da ağırlaşdırdı. Elə bilirdim ömür yolunun sonundayam və öləcəyəm”. Psixoloq bu cür qorxu hissi yaşayanların mütləq psixoloji yardım almasını məsləhət görür: “Müxtəlif terapiya metodları vardır. Qrup halında terapiya da bənzər fobilərin aradan qaldırılmasına yardım edir”.

  Psixoloq monofobiya xəstəliyinin hər yaşda özünü göstərə biləcəyini, bu insanlara daha həssas və diqqətli yanaşmağı tövsiyə edib.