70 qat artıq yayılır

Alimlər insanları aldanmamağa çağırır

“Omicron” qrip və soyuqdəymə əlamətləri daşıyır
   
    Alimlər “Omicron” ştammının “Delta” ştammından 70 qat daha artıq yoluxuculuq gücünə malik olduğunu açıqlayaraq əhaliyə ehtiyatı əldən verməməyi məsləhət görür. “Omicron” variantının qrip və soyuqdəymə əlamətləri daşıdığını deyən alimlər, insanları aldanmamağa çağırır. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, koronavirus pandemiyası başlanan zamandan bugünədək ən yüksək yoluxma sayı məhz 23 dekabr tarixində “Omicron” variantı ilə bağlı qeydə alınıb. Bu statistika yeni variantla bağlı müəmmaları daha da artırır. 

Türkiyəli alim, professor Mehmet Ceylan mümkün təhlükəyə diqqət çəkərək “qrip və soyuqdəymə arasında bir mənzərə var qarşımızda. Əgər bu varianta yoluxmada ağırlaşma halları müşahidə edilərsə, o zaman fəlakət olacaq”, deyib. ABŞ Xəstəliklərə Nəzarət və Önləmlər Mərkəzinin rəsmiləri “Omicron”un ABŞ-dakı koronvirus variantlarının 58,6 faizini təşkil etdiyini bildirib. Türkiyədə isə yoluxanların hələ ki 10 faizinin “Omicron” əsaslı olması təsdiqlənib. 

Professor M.Ceylan “Omicron” variantının “Delta” variantına nisbətən daha yüksək yoluxuculuq xüsusiyyətinə malik olduğunun təsdiqləndiyini deyib: “”Omicron” orqanizmdə 70 qat daha yüksək sürətlə çoxalır. Bu da virusun yoluxuculuğunu artırır. Lakin “Omicron”a yoluxmada xəstəlik daha yüngül keçir. Məhz xəstəliyin yüngül formada müşahidə edilməsi də yanıltıcı ola bilər. Toplumda bir çox insan koronavirusa yoluxub, sağalanlar, peyvənd olunanlar var. Ümumilikdə, immunitet qazananlar çoxdur.  Xəstəliyin əvvəlki variantlara nisbətən yüngül keçməsi bu amillərə bağlıdır. Amma xəstəliyin yüngül keçməsi yanıltıcı ola bilər, kimsə “Omicron” yüngül keçir, deyib, ehtiyatı əldən verməməlidir”.  Alimlər bu fikirdədir ki, yoluxma sürəti nəzərə alınarsa, “Omicron” variantına yoluxmada əvvəlki variantlardan daha yüksək göstəricilərin olması mümkündür. Buna görə yoluxanların sayı da yüksək olacaq. 

“Omicron” xüsusi  əlamətlərə sahib deyil. Əvvəlki variantlarda qarşılaşdığımız iy və dadbilmənin itməsi, yüksək hərarət “Omicron”da görünmür. “Omicron” adi qrip və soyuqdəymə əlamətləri daşıyır: əzginlik, boğaz ağrısı, udlaqda tıxanma, burun axması, asqırma, öskürək... 

Xəstənin “Omicron” ştammına yoluxub-yoluxmadığını bilmək adi həkim müayinəsi ilə mümkün deyil. Burada mütləq analizlərin nəticələrinə baxılmalıdır. Bir çox insan yeni varianta yaxalandığını bilmir, xəstəliyini qrip, ya da adi soyuqdəymə zənn edir. Və testdən keçmirlər. Ona görə də yoluxma artır, insanlar bir-birini yoluxdurur. İnsanlar virus aşkarlanacağı təqdirdə evə qapanmadan qorxaraq testdən keçmək istəmirlər. Bu da yoluxmanı artıran faktordur. 

“Omicron” daha çox gənclər arasında yayılıb. Çünki gənclərin əksəriyyəti peyvənd olunmayıb. Professor qeyd edib ki, müsbət proqnozlara köklənsək, “Omicron”un qrip və ya soyuqdəymə şəklini alacağını söyləmək olar, ən pis senari isə yoluxmanın sürətlə artacağı və xəstəxanaların yenə dolacağıdır. Özümüzü pis senarilərə hazırlamalıyıq. “Ümid edirik, bu gerçəkləşməz”.