Uşaqlar arasında yayılmış xəstəlik bildiyimiz, tanıdığımız qripdir

"Bəzən valideynlər uşaq öskürən kimi dərman içirtməyə başlayır, bu yanlışdır"

"Öskürək bronxların müdafiə reaksiyasıdır, öskürəklə bronxlar yad cisimləri kənara çıxarır. Əgər öskürək uşağın tənəffüsünə mane olmursa, nəfəs darlığı yaratmırsa, dərman vermək lazım deyil"

Uşaqlar arasında yayılan xəstəlik artıq sosial şəbəkələrin əsas müzakirə mövzusudur. Sosial şəbəkə istifadəçiləri həkimlərdən əlini üzüb, bir-birinə məsləhət verir. Biri yazır ki, “3 gündür uşaq qızdırma ilə savaşır. Xəstəxanalarda isə yer yoxdur, sanki uşaqlara bəla gəlib ancaq”. Ona cavab olaraq da min cür tövsiyələr qeyd edilir. Biri yazır, “nəbadə, xəstəxanaya aparasınız, evdə müalicə edin. Mən evdə “həll etdim. Ev yaxşıdı, özünüz nəzarət edə bilirsiniz”. Biri yazır, “antibiotiksiz olmayacaq, təcili antibiotiklərə “keçin”, biri digər özəl klinikanı, tanıdığı pediatrı məsləhət görür. Başqası da təsəlli verir ki, “3 günlük xəstəlikdir. 3 gün çəkir. Sistem qoşdurun”. Beləcə tibbi-profilaktik məsləhət yerinə çevrilib sosial şəbəkələr. Hamını düşündürən də bir sualdır: axı bu, nə xəstəlikdir belə?! 

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında hazırda azyaşlılar arasında müşahidə edilən xəstəliyin mövsümi qrip olduğunu dedi: 

- Bizim camaat da qəribədi. Nə vaxt biz həkimlər deyirdik, uşaqlar arasında “COVİD” yayılıb, analar inkar edirdi ki, yox, COVİD deyil, qripdi. İndi deyirik, qripdi, deyirlər, yox, ya “COVİD”di, ya da başqa, adı açıqlanmayan xəstəlikdi, niyə adını demirlər?!. Tutalım, mən dedim, “filan” virusdu? Nə dəyişəcək? Valideynlər xəstə uşaqları əvvəlki qayda ilə yenə bağçaya, məktəbə göndərəcək, xəstə uşaq da orda başqa uşaqları yoluxduracaq. Xəstəlik ona görə azalmır, çünki yoluxdurma davam edir. Keçək o biri məsələyə. Hazırda uşaqlar arasında yayılmış xəstəlik bildiyimiz, tanıdığımız qripdir. Qrip respirator virus infeksiyalarının ən ağır formasıdır. Respirator  viruslar çoxdur. Biz adi burun tutulmasına, boğaz ağrısına da qrip deməyə öyrəşmişik. Amma hər burun tutulması, boğaz ağrısı qrip olmur. Soyuqdəymə də ola bilər. Bəli, uşaqlar arasında qripə yoluxma çoxalıb. Həkimə müraciətlərin artması da bunu təsdiqləyir. Deyirlər, xəstəxanaya aparmayın uşağı?! Bəs hara aparsın? Teatra?!. Azyaşlılar, xüsusilə də südəmər körpələr qızdırmanın ilk günündən həkim müayinəsindən keçməlidir. Çünki ağırlaşma baş verə bilər. Qızdırma əleyhinə mütləq təcili müalicə lazımdır. Bağça yaşlı, məktəb yaşlı uşaqlarda da qızdırma 3 gündən artıq çəkirsə, yenə də həkim müayinəsi lazımdır. Antibiotikləri həkim təyin etməlidir. Bəzən zəng edirlər, “doktor, filan antibiotikləri vermişəm, düzəlmir”. Düzəlməyəcək də. Antibiotik orqanizmi zəiflədir, orqanizmin xəstəliyə müqavimətini azaldır. Antibiotiklər yalnız analizlərin nəticəsinə uyğun olaraq təyin edilməlidir. Əgər analiz nəticəsində bakteriyaların olduğu müəyyən edilirsə, o zaman antibiotik təyin edilir. Virus xəstəliklərində antibiotiklərdən istifadə məsləhət deyil. Həkim təyinatı olmadan antibiotikdən istifadə edilməməlidir. 

V.Qarayev qeyd etdi ki, bəzən valideynlər uşaq öskürən kimi dərman içirtməyə başlayır:

- Bu, yanlışdır. Öskürək bronxların müdafiə reaksiyasıdır, öskürəklə bronxlar yad cisimləri kənara çıxarır. Əgər öskürək uşağın tənəffüsünə mane olmursa, nəfəs darlığı yaratmırsa, dərman vermək lazım deyil. Öz-özünə keçib gedəcək. Amma bəlğəm varsa, bəlğəmgətirici siroplardan istifadə etmək olar, çünki körpə uşaqlar bəlğəmi kənara çıxara bilmir. Başa düşürəm, xəstəxanalarla bağlı qorxu var -  uşaq yoluxar, həkim nəzarəti zəifdir, maddi sıxıntı da var və sairə. Bunları anlayıram. Lakin ağırlaşmış virus infeksiyaları xəstəxanada müalicə olunmalıdır. Tibb personalının nəzarəti altında. Virus infeksiyalarından müalicə olunan uşaqların olduğu palatadan, şöbədən niyə qorxurlar ki? Eyni virusdursa, bu uşaq da yoluxub, o uşaq da. 
Orda daha yenidən yoluxma olmayacaq. Amma həkim nəzarəti altında, stasionar müalicə ilə uşaq daha tez sağalacaq və güvəndə olacaq.