Vəziyyət ümidvericidir: “Covid pasportu” tələbi də artıq mənasızdır  - Vaqif Qarayev

“Dinamika pozitivdir.  Yoluxma sayı xeyli azalıb, ən əsası,  ölüm sayı da azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqlədi artıq. Bu, yaxşı haldır. Çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır. Məncə, qadağaları götürmək olar. “Covid pasportu”na görə də insanların yaşayışını məhdudlaşdırmaq artıq mənasızdır. Ölkədə az qala hər ailədə “Covid” ə yoluxan oldu. Bu, kütləvi immunitetin yarandığını göstərir. Yenə də, hər kəs özünü qorusa yaxşıdı”. 


Bu fikirlər pediatr Vaqif Qarayevə məxsusdur. Həkimin fikirləri, şübhəsiz, hamının ürəyincədir, çünki insanlar qadağalardan yorulub artıq. Nazirlər Kabineti pandemiyanın gedişatına, mövcud duruma uyğun addımlar atır. Karantin qaydalarında xeyli yumşalmalara gedilib. Yas mərasimlərinin keçirilməsinə icazə verildi, toy məclislərində say məhdudiyyəti aradan qaldırıldı. Əhalini narahat edən məsələlərdən biri və bəlkə də ən başlıcası tibbi maska qadağasının aradan qaldırılmasıdır. Çünki “havasızlıq” şəraiti, deyəsən, çox uzanmış kimi görünür. Havalandırmanın normal olduğu qapalı məkanlarda maska qadağası qaldırıla bilməzmi? Məsələn, metropoliten, super-marketlər, mollar  və apteklərdə. Belə məkanlarda insanlar özləri də qaydalar tətbiq edə bilər. Sıxlığa və ya seyrəkliyə uyğun maskadan istifadə edə, ya da etməyə bilər. “Covid” dəhşəti yaşamış insan çətin ki, bir də bu bəlaya yaxalanmaq istəsin. Bu mənada əhali qabaqlayıcı tədbirləri göz ardı etməz, yəqin ki. Lakin bayran günlərində küçə və meydanlarda, parklarda yaşanan qələbəlik də bir qədər ürküdücüdür. Sıxlığın yeni yoluxma dalğasına səbəb olacağı əndişəsi var. Bu haqda həkim nə düşünür? 

Sherg.az-a açıqlamasında pediatr Vaqif Qarayev qeyd etdi ki, mövcud vəziyyət ümidvericidir: - Yoluxma azalır, ölüm azalır. Qeyd etdiyim kimi əhalinin əksəriyyəti yoluxub, peyvənd də olunub. Bunları nəzərə alaraq inanmıram ki “Covid”in mövcud ştamları yenidən epidemiya yaratsın. Ona görə də yumşalmalara getmək olar. Amma əlbəttə, qərarı hökumət verir, mən, ya da hansısa sıravi həkim yox.

V.Qarayev bildirdi ki, Gürcüstanda martın 26 dan açıq məkanlarda maska qadağası ləşğv olunacaq: 

- Həm də bu gün Gürcüstanın səhiyyə naziri pandemiyanın bitməsi haqda anonslar verib. Məncə, bizdə də yavaş-yavaş yumşalmalar olacaq.