“Omicron” sönür

Karantin qaydaları daha da yumşaldılacaq

   Dünya üzrə koronavirusun “Omicron” ştammına yoluxma və ölüm sayında nəzərəçarpacaq eniş müşahidə edilir. Tibb mütəxəssislərinin proqnozları özünü doğrultdu, deyə bilərik. Mütəxəssislər “Omicron” ştammının yoluxuculuq qabiliyyətinin sürətli olmasının, pandemiyanın sonunu gətirəcəyini bildirirdi. Sürətli yoluxma kütləvi xəstələnmələrə və nəticə etibarilə kütləvi immunitetin yaranmasına səbəb olur. Bu qənaət təsdiqini tapır artıq. Əvvəlki ştamlara nisbətən daha yüksək yoluxma sürətinə malik “Omicron”a qarşı artıq kütləvi immunitet formalaşıb. Bu, özünü xəstə sayının və ölüm hallarının azalmasında göstərir. 

Təbii ki, virusun sönməsində peyvəndləmənin də əhəmiyyəti böyük oldu. Peyvəndləmə kampaniyası dünyanın hər yerində eyni dərəcədə aparılmasa da, əhali arasında peyvənd vurdurmayanların hələ də mövcudluğuna baxmayaraq durum bir xeyli müsbətdir. Türkiyənin İstanbul Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsinin professoru, doktor Haluk Eraksoy bildirib ki, 2022-ci ilin koronavirusla vidalaşma ili olacağına ümidləri böyükdür. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Haluk Eraksoy pandemiyanın artıq sönməyə başladığını qeyd edib:

 “Yoluxmada yüksəlişlər yoxdur artıq, əksinə, nəzərəçarpan bir eniş görürük. Göz dəyməsin. Xəstəxanamızda yoluxma sayı yüksək olduğu zamanlarda 300-dək xəstə vardı. Son 2-3 ayda 50-60 xəstə oldu. Sonra 40-30. İndi isə cəmi 3 xəstəmiz var. Onlar da peyvənd vurdurmayanlar, ya da yanaşı, hər hansı xəstəliyi olanlardır. Xəstələr gəlir, analiz verirlər, “Covid”dirsə, “xəstəsən, get evə, müalicə al” deyirik. Yəni xəstəxanya yatırılası ağırlıqda xəstəmiz, demək olar ki, yoxdur artıq. 

“Covid” sönür, deyə bilərəm”. Lakin professor “Omicron”un hansısa yeni bir varianta dönüşə biləcəyi təhlükəsinin də tam aradan qalxmadığını söyləyib: “Hazırda “Omicron”un alt variantı – BA2-nin hökm sürdüyünü təxmin edirik. 

Bəzən BA2-yə yoluxanların sayı artdı, kimi mülahizələrin şahidi oluruq, amma mən bu fikirdə deyiləm. Fəqli bir variant ola blər, lakin bu da “Omicron”un bildiyimiz xüsusiyyətlərini daşıyır. 

Tez yoluxur, amma yüngül keçir. Yoluxanlar xəstəliyi ayaqüstü keçirir. Tibdə belədir: hansı virusa yoluxursunuz yoluxun, o, mütləq insanda immunitet formalaşdırır və bu immunitet 100-də 100 olmasa da, böyük ölçüdə xəstəliyin qarşısını alır. 

Bu mənada bütün dünyada kütləvi immunitet formalaşıb artıq”. Professor yenə peyvəndləməni gözardı etməməyi, peyvəndləmənin vacib olduğunu vurğulayıb. Çünki virusun yenidən mutasiyaya uğrayıb-uğramayacağına kimsə zəmanət verə bilməz.