Yoluxma sayı təbii şəkildə azalıb, kollektiv immunitet tam formalaşıb
Qapalı məkanlarda tibbi maskadan istifadənin ləğvi Milli Məclisdə müzakirə olunur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Millət vəkili son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını diqqətə çatdırıb.
Deputat qeyd edib ki, proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı fikir mübadilələri aparılır: "Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”.
Tibbi maskadan istifadənin ləğvi ilə bağlı müzakirələr sevindirici haldır. Bu, pandemiyanın bitməsinə belə demək mümkündürsə, işarədir. Bildiyimiz kimi, pandemiyalı günlərdə maskadan düzgün istifadə etməyən şəxslərə cərimələr də müəyyən olunur. Hətta elə şəxslər var ki, onlara bir neçə dəfə cərimə yazılıb. Amma hələ ödəməyiblər. Artıq üzü yaya doğru gedirik, isti havada maska taxmaq hər kəs üçün çətindir. İnsanlar narazılıq edirlər ki, bir tərəfdən qızmar günəşin şüaları, digər tərəfdən də maska istifadəsi xoşagələn deyil.
Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında tibbi maskadan istifadə tələbinin dünyanın bir çox ölkələrində ləğv olunduğunu bildirib:
"Ümumiyyətlə, restoranlar, şadlıq sarayları, böyük ticarət mərkəzləri kimi yerlərdə maskanın taxılması artıq məntiqsizdir. Çünki yoluxma sayı da təbii şəkildə azalıb. Bu da o deməkdir ki, kollektiv immunitet artıq tam formalaşıb. Deməli, yenidən yoluxma sayında artımın çox olacağı düşünülmür. Odur ki, maskanın istifadəsinə daha gərək yoxdur. Yalnız insanların sıx təmasda olduğu yerlərdə, məsələn, marşrutlarda adamın çox olduğu vaxtlarda maskanın tibbi zərurəti var. Amma digər hallarda nəinki maskaya, heç peyvənd sertifikatına da ehtiyac yoxdur. Artıq Avropa ölkələrində COVİD-19 pasportu ləğv olunmaq üzrədir. Peyvəndin vurulması hazırda yalnız risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olan şəxslərə lazımdır. Digər hallarda isə vaksinlənməyə lüzum yoxdur. Cərimələrin bağışlanması isə arzuolunandır".