Həmişə vərdiş, adət deyib, keçmək olmaz
"Uşaqları həm pediatr, həm də nevroloqun tibbi müayinəsindən keçirmək lazımdır ki, bunun səbəbi tapılsın"
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib ki, uşaqlarda dırnaq yemə geniş yayılmış bir problemdir:
"Bu, bəzən vərdiş halını alır. Bəzi hallarda isə uşaqlarda dəmir azlığı səbəbindən də bu hal müşahidə olunur. Dırnaqların altında çox sayda viruslar olur. Uşaqlar bakteriyalar vasitəsilə asanlıqla yoluxurlar. Qandan analiz götürərək qurdu müəyyən etmək üsulu yoxdur. Bu kimi hallar yalnız nəcis analizi ilə müəyyən edilir və bu analiz bir neçə dəfə edildikdən sonra müalicəyə başlanılır".
Pediatr Vaqif Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, dırnaq yemə uşaqlarla yanaşı böyüklərdə də rast gəlinir:
"Bəzən yetkin insanlar gərgin situasiyaya düşəndə barmağını, dırnağını çeynəməyə başlayır. Bunu sinir sistemi ilə də bağlamaq olar, amma əksər hallarda zərərli vərdişdir. Lakin həmişə vərdiş, adət deyib, keçmək də olmaz. Uşaqları həm pediatr, həm də nevroloqun tibbi müayinəsindən keçirmək lazımdır ki, bunun səbəbi tapılsın. Həkimin də dediyi kimi, vitamin, dəmir çatışmazlığının azlığında uşaqlar dırnağını yeyir. Amma valideynlər və həkimlər arasında belə bir fikir də yayılıb ki, azyaşlılar dırnağını qurd xəstəlikləri səbəbindən də yeyir. Əslində elmi baxımdan təsdiqini tapmayıb. Lakin uşaqların çox hissəsində qurdlar aşkarlanır.
Ona görə də körpəlikdən uşaqlara dırnaq yeməyin yaxşı əlamət olmadığını aşılamaq lazımdır. Əli ağzında olan azyaşlı təbii ki, dırnaqlarının altındakı infeksiyalardan müxtəlif xəstəliklərə yoluxacaq".