Əsəblərinizi qorumaq istəyirsinizsə...  


İnsanlar nə zaman əsəbiləşir, hirslənir, sualının başlıca cavabı “istəklər yerinə yetməyəndə”dir. Doğrudur. İnsan o zaman əsəbiləşir ki, istəyi xaricində bir şeylər baş verir, yaxud hadisələr onun istəyinin əksinə cərəyan edir. Günlük həyatda hər kəs az və ya çox bu cür hallarla qarşılaşır. Adicə, çay içmək həvəsimiz gəldiyi anda çaydanın hələ qaynamadığını, yenicə ocaq üstə qoyulduğunu gördükdə də hirslənirik. 

Əlbəttə, bu, kiçik həcmli əsəbdir. Az sonra ötüb keçir – çay içildikdə, ən azından. Lakin elə hadisələr baş verə bilər ki, uzun müddət hirsli, öfkəli qalmağa səbəb olar. Bu vəziyyətdə əsəbləri qorumağın, özünü ələ alıb, hisslərə hakim olmağın yollarını türkiyəli psixoloq Rana Kutvan açıqlayıb. “Şərq” “Milliyet.com”a istinadən psixoloqun tövsiyələrini oxuculara təqdim edir. Psixoloq bu fikirdədir ki, əsəbiləşdiyimiz hadisəyə, yaxud insana qarşı aqressiya nümayiş etdirməklə, insan rahatlanmır, əksinə, özünü əsəb toruna salmış olur. Buddizm və Taoizm kimi Şərq fəlsəfi düşüncələrinə görə hadisəyə və ya insana aqressiv yanaşma daha da əsəbi ortamın yaranmasına səbəb olur. Öfkəmizi daxildə gizlətməyə, büruzə verməməyə çalışmaq isə bir çox xəstəliklərə - ürək, qan-damar dövranı, hipertaniya – qan təzyiqi kimi xəstəliklərə yol açır. O zaman hansı yolu seçəcəyik? Psixoloq orta yol təklif edir. Bu isə bizi əslində əsəbiləşdirən hadisənin, əhvalatın nədən ibarət olduğunu, bu hadisəyə əsəbiləşmək ümumiyyətlə doğrudurmu, sualına cavab axtarmaq, bunun üzərində düşünməkdir. 

Düşünmək insanı rahatladır, zaman əldə edir və düşüncəyə daldığımız müddətdə əsəb də getdikcə soyuyur. Soyuq başla hisslərimizi nəzarət altına ala, sakitləşə və daha sərrast məntiq yürütməyə nail ola bilərik. İnsanın əsəbi halda olması orqanizmdə necə əks olunur? Psixoloq “Hər addımda barış” kitabından nümunə götürməyi tövsiyə edir. Kitabda əsəbdən qurtulmaq üçün test verilib. Bu sözləri təkrarlamaq lazımdır: 

“Nəfəs alıram, öfkənin burada olduğunu bilirəm. Nəfəs verirəm, öfkənin mən olmadığını bilirəm. Nəfəs alıram, öfkənin xoş bir hiss olmadığını bilirəm. Nəfəs verirəm, bu hissin ötüb keçəcəyini bilirəm, nəfəs alıram, sakitəm. Nəfəs verirəm, bu öfkəylə başa çıxacaq qədər güclüyəm artıq”. Psixoloq məsləhət görür ki, hər bir insan əsəbi halda özünü öfkəsiylə eyniləşdirməsin, bu hissin ona yad olduğunu təkrar edə-edə ondan uzaqlaşsın. Bu, mümkündür.

 Bu ifadələri təkrarlamaq üsulu insanların əsəbi halda tez sakitləşməsinə çox kömək edir. Qarşınızdakı adam da sizi anlamamaqda israr edirsə, onunla mübahisə etməkdən, nəyisə başa salmağa çalışmaqdan vaz keçin. 

Əsas qarşımızdakı insanın bizi daha da əsəbiləşdirməsinə yol verməməkdir. Çalışmalıyıq ki, içimizdə əsəb, kin bəsləməyək. Hadisələrə sakit, anlayışlı yanaşaq. Bu, daha rahat yaşamı təmin edən şərtdir. İnsan əsəbi halda sevdiyi musiqi parçasını dinləməyə çalışmalı, hətta evdə bəslədiyi heyvanlarla zaman keçirməyə üstünlük verməlidir. Musiqi və ev heyvanları əsəbləri qoruyan, tənzimləyən ən yaxşı dostdur.