ÜST şok rəqəmlər açıqladı


Dünya üzrə ölüm hallarının 15 milyonu COVİD-19-la birbaşa və ya dolayısıyla əlaqəlidir


Ümumdünya Səhiyyə Təşkilatı 2020 və 2021-ci ildə dünya üzrə ölüm hallarının 15 milyonunun COVİD-19-la birbaşa və ya dolayısıyla əlaqəli olduğunu açıqlayıb. ÜST-nin açıqlamasında bildirilir ki, son 2 ildə baş vermiş ölüm hallarında COVİD-19-a yoluxma ilə yanaşı, virusun orqanizmə vurduğu ziyan səbəbiylə səhhəti ağırlaşaraq vəfat edənlər də çox olub. Hesablamalara görə, COVİD-19 2020-ci ilin 01 yanvar tarixindən 2021-ci il dekabrın 31-dək olan müddətdə koronavirus 13.3 milyonla 16.6 milyon arası insanın ölümünə səbəb olub. 

Ölüm hallarının 84 faizi cənub-şərqi Asiya, Avropa və Amerikada qeydə alınıb. 68 faiz isə yalnız 10 ölkənin “payına” düşür. Ölümlərin 81 faizi orta gəlirli, 4 faizi yoxsul, 15 faizi isə varlı ölkələrdə qeydə alınıb. Kişilər arasında koronavirusdan ölüm halı 57 faiz, qadınlarda isə 43 faiz təşkil edib. Yoxsul ölkələrdə ölüm statistikasının aşağı olması, koronavirusla bağlı testlərin çox az aparılması, ölüm səbəblərinin dəqiqləşməsiylə bağlıdır.