Mavi, yaşıl ümid deməkdir

Həkim personalının müxtəlif rəngli uniformalarla təmin olunması xəstələrin sağalmasına müsbət təsir göstərəcək

Şahvələd Məmmədov: "Yaxşı olar ki, ölkədəki bütün tibb müəssisələrində kateqoriyalar üzrə tibbi personalın uniformaları eyni olsun"

   “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-ə  tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib. Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri, radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım personalı üçün geyim dəstləri nümayiş olunub. Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim nümunələri də təqdim edilib. Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında tibbi personal üçün vahid uniformaların təsdiqlənməsini müsbət hal adlandırdı: 

- Tibb müəssisələrində həkimlərin, tibb bacılarının özünəməxsus uniformlarının olması müsbət haldır. Tibbi personal arasında fərqlənən yalnız təcili tibbi yardım həkimləri olur. Təcili yardım həkimlərinin, təcili yardım komandasının geyimi tamam fərqlidir. Çünki bu komanda çağırışlara gedir. Onların geyimi daha yüngül, pratik olmalıdır ki, çevik hərəkət edə bilsinlər. Tibb müəssisələrində çalışan personalın özünəməxsus geyim forması pasiyentlərlə davranışda, ünsiyyətdə də onların köməyinə çatır. Pasiyent uniformadan kimin kim olduğunu bilir. Yaxşı haldır ki, müalicə həkimi ilə cərrah-həkimin, reanimasiya personalı ilə, radioloqun, xəstə baxıcısı ilə, deyək ki, sanitar tibb bacılarının, yaxud da mühafizəçilərin, porterlərin geyimi fərqlənir. Bu rəngarənglik xəstəxanada, tibb müəssisəsində yeknəsəkliyi aradan qaldırır. Pasiyentlərin gözü önündə təkcə ağ xalatlıların dolaşması insanlarda bəzən ümidsizlik, inamsızlıq yarada bilər, sağalmağa meyli azaldar. Tibb müəssisəsində müalicə alan təbii ki, müəyyən sağlıq problemi yaranmış insandır. Lakin insana ümid vermək, sağalacağına inam yaratmaq həkimin ümdə vəzifəsidir. Bu işdə tibbi personala şux rəngli geyimlər yardımçı ola bilər.  Pasiyent müxtəlif rənglərlə qarşılaşdıqca sanki özünü sağlam cəmiyyətin bir hissəsi hesab edir, özünü evdə, yaxınlarının, doğmalarının əhatəsində hiss edir. Məsələn, mavi, yaşıl rənglər ümid rəngləri hesab edilir. Təsadüfi deyil ki,  reanimasiya həkimlərinin uniformasının mavi, cərrahların geyimi isə yaşıl rəngdədir. Hazırda bir çox tibb müəssisələrində tibb bacıları, sanitarların da xüsusi geyim formaları var və bu, doğru seçimdir. 

Ş.Məmmədov qeyd etdi ki, TƏBİB-in təqdim etdiyi uniformalardan ümumi səhiyyə sistemində istifadə edilməsi məqsədəuyğundur:

 - yaxşı olar ki, ölkədəki bütün tibb müəssisələrində kateqoriyalar üzrə tibbi personalın uniformaları eyni olsun. Ayrı-ayrı klinikaların xüsusi geyim formaları tətbiq etməsinə ehtiyac yoxdur. Bu, klinikaların reklamı kimi qəbul edilir. Ölkə üzrə bütün tibb işçilərinin uniforması vahid olmalıdır. Hər tibb müəssisəsinin özünəməxsus uniforma və rəng seçimi düzgün olmaz.