"Hər gün onlarla zob xəstəliyindən əziyyət çəkən xəstələrlə qarşılaşıram"

Şəmsiyyə Namazlı: "Bu artan dinamika, əlbəttə, kədərlidir və böyük təhlükədən xəbər verir"

10 il əvvələ kimi Şəki-Zaqatala endemik zona sayılırdı, amma indi demək olar bütün bölgələrdən zob xəstələri gəlir 

Bakıya Oğuz-Qəbələ su kəməri çəkildi. Bu bölgələrin əhalisi yodsuz suya görə zob xəstəliyinə tutulurdu, indi bu yodsuz su artıq Bakıya da gəlir

Erkən mərhələdə xəstəliyi müalicə etmək daha asandır, xəstəlik müalicəyə tabe olur. Amma müalicə gecikdirildikdə, vəziyyət çətinləşir

   Ümumdünya Qalxanabənzər vəz (tiroid) günü ilə əlaqədar təşkil olunan canlı yayımda çıxışı zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov diqqətçəkən faktlar açıqlayıb. Endokrinoloq bildirib ki, qalxanabənzər vəz xəstəlikləri daha çox qadınlarda aşkarlanır. Bu xəstəlikdən əziyyət çəkən on bir xəstədən onunu qadınlar təşkil edir. Qadınlar arasında bu xəstəliyin geniş yayılmasının əsas səbəblərindən biri hamiləlik dövrü ilə bağlıdır. Hamiləlikdə də ən çox üzərinə yük, gərginlik düşən orqanlardan biri qalxanabənzər vəzdir. Bəzən qalxanabənzər vəz zədələnir, nəticədə onun həcmi böyüyür. Hamiləlik dövründə TSH və T4 hormonlarının miqdarı normada olarsa, uşaqda hansısa problem aşkarlanmır. Lakin əksinə, hormonlara nəzarət olmazsa, bu zaman dünyaya gələn körpədə də müəyyən əks təsirləri görmək mümkün olacaq. Ölkəmizin endemik bölgələrindən söz açan A.Hümmətov bildirib ki, irsi amillərlə yanaşı müəyyən bölgələrdə yod çatışmazlığının olması qalxanabənzər vəz xəstəliyinin yaranmasına səbəb olur: "Bu bölgələrə Qəbələ, Quba-Qusar, Şəki, Qax, Zaqatala, Balakən, Lənkəran və Naxçıvan daxildir. Bizə həmin bölgələrdən daha çox müraciətlər olur". Əməliyyata göstərişlə bağlı sualı cavablayan ekspert qeyd edib ki, xəstədə boğulma halları, şişkinlik, nəfəsalmadan problemlər varsa, düyünlər həddindən artıq böyük olarsa, yaxud da müəyyən şübhələr olarsa, xərçəng aşkarlanarsa, bu zaman o, əməliyyat oluna bilər. A.Hümmətov son illərdə bu xəstəliyin yaşının cavanlaşdığını vurğulayıb. Həkim bildirib ki, məsələn, zobun bir növü hesab edilən "Haşimoto zobu" öncələr yaşı 40-dan yuxarı olan şəxslərdə aşkarlanırdısa, hazırda 15 yaşlı yeniyetmələrdə, eləcə də 6-7 yaşlı uşaqlar arasında da yayılıb. 

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında son 10 ildə qalxanabənzər vəz xəstəliklərinin artan dinamikasının təhlükəli hal aldığını dedi: 

- Praktik həkim olaraq qalxanabənzər vəz xəstəliyindən – zob xəstəliyindən əziyyət çəkən 10-larla pasiyentlə hər gün qarşılaşıram. Mənə müraciət edən pasiyentlərin 80 faizində zob var. Ya gecikmiş formada, ya kistik formada, çoxsaylı düyünlərlə... Bu artan dinamika, əlbəttə, kədərlidir və böyük təhlükədən xəbər verir. Bu xəstəliklə müraciət edənlər o qədər artıb ki, mən normal ölçüdə qalxanabənzər vəz görəndə sevinirəm ki, şükür, bu insanda zob problemi yoxdur. Əvvəllər, 10 il əvvələ kimi Şəki-Zaqatala endemik zona sayılırdı, amma indi demək olar bütün bölgələrdən zob xəstələri gəlir. Lənkəran, Quba, Qusar, Şamaxı, Naxçıvan... Bunun da bir çox səbəbləri var. Məişətdə istifadə etdiyimiz duzların tərkibi yodlaşdırılır. Qablaşdırılmaların da üzərində, görürsüz ki, “yodlaşdırılmış duz” yazılır. Yəni bu, sonradan yodlaşdırılmış duzdur. Təbii məhsul deyil. Bu duzların necə yodlaşdırıldığını, ümumiyyətlə, tərkibində yod olub-olmadığı da bilinmir. Amma əvvəllər insanlar təbii duzlardan istifadə edirdi, daş duzlar olurdu, onu üyüdüb istifadə edirdilər. Həmçinin də içməli suyun tərkibində yod çatışmazlığı zob xəstəliyi əmələ gətirən amildir. Bakıya Oğuz-Qəbələ su kəməri çəkildi. Bu bölgələrin əhalisi yodsuz suya görə zob xəstəliyinə tutulurdu, indi bu yodsuz su artıq Bakıya da gəlir. Əlbəttə, yeni su kəmərləri çəkilməlidir, əhali artdıqca suya tələbat da artır. Bunlar anlaşılandır. Lakin su kəməri çəkilərkən insanların sağlamlığı da əsas götürülməlidir. Problem təkcə su, ya duzla əlaqəli deyil. Ümumiyyətlə, qəbul etdiyimiz qidaların tərkibindəki kimyəvi maddələr, süni qatqılar insan sağlamlığına ciddi zərər vurur. Statistika göstərir ki, uşaqlar arasında da zob xəstəlikləri artıb. Səbəb nədir? Əlbəttə, uşaqların meyilli olduğu süni ərzaqlar, qatqılı qidalar, yarımfabrikatlar. Problemlər bir-biriylə zəncirvari şəkildə bağlıdır və bir problemi həll etmək üçün digərləri də həllini tapmalıdır. 

Ş.Namazlı qeyd etdi ki, insanlar sağlamlıqlarına qarşı diqqətli olmalıdır: 

- Zob xəstəliyinin əlamətləri təngənəfəslik, ürək döyüntülərinin artması, nəfəs çatışmazlığı, saçların tökülməsi, ayaqlarda ağrılar, ayaqlarda əyrilikdir. Göz bəbəklərinin uçuşması, bəbəklərin irəli çıxması isə xəstəliyin artıq son fazası olduğunu göstərir. İlkin əlamətlər hiss edildikdə həkimə müraciət edilməlidir. Ürək döyüntüləri artan, təngənəfəs olanlar kardioloqa müraciət edir, bəlkə də ürək problemidir, amma sonrakı müayinələr zamanı bəlli olur ki, pasiyentdə zob xəstəliyi var. Bura qədərsə, insan vaxt itirir, o həkimə, bu həkimə, müxtəlif müayinələrdən keçir, sonunda məlum olur ki, qalxanabənzər vəz problemi var. Hər ürək döyüntüsü, hər nəfəs darlığı ürək qüsuru demək deyil. Bu hallarla qarşılaşanlar mütləq endokrinoloqa müraciət etməlidir. Çünki təngənəfəslik verən, nəfəsalmanı çətinləşdirən  zob ola bilər. Hazırda zob xəstəliyi ürək-damar xəstəliklərini üstələyir. Ona görə də insanlarımız diqqətli olmalıdır. 

Ş.Namazlı qeyd etdi ki, xəstəlikdən deyil, müalicənin gecikməsindən qorxmaq lazımdır: 

- Erkən mərhələdə xəstəliyi müalicə etmək daha asandır, xəstəlik müalicəyə tabe olur. Amma müalicə gecikdirildikdə, vəziyyət çətinləşir. Dərmanların xəstəliyin müalicəsinə gücü çatmır artıq, dərmanlar düyünləri yığıb-yığışdıra bilmir. Əməliyyat göstərişi olur. Sonradan qarşısı alına bilməyən vəziyyət yaranmasın deyə, hər bir insan ildə 1 dəfə qalxanabənzər vəzi yoxlatdırmalıdır. Ümumiyyətlə, vətəndaşların heç olmasa, ildə 1 dəfə tibbi müayinələrdən keçməsi vacibdir. Ayaqlarda ağrılar başlayıbsa zob yoxlanmalıdır. Düzdür, ayaqda ağrılar yaşla da bağlı ola bilər, qadınlarda, xüsusilə menopoz dövründə ekstrogen hormonun azalması kalsium itkisinə və bu səbəbdən də sümüklərin yeyilməsinə, qığırdaqların əriməsinə gətirib çıxarır. Lakin zob xəstəliyi də ayaqlarda əyrilik əmələ gətirir. Elə pasiyentlər var, 5-6 il əvvəlki fotolarını göstərir, baxırsan, ayaqlar düzdür, amma tədricən ayaqlarda əyilmə gedib. Bəzən bud sümüyünün başında əyilmə olur, insanın yerişi tamam dəyişir, axsamağa başlayır. Sümük strukturunda dəyişiklik gedir. Bunlar hamısı qalxanabənzər vəzin funksiyasının pozulması və xəstəliyin əlamətləridir. Qalxanabənzər vəz problemi varsa, hamilə xanımlarda düşük ehtimalı artıqdır. Zob xəstəliyi irsi yolla da keçir, sonradan qazanılan da ola bilir. Bütün hallarda vaxtında müayinə və müalicə aparılmalıdır. 
Ş.Namazlı bildirdi ki, qalxanabənzər vəz xəstəliyinin son illərdə geniş yayılması xüsusi strategiyanın hazırlanmasını vacib edir: 
- Necə ki şəkər xəstələri lazımi preparatlarla təmin edilir, qalxanabənzər vəz xəstəliyi də bu şəkildə nəzarət altında olmalı və bu xəstələr dövlət tərəfindən lazımi dərman preparatları ilə təmin edilməlidir. Lakin bu məsələ əhalidən də asılıdır. Bu mənada ki, zob xəstələri mütləq yerli poliklinika şöbələrində qeydiyyata düşməlidirlər. Bu xəsətlərlə bağlı dispanser uçotu aparılmalıdır ki, Səhiyyə Nazirliyinin əlində rəsmi məlumatlar olsun. Xəstələrin sayı, xəstəliklə bağlı ümumi vəziyyət rəsmiləşərsə, bu xəstəlik də şəkərli diabet kimi dövlət nəzarətinə alınar. Zob xəstələrinin sayı hər gün artır və bu, təhlükəlidir.