Türkiyə səhiyyəsi Almaniya səhiyyəsini üstələyib


Azərbaycanın Türkiyə səhiyyə modelinə keçməsi ən uyğun variantdır

Bütün xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması əla olardı

İstisnalar, yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər müəyyənləşməlidir

“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”. Bu fikri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin iclasında müzakirəyə çıxarılan "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.  Onun sözlərinə görə, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır: “Hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.

Millət vəkili Fazil Mustafa isə dərman sənayesi ilə bağlı problemlərdən danışıb və qardaş Türkiyə ilə dərman sənayemizin birləşdirilməsini təklif edib. Həmçinin onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsinin vacib olduğunu deyib: “Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa, pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur".

Xatırladaq ki, bu il may ayının 17-də Azərbaycan və Türkiyə səhiyyə nazirlərinin görüşü zamanı “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” imzalandı. Sənəddə bir çox məsələlər, o cümlədən Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzinin yaradılması, həmçinin, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyətə başlaması əksini tapıb. Bu sahələrin inkişafında Azərbaycan səhiyyəsi türkiyəli həmkarlarının dəstəyinə ümid edir. Bundan öncə isə təcili tibbi yardım sahəsində Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqinə başlandığı elan edilmişdi. Bu o deməkdir ki, səhiyyə sistemində Türkiyə modelinə üstünlük verilir. İcbari tibbi sığortada da Türkiyə modelinin tətbiqi mümkün olacaqmı? 
Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun bütün xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklifini alqışladığını dedi: 
- Əlbəttə, bütün xəstəliklərin icbari tibbi sığorta paketinə salınması əla olardı. İstisnalar, yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər müəyyənləşməlidir. Əgər plastik əməliyyat sadəcə gözəllik, arıqlamaq xatirinədirsə, icbari tibbi sığortaya aid edilməməlidir. Amma ola bilər ki, kimsə qəza keçirsin, sahibsiz heyvanların hücumuna məruz qalsın, müxtəlif  bədbəxt hadisələr nəticəsində bədəninin hansısa əzası zədələnsin və plastik əməliyyata həkim təyinatı olsun, bəli, bu vəziyyətdə icbari tibbi sığortayla əhatələnməsi yaxşı olar. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi isə çox vacibdir. Əvvəla, bu, böyük savab iş olar. Ona görə ki, onkoloji xəstəliklərdən ölüm göstəriciləri böyükdür. Bu xəstəliklər böyük məsrəf tələb edir. Təsəvvvür etmək çətindir ki, onkoloji xəstəliyin müəyyənləşməsi birdən-birə ailə faciəsinə çevrilir. Xəstə bilmir, sağalacaq, ya yox. Özü də əziyyət çəkir, ailə üzvləri də. Müayinələr, müalicə kursu, kimya terapiya, əməliyyatlar... bunlar hamısı böyük xərc, böyük vəsait hesabına başa gələn məsələlərdir. Hər xəstənin buna maddi imkanı çatmır. Hepatit D xəstəliyi də həmçinin, böyük məsrəf tələb edir. Bu xəstəliyə qara ciyərdəki virus səbəb olur, virus qara ciyər üçün dağıdıcıdır. Nəticədə serroza çevirir. Bu xəstəliyin müalicəsi üçün il ərzində hər həftə 1 iynə vurulmalıdır. Hansı ki, qiyməti 180 manatdır. Təsəvvür edin, hər həftə 180 manatlıq iynə almağa hər xəstənin maddi gücü yetərmi?! Məhz məsrəf nəzərə alınmaqla bu xəstəlik də icbari tibbi sığortaya daxil edilməlidir. 180 manat bir ailə üçün böyük xərcdir, amma dövlət üçün böyük hesab edilməz. Dövlət bu məsrəfi qarşılamaq gücündədir. Çünki Hepatit D o qədər də geniş yayılmış xəstəlik deyil. Ümumilikdə, səhiyyə komitəsi sədrinin də dediyi kimi bütün xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Yəqin ki, zaman-zaman biz bunun şahidi olacağıq. 

M.Əliyev Azərbaycan səhiyyəsinin Türkiyə səhiyyə modelinə inteqrasiyasının müsbət tərəflərini anlatdı. Həkim qeyd etdi ki, Türkiyə səhiyyə modelinə keçilməsi Azərbaycan üçün ən uyğun variantdır: 

- Türkiyə icbari tibbi sığortası böyük təcrübəyə malikdir. Uzun illərdir ki, Türkiyədə bu sistem tətbiq edilir. Orda bütün xəstəliklər icbari tibbi sığortaya daxildir.  Pasiyentlərin dərmanları dövlət tərəfindən qarşılanır. Türkiyə səhiyyəsi çox güclüdür. Mən Almaniya səhiyyəsinə də bələdəm və mübaliğəsiz deyə bilərəm ki, Türkiyə səhiyyəsi Almaniya səhiyyəsini üstələyir. Türkiyə tibbi sığortası Almaniya tibbi sığortasından da güclüdür. Türkiyədə səhiyyə sistemi çox mükəmməl qurulub. Əgər biz Türkiyə səhiyyə sisteminə inteqrasiya etmək istəyiriksə, əvvəlcə, dövlət tibbi müəssisələrinin lazımi avadanlıqlarla – laborator analizlərin aparılacağı aparatlar, KT, MRT aparatları ilə təminat həyata keçirilməlidir, həkimlərin, orta tibb işçilərinin əmək haqqı artırılmalıdır, xidmət yüksək səviyyəyə çatdırılmalıdır, bölgələrdə analizlərin çoxunun aparılması mümkün deyil, pasiyentlər analiz üçün paytaxta gəlməli olur... bu məsələlər mütləq həllini tapmalıdır. Dövlət büdcəsindən icbari tibbi sığortaya ayrılan vəsaitin miqdarı da artmalıdır ki, dərmanların əldə edilməsi dövlət hesabına qarşılansın. Bu işlər hamısı pillə-pillə həyata keçməlidir. Əlbəttə, maliyyə artsa, çox iş görmək olar, icbari tibbi sığorta zərfinə daxil ediləcək xəstəliklərin siyahısı da artar. Dərman istehsalı üçün də, həmçinin Türkiyə ilə birgə dərman zavodunun açılması yaxşı olardı.