“Qarağat rəvəndi el arasında uşqun kimi də tanınır. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarının dağlıq ərazilərində bitir”. Bu sözləri “Şərq”ə qarağatın faydalarından danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.
Ekspertin sözlərinə görə, salatlarda və ya soyulub meyvə kimi də istehlak edilə bilər. Onu qaynadıb bir çox xəstəliklərin müalicəsində də istifadə etmək olar. Həm çiy, həm də bişmiş halda yeyilə bilər. Bir təbiət möcüzəsi olan uşqun, dərman preparatlarının istehsalında da istifadə edilir:
“Beş min il bundan əvvəl, Çin tarixi mənbələrində bu bitkinin kökündən müalicə məqsədləri üçün istifadə olunması haqqında məlumatlara rast gəlinib. Uşqun qədim zamanlardan, Azərbaycan da başda olmaqla, Türkiyə, Çin, Ərəbistanda da qida və dərman bitkisi kimi istifadə edilib və edilməkdədir.
2016-cı ildə ABŞ-ın Atlanta Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, uşqun xərçəng hüceyrələrinin inkişafını dayandırır. Uşqun bitkisində olan “parietin” adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə ineksiya edilib və iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb. Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldıb.
Xüsusilə leykemiya xərçənginin qarşısının alınması və müalicəsində faydalı olan uşqun, polifenollarla zəngin olduğu üçün də böyük əhəmiyyət kəsb edir. Mədəni rahatlaşdıran və həzmi asanlaşdıran bu bitki, mədə bulantısının da qarşısını alır. Uşqun təzyiq və şəkər xəstəliklərinə də faydalıdır. Qəbizliyi aradan qaldırmaqla yanaşı, astma, təngnəfəslik, soyuqdəymə, ishal, hemoroid, mədə xorasına da çox faydalıdır.
Qrip, qızdırma xəstəlikləri, böyrək xəstəlikləri, yorğunluq, yuxusuzluq və stres kimi faktorlara da böyük faydası var. Və qan şəkərinin tənzimlənməsində xüsusilə böyük rolu var.