Oftalmoloq tövsiyə edir ki, eynəkləri səyyar yerlərdən yox, optikalardan almaq daha doğrudur
İsti günəş şüaları gözümüzü qamaşdırmağa başlayıb. Bu da artıq hər addımbaşında eynək piştaxtası qoyub, 3-5 manatlıq günəş eynəyi satanların sezonunun açılması deməkdir. Şəhərin istənilən yerində - mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik.
Səyyar şəkildə necə gəldi satılan gün eynəklərinin gözlərimizin mühafizəsinə yararlı olub-olmaması isə sual altındadır. Eynək seçiminə müxtəlif cür diqqət edən alıcıların əksəriyyəti isə satılan eynəklərin keyfiyyətinə fikir vermir. Yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verən istifadəçilər öz zövqlərinə uyğun seçim edir və onları alırlar. Seçib aldıqları bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatlar isə kifayət qədər məhduddur. Çeşid çoxluğu ilə qarşılaşan insanlar məlumatsızlıq səbəbindən əksərən keyfiyyətsiz gün eynəkləri aldıqlarının fərqində belə olmurlar. Sonradan bir çox problemlərlə qarşılaşdıqda artıq gec olur. Ucuz, görünüşcə zövq oxşayan eynəklər gözlərdə qızartı, yaşarma kimi fəsadlarla başlayan və zəiflik hallarına qədər gətirib çıxaran fəsadlar törədir.
ARB-nin “Günə doğru” verilişinin sorğusunda iştirak edən sakinlər eynək seçimlərində birmənalı olaraq keyfiyyətə önəm verdiklərini desələr də, mağaza satıcıları 3-5 manata olan eynəklərə tələbin heç də az olmadığını vurğulayıblar.
Oftalmoloqlar isə ucuz günəş eynəklərinin göz üçün zərərli olduğunu, katarakt və digər göz xəstəliklərini yaratdığını bildirirlər. Tövsiyələrə görə, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq daha məsləhətlidir. Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin.
Oftalmoloq-cərrah Əsmər Cümşüdovanın “Şərq”ə açıqlamasına görə, gün eynəyini optikadan almaq daha doğrudur:
“Düzdür, bəzi optikalarda belə keyfiyyətsiz gün eynəkləri satılır. Gün eynəyi alarkən ilk növbədə onun qoxusuna fikir verin. Kəskin qoxuları olan eynəklərdən uzaq olun. Eynəyi aldıqdan sonra dərhal mağazanı tərk etməyin.
Onu gözünüzə taxıb bir müddət gəzin, əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın.
Əgər dalğalanma varsa, demək, şüşəsi keyfiyyətsizdir. Eynək taxarkən ayağınız sanki çuxura düşürmüş kimi bir hiss yaşamamalı, baxdığınız əşyalarda əyilmə görüntüsü hiss etməməlisiniz. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxta olduğu şübhəsizdir”.
Mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə biləcəyini vurğulayan həkim insanların əksəriyyətinin bunun fərqinə varmadığını deyib:
“Bəzən insanlar elə bilir ki, gün eynəyinin rəngi nə qədər tünddürsə, bir o qədər qoruyucu effekti var. Düzdür, tünd rəngli eynəklər bizi günəşin görünən şüalarından qoruyur, amma ultrabənövşəyi şüalardan qorumasına dəlalət etmir.
Əksinə, tünd şüşə arxasından baxdığımız üçün göz bəbəklərimiz genişlənir və bu zaman zərərli ultrabənövşəyi günəş şüaları gözümüzün torlu qişalarına və göz dibinə daha çox ziyan edir. Rəngi açıq olmasına rəğmən ultrabənövşəyi şüalardan qoruyuculuğu olan eynəklər isə gözümüzü yad cisimlərdən qoruyur.
Tövsiyə edirəm ki, insanlar eynək seçərkən onun rənginə, dəbə uyğun olub olmamasına yox, ultrabənövşəyi şüalardan qorumasına fikir versinlər. Üzərində UV 400 yazılan eynəklər gözlərimizi ultrabənövşəyi şüalardan 100 faiz, UV 380 yazılan eynəklər isə 95 faiz qoruyur. Bu, bütün dünyanın qəbul etdiyi standartlardır”.
Oftalmoloqun fikrincə, əhali arasında keyfiyyətsiz gün eynəklərinin orqanizmə ziyanları ilə bağlı xeyli məlumatsızlıq var. Buna görə də bu məsələ ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehsalda və satışda ucuz, keyfiyyətsiz eynəklərin artmasının onlara tələbatın çox olmasından irəli gəldiyini bildirib: "Keyfiyyəti istehlakçılar özləri tənzimləməlidir. Azad bazar fəaliyyətinin göstəricisi olaraq bu tip keyfiyyətsiz mal satışlarının artmasına ciddi nəzarət olunmur.
Alıcılar əsasən ucuz və görünüşcə fərqlənən eynəklərə üstünlük verdiyinə görə onların istehsalı da artır. Tədricən bu proses daha da genişlənir və keyfiyyət aşağı düşür. Bu halın aradan qaldırılması üçün insanlar keyfiyyətli eynəkləri daha çox almağa çalışsa, keyfiyyətsiz eynəklərin satışları azalar və qiymətin tənzimlənməsinə də nail olarıq”.
Keyfiyyətsiz gün eynəklərinin daha çox xarici ölkələrdən gətirildiyini deyən ekspertin sözlərinə görə, əgər nəzarət olunmadan bazarlara çıxarılan bu məhsullara maraq olmasa, satışlarında müəyyən azalma yaranacaq:
"Normal müəssisələrdə və ya satış obyektlərində eynəyin keyfiyyətinin yoxlanılması üçün lövhədən istifadə olunur. Bu lövhə elə bir qurğudur ki, keyfiyyətsiz eynəkləri aşkar edir və alıcıların seçim imkanına təsir edir.
Elə keyfiyyətsiz eynəklər var ki, mən onların satışını hətta inkişaf cəhətdən ən geri ölkələrdə müşahidə etmişəm. İnsanların sıx olduğu yerlərdə hətta səyyar şəkildə, necə gəldi satılan bu eynəklər əhalinin diqqətini cəlb edir. Hətta qış vaxtı da maşın sürən bir çox insanların gün eynəyi istifadə etdiyini görürük.
Hərdən fikirləşirəm ki, bilərəkdən ilin bütün fəsillərində, lazım oldu olmadı, keyfiyyətsiz gözlüklərdən istifadə edən insanlar gözlərini kor etməyə çalışırlar”.