Təəssüf ki, insanlar günəş vannası qəbul edərkən əsas qaydaları pozurlar
“Canlı orqanizmi yaşadan 4 qidanın biri - birincisi, Günəş işığıdır. Günəş enerjisi daxil olmayan orqanizm sağlam ola bilməz! Bədənində Günəş enerjisi bol olmayan insan mütləq xəstə olmalıdır”. Bu sözləri “Şərq”ə açıqlamasında günəş vannasının düzgün qəbul qaydalarından danışan “Ana Təbiət” NGM-nin rəhbəri Ərşad Əzimzadə deyib.
Onun sözlərinə görə, orqanizmi Günəş enerjisi ilə təmin etməyin ən etibarlı yolu Günəş vannası qəbul etməkdir: “Çox təəssüf ki, əhalinin böyük əksəriyyəti, digər qida növləri kimi, bu qida növünü də düzgün qəbul etmir. Ölkədə maarifləndirmə işi getmədiyi üçün, Günəş vannasının qəbulu qaydaları çox kobud formada pozulur, nəticədə güclü şəfa mənbəyi güclü bəla mənbəyinə çevrilir.
Günəş işığı yalnız səhər saat 9-dək və saat 18-dən sonra faydalı elementlərin daşıyıcısıdır. Qalan vaxtlarda Günəş vannası qəbul etmək və gün altında qalmaq zərərlidir.
Günəş vannasını ilk gündən çox qəbul etmək, dərini yandırmaq fəsad verir. Vannanı 10 dəqiqədən başlamaq lazımdır - 5 dəqiqə qabaq tərəf, 5 dəqiqə arxa tərəf. Sonrakı günlər hər tərəfin payını 1 dəqiqə uzadıb, bu minvalla vaxtı tədricən hər tərəf üçün 30 dəqiqəyə çatdırmaq vacibdir. Bundan sonra hər tərəfin vaxtını gündə 1 dəqiqə azaldaraq, 15 dəqiqəyə endirmək lazımdır. Bu vaxt qalan bütün günlər üçün məqbuldur.
Dərini həddən artıq çox qaraldıb, zənci dərisinə döndərəndə, bədən Günəşdən D vitamini qəbul etmək qabliyyətini itirir, orqanizm bu vacib elementi yalnız qidalardan almalı olur. Qidalarda isə D vitamini çox cüzidir. Onun əsas mənbəyi Günəşdir.
Hər bir qidanın faydası və dəyəri - onun tərkibində olan Günəş enerjisinin həcmindən asılıdır. Biz qidaları bişirib, duza və ya şəkərə qoyub, uzun müddət suda saxlayıb, onları Günəş enerjisindən məhrum edirik, bununla da zərərli kütləyə çevirmiş oluruq.
Mümkün olan hər qidanı çiy şəkildə qəbul etməklə - orqanizmi zəruri elementlərlə təmin edə, xəstəliklərdən vaz keçə bilərsiniz”.