Ölüm riski dodağımızın altındadır


Marketlərdə  dondurmaların saxlanma şəraiti ürəkaçan səviyyədə deyil


   Yay aylarında ən çox istehlak etdiyimiz qidalardan biri də  dondurmadır. Sərinləmək üçün uşaqdan böyüyə hər kəsin sevərək yediyi  dondurmaların keyfiyyəti ilə bağlı isə heç bir zəmanət yoxdur. 
Mütəxəssislərin fikrincə, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir.

Qida məsələləri üzrə ekspert Ağa Salamovun  “Şərq”ə açıqlamasına görə,  dondurma da riskli qidadır və riskli qidalar kimi, istehsalatdan marketlərə dərin dondurucu ilə təmin olunmuş maşınlarda çatdırılması vacibdir: 
“Marketə gəlməmişdən öncə dondurma istehsal edən sexlərdə dərindən sanitar gigiyena qaydalarına riayət olunması mütləqdir və qanundur. Belə ki, istehsal sexlərində dondurma istehsal edən avadanlıqları, hər gün iş bitdikdən sonra və ya iş zamanı qida qalığı ilə çirklənməsi baş verdiyi təqdirdə təmizlənməsi də mütləqdir.  Bu kimi qanunlardan yayınan və məsuliyyətsiz işləyən sexlər birmənalı olaraq xəbərdarlıq edilmədən bağlanması təmin olunmalıdır. İnsan həyatını riskə atan bu cür işbazlar da məsuliyyətə cəlb olunmalıdır”. 
Marketlərdə  dondurmaların saxlanma şəraitinin ürəkaçan  səviyyədə olmadığını vurğulayan ekspert deyib ki, nəzarət sisteminin sıfır olması və özbaşınalıqlar insanların həyatı bahasına başa gəlir ki, bu da ən azından zəhərlənmə ilə nəticələnir: 
“Bəzi marketlərin generator ilə təmin olunmaması, yəni elektrikin getməsi nəticəsində, donmuş məhsulların donunun açılması və elektrik təmin olunandan sonra yenidən donması da ağır zəhərlənmələrə yol açır. Mən hələ qapağı aralı qalan dondurucuları demirəm.  Bir sözlə, istehsaldan istehlakçıya sağlam qida ötürülməsi vacibdir. Burda da məsuliyyət birbaşa həm istehsalçıların üzərinə düşür, həm də marketlərin. Əks təqdirdə qida zəncirində buraxılan kobud səhv nəticəsində insanlar zəhərlənə və ya ağır nəticə (ölümlə) ilə üz-üzə qala bilər və qalırlar da”.
Şəymən