Yüzlərlə uşağa təcavüz edilib 


196 rahibə qarşı cinsi istismar davası açılıb

Almaniyada yayımlanan sənəd böyük səs-küyə səbəb olub. Sənəddə Almaniyada son 75 il ərzində 196 din xadiminin yüzlərlə uşağı cinsi istismar etdiyi açıqlanır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, sənədə əsasən Almaniyanın Şimali Ren-Vestfalya əyalətindəki Münster yepiskopluğunda 1945-2020-ci illər arasında yüzlərlə uşaq rahiblər tərəfindən cinsi istismara məruz qalıb.

Sənədi Münster Universiteti hazırlayıb. Sənəddə qeyd olunur ki, 610 uşaq cinsi istismar edilib. Lakin bu, son hədd deyil. 

Araşdırmaların davam edəcəyi təqdirdə bu sayın 6 min olacağı təxmin edilir. Tədqiqatlar 196 din xadimindən yüzdə beşinin, 10-dan artıq cinsi istismar hərəkəti etdiyini üzə çıxarıb. Üstəlik, kilsə çalışanlarının bu davranışları ört-basdır etdiyi, cinsi istismar hərəkətləri etmiş rahiblərin vəzifədən uzaqlaşdırılmadığı, yalnız iş yerlərinin dəyişdirildiyi də məlum olub.  Münster yepiskopu Felix Genn isə sənəddəki iddiaları rədd etməyib, o, baş verənlərə görə zərərçəkmişlərdən və onların ailə üzvlərindən üzr istəyib, cinayətkarların cəzasız qalmayacağını bəyan edib. 

Almaniyada Katolik kilsəsi tərəfindən hazırlanan hesabatda isə 1946-2014-cü illər arasında ən azı 3 min 677 nəfərin din xadimləri tərəfindən cinsi istismar edildiyi bildirilirdi.

 Zərərçəkmişlərin yarısından çoxu 13 yaşında və ya daha kiçik yaşlılar olub. Münhen Baş Yepiskopluğu tərəfindən hazırlanan hesabatda isə sabiq papa XVI Benediktin 1977-1982-ci illərdə Münhen baş yepiskopu olduğu zaman uşaqlara qarşı cinsi istismar hərəkətləri edən rahiblərdən xəbərdar olduğu, lakin heç bir tədbir görmədiyi, səssiz qaldığı da qeyd edilir.