Payız-qış mövsümü təhlükəlidir

Pandemiyanın bitdiyini söyləmək hələ tezdir

Mərdan Əliyev: “İmmunitetin qorunmasına, yüksəlməsinə çalışmalıyıq, qoruyucu tədbirlərə də laqeyd yanaşmamalıyıq”

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, bir neçə həftədir dünyada yoluxma və ölüm hallarının azalmasına baxmayaraq, ölkələr koronavirusa qarşı peyvəndləri davam etdirməlidir. O, bunu təşkilatın Şərqi Aralıq dənizi ölkələri üzrə Komitəsinin 69-cu sessiyasında deyib: "Biz bütün ölkələrdə COVID-19 peyvəndi ilə 70 faiz əhatə olunması hədəfinə doğru irəliləyərkən ÜST-yə üzv ölkələri prioritet məsələ olaraq bütün səhiyyə işçilərini və yaşlı insanları peyvənd etməyə çağırmağa davam edirik". "Biz heç vaxt qlobal fövqəladə vəziyyət kimi COVID-19 pandemiyasına son qoyacağımız qədər yaxşı vəziyyətdə olmamışıq", - təşkilat rəhbəri əlavə edib: "İki il yarımdan sonra biz tunelin sonunda işıqları görməyə başlayırıq". “Lakin hələ sona çatmamışıq, hələ də tuneldəyik və ehtiyatlı davranmasaq, bizi çətinləşdirə biləcək çoxlu maneələr var”, - baş direktor fikirlərini yekunlaşdırıb. 

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında koronavirusa günlük yoluxma sayında müşahidə edilən stabilləşmə, ölüm hallarınınsa, demək olar, sıfırlanması müsbət dinamikadan xəbər verir, lakin bu, pandemiyanın artıq bitdiyi anlamına gəlməməlidir:   

- Payız-qış mövsümü təhlükəlidir və hər kəs özünü qorumalıdır. Özüylə soyuq hava gətirən mövsüm dəyişikliyi yuxarı tənəffüs yolları xəstəliklərinin, respirator virusların çoxalmasına səbəb olur. Boğaz ağrısı, öskürək, asqırma, ümumi zəiflik, baş ağrısı, halsızlıq kimi bizə tanış olan əlamətlər, hələ koronavirusa yoluxma demək deyil, lakin istənilən halda insanlar ehtiyatı əldən verməməli, COVİD testindən keçməlidirlər.

 Hazırda yoluxma sayında azalmalar var və bu, bir neçə səbəblə bağlıdır. Bir səbəb koronavirusun hazırda dominant olan Omicron variantıdır. 

Bilirik ki, Omicron variantının əsas xüsusiyyəti sürətli yoluxma, amma daha az fəsadlar, daha az ağırlaşma halları və daha az ölüm faktıdır. Bu variant əvvəlki variantlara nisbətən ağır gedişli ağciyər iltihabına səbəb olmur. Əsas səbəblərdən biri əhalidə kütləvi immunitetin yaranmasıdır. 

Bu da əhalinin böyük faizinin COVİD-ə yoluxub sağalması, həmçinin böyük göstəricidə peyvəndləmə ilə bağlıdır. Yəni biz koronavirusa qarşı qoruyucu qalxana artıq malikik. Sadəcə, özümüzü qorumalıyıq, yoluxma varsa, onun ağırlaşmaması, xəstəliyin ağır fazaya keçməməsi üçün vaxtında müalicə olunmalıyıq. 

Koronavirus pandemiyasının başlanğıcında dərman preparatları da az idi. İndi isə vəziyyət fərqlidir. Dərman preparatları da var, həkimlər də pasiyentlərə hansı müalicəni təyin edəcəklərini bilir. Bunlar hamısı malik olduğumuz üstünlüklərdir.

 Lakin dediyim kimi, pandemiyanın bitdiyini söyləmək hələ tezdir. İmmunitetin qorunmasına, yüksəlməsinə çalışmalıyıq, qoruyucu tədbirlərə də laqeyd yanaşmamalıyıq. Kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək məsləhətdir. Peyvəndlərin vurdurulması davam etməlidir. Gücləndirici, qabaqlayıcı dozalar vurulsa yaxşıdır.