Saxta qəndlər... – “Tərkibində zərərli maddələr var”

Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilib. Normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə məcburi göstərişlər verilib.

Kükür dioksidin qənd məhsullarınının tərkibindəki çoğluğunun istehsal texnologiyaları ilə əlaqədər olduğunu deyən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, emal texnalogiyasına düzgün riayət edilməlidir:

“İstehsal zamanı sulfat turşusu ilə ağardılmanın həyata keçirilməsi, kükürd-dioksidin məhsulun tərkibində qalmasını şərtləndirir.
Texnoloji mərhələlərdə bunu məhsulun tərkibindən kənarlaşdırmaq lazımdır. Onu isə xüsusi istilik emalına məruz qoyaraq təmizləmək olar. 
Lakin bu emala məruz qoyulmadığı üçün, məhsul bu vəziyyətə düşür”

Ekspert qeyd edib ki, qənd bizim gündəlik istehsal məhsulumuzdur və ondan uzaqlaşmaq qeyri-mümkündur:

“Bütün ailələrdə qənd istehlak olunur və bu bizim xalqımız üçün vacib qida məhsulu kimi dəyərləndirilir.
 Bu baxımdan da məhsul istehsalı zamanı onun tərkibindəki zərərli maddələrin miqdarını tənzimləmək lazımdır. 


Bu tip məhsullarda təkcə kükürd-dioksid yox, digər qatışıqların aşkarlana biləcəyini düşünürəm. Bunun üçün də belə məhsulların, göstəricilərə uyğun olan standartlarının tənzimlənməsi lazımdır. 

Yəni istehsal müəssisələrində  geniş işlər görülməli və məhsulun keyfiyyət göstəriciləri yüksək səviyyədə formalaşdırılmalıdır. Belə olan halda məhsulların yüksək keyfiyyətli istehsalını gözləmək olar. 

Bu səbəbdən də  AQTA-nın apardığı monitorinqləri alqışlayır və belə yoxlamaların bütün məhsullarda olmasını tövsiyyə edirəm”.