İcbari tibbi sığortaya ayrılan vəsaitin artırılması, əlbəttə, sevindiricidir

Çünki artırılan hər 1 manat hansısa vətəndaşın müalicə xərclərinin qarşılanmasına kömək edəcək

Mərdan Əliyev: “Lakin icbari tibbi sığorta vəsaitləri təkcə dövlətin üzərinə düşməməlidir. İri müəssisələr, holdinqlər, şirkətlər, müxtəlif fondlar, yerli bələdiyyələr icbari tibbi sığortanın müəyyən hissəsini öz üzərinə götürür, xərcləri qarşılayır”

  Gələn il Azərbaycanda səhiyyə sahəsinə ayrılacaq vəsait açıqlanıb. Bu barədə Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Qanun layihəsində gələn il səhiyyəyə 1 906 389 453,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Poliklinikalar və ambulatoriyalar üçün 1 802 885,0 manat, xəstəxanalar üçün 171 384 285,0 manat ayrılması nəzərdə tutulur. Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Həmçinin növbəti il üçün icbari tibbi sığorta fonduna ayrılacaq vəsaitin miqdarı da açıqlanıb. Qanun layihəsinə görə, gələn il tibbi sığorta fonduna 1 263 820 170,0 manat vəsait ayrılması proqnozlaşdırılır. 

  Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində səhiyyə sahəsinə 1 milyard 788 milyondan artıq, icbari tibbi sığortaya isə 1milyard 125 milyon 674 min 629 manat vəsait ayrılmışdı. 2023-cü il üçün icbari tibbi sığortaya ayrılan vəsait builki məbləğdən təqribən 138 milyon 146 min manat artıqdır. Vəsaitin artırılması icbari tibbi sığorta paketinin də zənginləşməsinə səbəb olacaqmı? 

  Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, dövlət büdcəsinin gəlirləri artdıqca sosial sahələrə, o cümlədən səhiyyəyə və təbii, İcbari Tibbi Sığorta Fonduna ayrılacaq vəsaitlərin məbləği də artır: 

- Bu, təbii prosesdir. Azərbaycan dövləti sosial yönümlü layihələrə daha çox üstünlük verir və səhiyyəyə ayrılan vəsait ilbəil artır. O cümlədən icbari tibbi sığorta vəsaitlərinin də hər il artacağı gözlənilir. Lakin məsələ, təkcə dövlət büdcəsindən ayırmalarla məhdudlaşmamalıdır. Xarici ölkələrdə, qardaş Türkiyədə bu təcrübə illərdir uğurla davam etdirilir. İcbari tibbi sığorta vəsaitləri təkcə dövlətin üzərinə düşmür. İri müəssisələr, holdinqlər, şirkətlər, müxtəlif fondlar, yerli bələdiyyələr icbari tibbi sığortanın müəyyən hissəsini öz üzərinə götürür, xərcləri qarşılayır. Burada ianələr də böyük rol oynayır. Eləcə də əmək haqqından tibbi sığortaya tutulan sosial ödəmələr hesabına da sığorta fondunun vəsaitləri artır. Əslinə qalsa, icbari tibbi sığorta fondunun əsas gəliri sığorta haqlarından olmalıdır. Bunun sayəsində də həkimlərin əməkhaqqı ödənməli, xəstəxana xərcləri qarşılanmalıdır. Hazırda Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun vəsaitləri müalicə xərclərinə nə dərəcədə kifayət edir, əhalinin nə qədər hissəsini əhatə etməyə qadirdir, deyə bilmərəm. Bu, maliyyəçilərin işidir. Lakin icbari tibbi sığortaya ayrılan vəsaitin artırılması, əlbəttə, sevindiricidir. Çünki artırılan hər 1 manat hansısa vətəndaşın müalicə xərclərinin qarşılanmasına kömək edəcək. 

  M.Əliyev qeyd etdi ki, İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinin artırılması sığorta paketinə daha çox xəstəliklərin daxil edilməsini şərtləndirə bilər: 

- Ağır gedişatlı xəstəliklər var ki, onların müalicəsinin icbari tibbi sığorta paketinə daxil edilməsi zəruridir. Məsələn, onkoloji xəstəliklər. Məlumdur ki, onkoloji xəstəliklər həm də sosial xəstəlik hesab olunur. Bu səbəbdən ki, onun müayinə və müalicəsi heç də hər kəsin maddi imkanları daxilində deyil. Onkoloji xəstəliklərin müayinəsi də çox bahadır, müalicəsi, əməliyyatlar da. Ona görə də onkoloji xəstəliklərin bütün növləri icbari tibbi sığorta paketinə mütləq daxil edilməlidir. Bu həm xəstələrə, həm də onların ailələrinə maddi kömək öz yerində, həm də mənəvi dəstək olar. 

  M.Əliyev süni mayalanmanın da icbari tibbi sığorta paketinə daxil edilməsini gözlədiyini dedi: 

- Sonsuzluq da son illərdə problem həddinə çatır. Bir çox gənc ailələr bu problemdən əziyyət çəkir. Süni (ekstokarporal) mayalanma böyük vəsait tələb edir. Bu mənada ki, müalicənin bəzən bir dəfə deyil, iki, hətta 3 dəfə aparılması zərurəti yaranır. Bir çox ailələrsə tələb olunan məbləği ödəyə bilmədiklərindən proses yarımçıq qalır. Bu məsələdə ortaq fikrə gəlmək mümkündür. İxtisas həkimlərinin rəyi ilə, orqanizmin müalicəyə hansı dərəcədə reaksiyasından asılı olaraq prosesin davam etdirilməsi, yaxud sonlandırılmalı olduğu müəyyənləşməlidir. Bu müddət ərzində isə pasiyentlərə lazımi müalicə dövlət vəsaiti hesabına tətbiq edilməlidir. 

  M.Əliyev bildirdi ki, hazırda icbari tibbi sığorta paketinə bir çox xəstəliklərlə yanaşı, ağır cərrahi əməliyyatlar da daxildir. 

Məsələn, ürək-damar sistemi, neyrocərrahiyyə kimi 5-10 min manat dəyərində əməliyyatların icbari tibbi sığorta çərçivəsində həyata keçirildiyi xəstəxanalarımız var. Amma əlbəttə, arzuolunandır ki, icbari tibbi sığorta paketinə daxil edilən xəstəliklərin siyahısı artsın və ağır gedişatlı, kifayət qədər böyük məbləğlərdə müalicə xərcləri tələb olunan xəstəliklər də sığorta zərfinə daxil edilsin.