Tibdə inqilab, hərəkət edəcəklər

Alimlər iflicin müalicəsini tapıblar

Terapevt Şahvələd Məmmədov: "Hətta ağırlaşmış xəstələr, 1-ci dərəcəli diabet diaqnozu qoyulmuş xəstələr də sağala  bilir. İnsulindən asılı ağır xəstələr üçün də ən müasir müalicə üsulları tətbiq edilir

  Çağdaş dünyada ən geniş yayılmış xəstəliklərdən biri olan şəkərli diabetin müalicəsində yeni-yeni üsullar kəşf edilir, dərmanlar istehsal olunur. Məlumdur ki, şəkərli diabet bir çox hallarda insulta səbəb olur, nəticədə aşağı ətraflar iflic olur, insan hərəkətliliyini itirir. İsveçrə alimləri iflicin müalicəsini tapıb. Alimlərin sinir hüceyrələrinin kəşfi nəticəsində 9 xəstəyə yenidən addım atmaq imkanı yaranıb. İsveçrə Texnologiya İnstitutunda aparılan araşdırmalarda sinir hüceyrələri xüsusi texnologiya ilə stimullaşdırılıb. 

Fiziki müalicə ilə birləşdirilən bu üsul sayəsində 29-41 yaş arası iflic olan xəstələr ayağa qalxa biliblər. Onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələr üçün bu müalicə üsulu inqilab hesab olunur. Yeriməyə cavabdeh olan sinir hüceyrələri onurğa beynində yerləşir. Onurğa beyni zədələndikdə beyindən gələn siqnallar kəsilir. Ona görə də xəstənin sinir hüceyrələri bütöv olsa da, xəstə yeriyə bilmir. 

  Bundan əvvəl hollandiyalı alimlər də yeniliyə imza atmışdı. Onlar sağlam sinir hüceyrələrini aktivləşdirəcək elektrik stimullaşdırma metodu hazırlayıb. Xəstənin bədəninə yerləşdirilən implant sayəsində bu sinir hüceyrələri elektriklə stimullaşdırılıb. Bu vaxt xəstələrə intensiv fiziki müalicə tətbiq olunub. Beş ayın sonunda xəstələr gəzdiricinin köməyi ilə addımlar atmağa başlayıblar. Xəstələr uzun müddət əzələlərindən istifadə etmədikləri üçün gəzdiricinin köməyindən yararlanmalı olublar. Almaniyada çalışan türkiyəli həkimlər diabet sahəsində apardıqları araşdırmalar nəticəsində bu sahədə nəhəng sıçrayışa imza atıblar. Türkiyə-Almaniya Səhiyyə Fondunun rəhbəri, doktor Yaşar Bilginin rəhbərliyi altında tədqiqat qrupu yaratdıqları inqilabi dərmanın ilk müsbət nəticələrini əldə ediblər. 

Türkiyənin "Milliyət" qəzetinin yazdığına görə, Avropa İttifaqının da dəstək göstərdiyi araşdırmanın nəticələri barədə məlumat verən Bilgin bildirib ki, xəstənin yağ toxumalarından insulin hazırlayan beta-hüceyrələr alınaraq xəstənin orqanizminə iynə vasitəsilə yenidən yeridilir. Beləliklə də mədəaltı vəz yenidən öz funksiyasını yerinə yetirməyə başlayır. Bununla da insulin tələbli xəstələr yenidən normal həyat tərzi sürə bilir. Şəkər xəstələri üçün bu günə kimi iki - dərman müalicəsi və ya insulin iynəsi - müalicə metodunun olduğunu deyən Bilgin qeyd edib ki, şəkər xəstələri ömrü boyunca hər gün qanda qlükozanın miqdarını ölçməli, gündə 3-4 dəfə insulin iynəsi vurmalı olurlar. "Biz şəkər xəstələrinin öz yağ toxumalarından biokimyəvi üsulla beta hüceyrələr əldə edəcəyik. Bu hüceyrələr xəstənin öz orqanizminə məxsus olduğuna görə sonralar onlarla bağlı heç bir uyğunlaşma problemi baş verməyəcək. Araşdırmaların ilk mərhələsində yağ toxumalarından quruluşda orqanizmə ən uyğun olanın beta hüceyrələr olduğunu gördük. İnsandakı yağ toxumaları yağları əritməklə bağlı yaddaşa malikdirlər. Beta hüceyrələrinə çevriləcək yağ hüceyrələri xəstənin qan damarlarına ineksiya ediləcək və mədəaltı vəzin hüceyrələri yaşamağa başlayacaqlar. Beləliklə, şəkər xəstələri ömür boyu insulinə möhtac qalmadan istədiyi şəkildə qidalanacaq, normal həyat sürəcəklər. Mədəaltı vəzi yağ toxumalarından alınan beta hüceyrələri ilə fasiləsiz olaraq təmin olunacaq". Bilgin tədqiqatla bağlı bildirib və əlavə edib ki, düzgün qidalanmama, yağlı yeməklər və idmanla məşğul olmamaq xəstəliyin sürətlə yayılmasına yol açır. 
  Bunca yeniliklər, yeni metodlar, yeni dərman preparatları istehsalının şəkərli diabetin müalicəsində müsbət dəyişikliyə səbəb olduğu görünürmü? 

  Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yeni müalicə üsullarının effektiv olduğunu bildirdi: 

- Bəli, şəkərli diabetin müalicəsində həm müasir dərmanlar, həm fiziki üsullar, həmçinin mədəaltı vəzin funksiyasının yaxşılaşmasına kömək edən cərrahi əməliyyatlar nəticəsində xəstəliyin müalicəsində ciddi irəliləyişlər hiss olunur. Hətta ağırlaşmış xəstələr, 1-ci dərəcəli diabet diaqnozu qoyulmuş xəstələr də sağala  bilir. İnsulindən asılı ağır xəstələr üçün də ən müasir müalicə üsulları tətbiq edilir. 

İstənilən xəstəliyin müalicəsində əsas diaqnozun düzgün təyin edilməsi və ona uyğun düzgün müalicənin təyin edilməsidir. 

Bunlar olarsa xəstəni xilas etmək, sağaltmaq da asanlaşır. Şəkərli diabet geniş yayıldığından, dünyada bu xəstəliyə tutulanların sayı getdikcə artdığından müalicə üsulları da genişlənir, yeni kəşflər edilir. Dərman preparatları ilə bağlı bunu deyə bilərəm ki, ən yeni molekullar kəşf edilir və onlar şəkərli diabetin müalicəsində müsbət nəticə verir. Amma burada bir məsələ var ki, dərman preparatları məhz xəstəliyin müalicəsində istifadə edilən dərmanlar olmalıdır. 

Qida əlavələri dərman preparatlarının əvəzləyicisi kimi pasiyentlərə məsləhət görülməməlidir. Mən qida əlavələrinin effektivliyinə inanmıram, onlar akademik təbabətə uyğun deyillər.