Qulaqcıqla gəzənlərin həyatı təhlükədədir

Cihazdan 8 saatdan çox istifadə etmək sağlamlığa ziyandır

Həkim: "Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir"

  Qulaqcıqlar yeniyetmələrdə eşitmə itkisi riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı araşdırma hazırlayıb. Hazırlanan araşdırmada ingilis, ispan, fransız və rus dillərində nəşr olunan 33 fərqli araşdırma təhlil edilib. 20 ildən çox davam edən araşdırmalarda alimlər 19 mindən çox 12-34 yaşlı iştirakçıların məlumatlarını təhlil edib. Tədqiqat iştirakçılarının 24 faizinin qulaqlıqlarla musiqi dinləyərkən son dərəcə yüksək səs səviyyəsinə üstünlük verdiyi də qeyd edilib. 

Respondentlərin 48 faizi konsert məkanlarında və gecə klublarında təhlükəli səs-küyə məruz qaldıqlarını bildirib. Bununla da alimlərin araşdırmasına görə 1,3 milyard gənc risk altındadır. Qulaqlıqlarla dinlənilən musiqi səsinin 105 desibelə çata biləcəyini bildirən mütəxəssislər, konsert məkanlarında orta səs səviyyəsinin 104- 112 desibel arasında dəyişdiyini müəyyən ediblər. Araşdırmaya rəhbərlik edən Lauren Dillard eşitmə itkisinin qarşısını almağın ən yaxşı yolunun dinləmə müddətini və səsi azaltmaq olduğunu qeyd edib. Dillard gənclərin smartfon və qulaqcıqlarda olan parametrləri diqqətlə izləməli olduqlarını vurğulayıb.

  ÜST araşdırma aparmamış olsaydı belə, qulaqcıqdan gələn səsi, həm də güclü bir şəkildə ətrafdakılar da eşidirsə, istənilən halda “bunların qulağı batmır səsdən?!” deyə düşünənlərin sayı, təbii ki, çoxdur. Üstəlik, bu hal avtobusda, metro vaqonunda yaşanırsa, sərnişinlərin narahatlığına səbəb olur. Sərnişinlərin “o musiqinin səsini azaldın bir az, mane olur” şikayətini dəfələrlə eşitmişik.

 Dərd burasındadır ki, qulaqcıq taxıb dinlədiyi musiqini, seyr etdiyi filmi və ya videonu məcburən başqasına da eşitdirənlər də çoxdur. Ümumiyyətlə, son zamanlar insanlar səs-küyə meyillənib. Musiqini yüksək səslə dinləmək, avtomobil hərəkətdə ikən musiqini gur səslə dinləndirmək kimi etik çərçivəyə sığmayan ənənə formalaşıb. 

Görünür buna görədir, Daxili İşlər Nazirliyi sürücülərə xəbərdarlıq edib ki, yüksək musiqi sədaları altında maşın idarə edən sürücülər böyük məbləğdə - 150 manatdan 2 min 500 manatadək məbləğdə cərimə oluna bilər. DİN-in mətbuat xidmətindən bildirilib ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edilir. Başqalarını narahat etmək öz yerində, amma qulaqcıqla yüksək səsdə musiqi dinləmək, ilk növbədə həmin insanların özünə ziyandır. Bu, birbaşa karlığa aparan yoldur. Bu barədə açıqlama verən qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır: - Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə - karlığa yol açır. Yüksək səsdən sonra qulaqda qalan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur. Səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilən bir səviyyədə - təxminən 70 destibel (db) olmalıdır. Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. 

Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir. Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə edilməməlidir. 

  Həkim qeyd edib ki, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: “Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir.

 Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır”. Həkim eyni zamanda qeyd edib ki, qulaqcıqdan bu cür geniş istifadə etmək həmin şəxslərin psixologiyasına da mənfi təsir göstərir: 

“Belə insanlar cəmiyyətdən yavaş-yavaş təcrid olunur. Qulaqcıq taxmış insan kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır. Qulaqcıqlara aşırı aludəçilik, ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətrafda baş verənlərə etinasızlaşır. Tənhalığa meyllənir. Bu da sosiallaşmanı ləngidən amildir. 

  Həkim eyni zamanda qulaqcıqla gəzənlərin həyatının da təhlükə altında olduğunu deyib: 

- Yolu keçərkən siqnal səslərini eşitmirlər, “öz aləmlərində” olduqlarından qarşıdan gələn avtomobili də görmürlər çox zaman. Bu vəziyyətdə həyatlarına real təhlükə yaranır.