Autizmin əsas göstəricisi ünsiyyət problemidir

Bu hal erkən yaşlarda özünü göstərməyə başlayır

 "Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalıdır".  Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.  Psixiatr bildirib ki, valideynlər müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib, vaxtında problemi aşkar edə bilərlər: "Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidir. Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir. Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır. Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır", - o, əlavə edib.

  Psixoloq Gülnar Orucovanın “Şərq”ə açıqlamasına görə, autizmin əsas göstəricisi ünsiyyət problemidir. Və bu ünsiyyət problemləri artıq erkən yaşlarda özünü göstərməyə başlayır. İlk növbədə qeyri-verbal ünsiyyətdə problemləri görmək olur. Uşağın nitqi olsa belə maraqlarını və emosiyalarını paylaşmaq üçün çox vaxt göz kontaktından və işarət barmağından istifadə etmir: “Eyni şey nitq inkişafına da aiddir. Danışa bilsələr belə, çox vaxt nitqdən nəyisə istəmək və nədənsə imtina etmək üçün istifadə edirlər. Onlar üçün ünsiyyət heç bir sosial dəyəri olmayan konkret nəticəsi olan bir anlayışdır. Maraqlarını və hisslərini ifadə etmək üçün spontan cümlələr qurmaqda çətinlik çəkirlər, əzbərlədikləri fraza və cümlələrdən istifadə edirlər. Suallara cavabları qısa konkret və şablon olur. Söhbət mövzuları məhdud olur. Hətta mürəkkəb nitq bacarıqlarına yiyələnsələr belə sosial situasiyalarda bu bacarıqlardan istifadə edərkən çətinlik çəkirlər.
  Mürəkkəb sosial vəziyyətlər autizmli fərdlərdə çaşqınlıq və narahatlıq yaratdığı üçün rutin hərəkət və vəziyyətlər kimi, rutin ünsiyyətə meyl edirlər.
  Həmçinin mimika, səs tonu, bədən dilindəki sosial və emosional siqnalları anlamaq bir çox autizmli fərdlər üçün çətin olur. Aydın emosiyaları başa düşsələr də, üstüörtülü sosial və emosional işarətləri anlamaya bilərlər. Qarşılıqlı ünsiyyət zamanı 2 və daha çox insan növbə ilə bir-biri ilə fikirlərini, təcrübələrini bölüşürlər.  Bu proses öz-özünə baş verir. Autizmli fərdlə söhbət edərkən bu ünsiyyəti saxlamaq üçün sanki əlavə çaba göstərməli olursuz. Bəzən isə autizmli fərdin ünsiyyət üçün konkret mövzusu və məqsədi olur və o, mövzudan başqa şeyləri eşitməzdən və görməzdən gələ bilər”.
  Psixoloqun sözlərinə görə, autizmi aşkar etmək üçün öncə sosial əlaqə və kommunikasiyada pozuntunu görmək lazımdır. Uşaq göz kontaktı qurmaqda, jestlərdən istifadə etməkdə, dialoq qurmaqda çətinlik çəkir, nitq pozuntusu müşahidə olunur". "Bu problemlər autizmli insanların birində az, birində çox ola bilər. Amma mütləq ki olur. Digər simptom qrupu isə təkrarlanan, eyni, stereotip hərəkətlər, xüsusi maraqlar və vərdişlərdir. Uşaq yerində sağa sola yellənər, öz ətrafında müəyyən sabitliyi qorumağa çalışar, seçici qidalanar, ancaq liftlərlə maraqlanar və s: “Hər iki simptom eyni anda olur. Həm ünsiyyət problemi, həm də davranışlardakı xüsusiyyətlər. Ancaq hər iki simptoma birlikdə autizm spektr diaqnozu qoyulur, əks halda problem başqa pozuntudur. Uşaq bacarıqlarının əsas hissəsini öncə valideynləri ilə ünsiyyətdən alır. Danışmağı, müraciət olunan nitqi anlamağı, oynamağı, emosiyalarını idarə etməyi və s. ünsiyyət zamanı öyrənir. Autizm və ya autizm spektr pozuntusu zamanı isə erkən yaşlardan bu ünsiyyətdə, nəticədə isə öyrənmədə pozuntular ortaya çıxır. Bu isə inkişaf ləngiməsi, ümumi kommunikasiya problemləri kimi təzahür edir. Uşağın ünsiyyət üçün nitqi və jestləri ya gec formalaşır, ya da heç formalaşmır. Sonradan spektrli uşaqlar yaşıdları ilə oynamaqda və ünsiyyət qurmaqda əziyyət çəkirlər. İnkişaf pozuntusu isə böyük spektrli insanlarda belə müxtəlif ola bilər.
  Bir qrupu gözəl danışırlar, nitqi gözəl anlayırlar, davranışlarını kontrolda saxlaya bilirlər. Amma insanlarla əlaqə qurmaqda, dostluq etməkdə, yazılmamış qanunlara riayət etməkdə, ironiya və sarkazm kimi mürəkkəb sosial şeyləri anlamaqda çətinlik çəkirlər. Digər qrupu isə baza səviyyədə belə danışmağı və əlaqə yaratmağı bacarmırlar”.
Şəymən