Kollagen əlavələri pul tələsidir


Qiymətlər isə heç də ucuz deyil

"Rasionunuza zülal əlavə etmək üçün daha ucuz variantları tapa bilərsiniz və ya normal miqdarda adi proteinli qidalar yeyə bilərsiniz"


  Kollagen əlavələrinin faydalı olduğuna dair elmi sübutlar yoxdur.
Bu barədə Ura.ru-ya məşhur dietoloq Marina Makişa danışıb. Onun sözlərinə görə, kollagenin dəriyə faydaları və qocalmanı ləngitməsinə dair aparılan araşdırmalar çox şübhəlidir, çünki onlar kommersiya şirkətləri tərəfindən az sayda insanın məlumatları əsasında aparılıb.

Dietoloq qeyd edib ki, kollagen orqanizmdə amin turşularına parçalanaraq qana daxil olan zülaldır. Bundan əlavə, hansı zülal molekullarının sintez ediləcəyini proqnozlaşdırmaq mümkün deyil.

"Odur ki, kollagen içmək bu günə qədər heç bir sübut bazası olmayan bir hekayədir. Məhsulun dəyərinə baxsanız və jelatinin dəyəri ilə müqayisə etsəniz, görərsiniz ki, əslində kollagenin tərkibi təxminən eynidir. Lakin bildiyiniz kimi, kollagen jelatindən dəfələrlə baha olacaq”, - mütəxəssis qeyd edib.

  Həkim hesab edir ki, kollagen əlavələri pul tələsidir və qiymətlər isə heç də ucuz deyil. "Rasionunuza zülal əlavə etmək üçün daha ucuz variantları tapa bilərsiniz və ya normal miqdarda adi proteinli qidalar yeyə bilərsiniz" , - ekspert yekunda vurğulayıb.

  Dermatoloq- kosmetoloq Günay Mikayılova isə “Şərq”ə açıqlamasında  deyib ki, kollagen dərinin elastikliyi, dayaq-hərəkət aparatının, əzələ toxumasının normal fəaliyyəti üçün zəruri olan zülaldır. Lakin 20 yaşdan sonra onun orqanizmdə sintezi azalır. Kollagen dərinin elastikliyini və möhkəmliyini təmin edən əsas zülallardan biridir, ona görə də yaşla bağlı kollagen çatışmazlığı dərinin elastikliyini itirməsinə, qırışlara və quruluğa səbəb olur: 

“Birləşdirici toxumanın əsasını təşkil edən kollagen oynaqların, sümüklərin, vətərlərin, saçların, dərinin, dırnaqların, dişlərin əsas komponentlərindən biridir. Bu zülal eyni zamanda damarların, arteriyaların və kapilyarların divarlarını əmələ gətirir. Kollagen molekulları uzun nazik zülal lifləri - fibrillər əmələ gətirir. O, hüceyrələri bir yerdə tutmağa, bədənimizi bir “bütün” olmağa və toxumaların uzanmasına tab gətirməsinə xidmət edir. Yaşlandıqca kollagenin orqanizm tərəfindən istehsalı tükənməyə doğru gedir. Fibrillər daha sürətli parçalanmağa başlayır, kollagen sintezi isə təbii olaraq yavaşlayır. Bu, qocalmanın ilk əlamətlərinin təzahürünə gətirib çıxarır - dəri nazikləşir və elastikliyini itirir, qırışlar əmələ gəlir, sümüklər daha kövrək olur, oynaqlar daha az hərəkət edir.

  Kollagen lifləri dərimizin "skeleti" hesab edilir, belə ki, dərinin elastikliyi, möhkəmliyi və gücü kollagendən asılıdır. Qığırdaq toxumasını məhv olmaqdan qoruyur. Yaşlandıqca ağrıların artması məhz kolleg istehsalının tükənməsi ilə əlaqədardır. Kollagen həmçinin sümüklərin gücünü artırır, onları məhv olmaqdan qoruyur və osteoporoz riskini azaldır.

 Demək ki, iş ancaq Calsium ilə kifayətlənmir. Qanı ürəkdən orqanlara daşıyan damarların divarlarını əmələ gətirdiyindən, kollagen çatışmayanda onlar kövrək olur və zədələnirlər”.
Mütəxəssisin sözlərinə görə, orqanizm tərəfindən istehsal olunan təbii kollagen endogen adlanır. Gənc yaşlarda, fibrillərin məhv edilmiş sahələrini vaxtında doldurmaq üçün kifayət qədər sayda yeni molekul sintez edirik: “Yaşla, onlar daha tez deformasiyaya və parçalanmağa başlayır, kollagen istehsalı isə yavaşlayır. Bu zülalın azalması artıq 20 yaşından başlayır və 25-30 yaşdan sonra onun məhv edilməsi prosesləri sintez proseslərindən üstün olur. Demək ki, Kollageni 25 yaşdan sonra qəbul etmək daha məsləhətdir. Ancaq böyrək çatışmazlığından və qaraciyər xəstəliyindən əziyyət çəkən insanlar kollageni ehtiyatla qəbul etməlidir. Çünki zülalın çox olması bu orqanlara yükü əhəmiyyətli dərəcədə artırır. Xüsusən də hamilə və laktasiyada olan qadınlar kollagen əlavələrindən yalnız həkimin ciddi nəzarəti altında istifadə etməlidirlər”.
  G.Mikayılova deyib ki, “gənclik zülalı” ilə zəngin hesab edilən sümük suyu, yumurta ağı, jelatin, toyuq, mal əti, balıq və dəniz məhsullarını gündəlik qida rasionumuza daxil etməliyik.  Düzgün qidalanmanın köməyi ilə bədəndə lazım olan kollagenin səviyyəsini saxlaya bilərik: “Kollagen zülalı çox iri molekul birləşməsi olduğundan, mədə-bağırsaq divarından sovrula bilmir. Amin turşulara parçalanaraq qəbul olunur ki, bunun birbaşa faydası təsdiq olunmayıb. Kollagen sintezini artırmaq istəyirsinizsə, bol-bol ət və ət məhsulları ilə qidalanmalısınız. Paralel olaraq C vitamini kollagen sintezini yaxşılaşdıracaqdır. Bir sözlə, əlavə kollagen qəbulu son zamanların marketinqidir ki, bunun qurbanı olmayın.
  Balıqlardan alınan dəniz kollagenə üstünlük vermək daha yaxşıdır. Onun strukturu təbii insan zülalına ən yaxın olduğu üçün qan dövranına daha sürətli nüfuz edir. Kollagen qəbulu zaman qidalanmanızda meyvə və tərəvəzlərin qəbulunu artırmaq lazımdır. Onların tərkibində kollagen olmasa da, zülalın istehsalı üçün lazım olan amin turşuları və vitaminlər var! Sitrus meyvələri, qara qarağat, çiyələk, yerkökü, brokoli, qırmızı bibər, kahı, qoz-fındıq və paxlalılara xüsusi önəm verilməlidir.
  Məqsəd xaricdən qəbul edilən kollagenlə daxildə istehsal olunan kollagenin ömrünü uzatmaq və ehtiyatını artırmaqdır”.
Kosmetoloq deyib ki, kollagen əlavələri kollagenlə zəngin heyvan toxumalarından, başqa sözlə, inək və donuzların sümük və dəri qırıntılarından, balıq dərisindən və pulcuqlarından hazırlanır: “ Heyvan zülalları denatürasiyaya məruz qalır, bu da jelatinin əmələ gəlməsinə səbəb olur. Sonra jelatin bir neçə amin turşusundan ibarət olan kiçik peptid hissəciklərinə əzilir. Və bu peptid hissəcikləri tozlara və kapsullara əlavə olunur. Kollagen məhsulları bu şəkildə əldə edilir.

Bunlar həmişə kapsul şəklində olmur, lakin çox vaxt kollagenin ən yüksək konsentrasiyasını ehtiva edir, buna görə də çox populyardır. Bədənə əlavə olaraq daxil olan zülal fermentlərin təsiri altında mədə-bağırsaq traktında həzm olunur. 

O, öz-özünə sovrulmur, lakin amin turşularına parçalanır və daha sonra bədənin öz kollageninin sintezinə daxil edilə bilər. Lakin bu həmişə belə olmur. Bu prosesdə genetik amil və insanda amin turşularının çatışmazlığının olması böyük rol oynayır. Başqa sözlə, qida əlavələri formatında kollagen hər kəsə effektiv təsir etmir, lakin bu zülal əlavəsi seçiminə uyğun insansınızsa, dərinin elastikliyi arta, oynaqlarda isə ağrılar azala bilər. 

Qeyd etməliyəm ki, kollagen tərkibli qida əlavələrinin kifayət qədər populyar olmasına baxmayaraq, dərinin qocalma prosesini ləngitmək üçün kollagenin istifadəsi çox az öyrənilib. İnsanlar üzərində kifayət qədər klinik sınaqlar aparılmayıb”.