Tez-tez qrip olanlar mütləq vaksin olunmalıdır


Uşaqlar, hamilə qadınlar, yaşı 65-dən yuxarı insanlar daha çox risk altındadır


  İmmunitetin gücləndirilməsi infeksiyadan qorunmaq üçün ən uğurlu vasitədir.
Payız və qış ayları uşaqdan böyüyə hamı tez-tez qripə yoluxur, soyuqdəymədən əziyyət çəkir. Çox vaxt da dərman içmədən xəstəlikdən yaxa qurtarmağın mümkün olmadığını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən xilas olmaq mümkündür.

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin sözlərinə görə, tez-tez qrip olan adamlar mütləq oktyabr, noyabr, dekabr aylarında vaksin olunmalıdırlar: “Dərman preparatları ilə də immuniteti gücləndirmək olar, lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qidalanmaq, yuxu rejiminə fikir vermək, aktiv həyat keçirməkdir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.
  Pediatr Nigar Abdullayevanın “Şərq”ə açıqlamasına görə, qrip ən geniş yayılmış respirator virus infeksiyasıdır. Yoluxma xəstə insanla kontakt zamanı asqırma, öskürmə, əllə kontakt yolu ilə keçir: “Qrip hər il fəsli olaraq epidemiyalar yaradır. Xəstələnənlərin çox hissəsini uşaqlar və yeniyetmələr təşkil edir. Uşaqlarda immun sistem zəif olduğu üçün qrip onlarda sinüzit, otit, pnevmoniya, bronxit, ensefalit və traxeit kimi  ağırlaşmalarla keçir. Qripin müalicəsi simptomatikdir. Burun tənəffüsü bərpa etmək üçün burun damcıları, qızdırma varsa hərarət salıcılar, öskürək varsa ona uyğun dərmanlar, pnevmoniya, otit kimi ağırlaşmalarda antibiotiklər təyin olunur. Həmçinin bol maye qəbulu tövsiyə olunur.

  Qripə qarşı peyvənd də kifayət qədər effektivdir.  Xroniki ağciyər xəstəlikləri olanlar, bronxial astma xəstələri, kistik fibroz, şəkərli diabet xəstələri, ürək xəstəliyi, revmatik, qan xəstəlikləri olanlar qripi xüsusilə ağır keçirirlər. Bu xəstəliklərdən əziyyət çəkənlər mütləq şəkildə hər il qrip peyvəndi olunmalıdır.

  Ümumiyyətlə isə bir həkim olaraq tövsiyə edirəm ki, qripdən qorunmaq üçün həm uşaqlar, həm də böyüklər qrip peyvəndi  olunsun. Hətta Amerikanın CDC təşkilatı (Bizim Sanitar Epidimioloji Stansiyamızın analoqu olan qurum) tövsiyə edir ki, qrip peyvəndi yaşı 6 aydan yuxarı bütün insanlara vurulmalıdır .
  Bu peyvənd qrip sezonunun əvvəlində, yəni oktyabr ayında vurulmalıdır. Əgər hər hansı səbəbdən peyvənd gecikibsə, qrip mövsümünün istənilən ayında vurula bilər. Qrip peyvəndi uşaqlar, hamilə qadınlar, yaşı 65-dən yuxarı insanlar, tibb işçiləri və astma, allergiya, diabet kimi  xroniki xəstəliyi  olan insanlar üçün xüsusən zəruridir. 

  Həkim-infeksionist Vasif Əliyev isə sosial media hesabında qrip peyvəndinin əhəmiyyətindən yazıb. Onun sözlərinə görə, qripə yoluxmamaq üçün əl təmizliyi, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi ilə yanaşı, xüsusilə də risk altında olan insanlar üçün ən təsirli qorunma yolu peyvənddir: “Eyni zamanda qripin ən ciddi ağırlaşması sayılan və ən çox ölümün səbəbi olan pnevmoniyadan da qorunmaq üçün həkimin nəzarəti altında pnevmokok peyvəndi də vurulmalıdır.

  Qrip  peyvəndi 6 aydan böyük hər kəsə vurulmağı tövsiyə olunur. Ancaq daha çox risk qruplarındakı insanlara və onlarla yaxın təmas edənlərə, həmçinin tibb işçilərinə vurulmalıdır.  
Peyvənd normalda oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurdura bilərlər”.
  V.Əliyevin sözlərinə görə, qrip xəstəliyinin keçirilməsi və ya peyvəndin vurulmasından sonra yaranan immunitet virusunun strukturunda yaranan dəyişikliklər səbəbinə bağlı olaraq ömürlük deyil: "Peyvənd olunan və ya xəstəliyi keçirən insanlar bir sonrakı qrip mövsümündə xəstəliyə təkrar yoluxa bilirlər. Bundan başqa, virusun strukturu dəyişildiyi üçün, bu dəyişiklikləri də nəzərə alaraq peyvəndin qoruyuculuğunu sabit saxlamaq üçün peyvəndin tərkibi hər il yenilənir. Bu səbəblə hər mövsüm təkrarlanan qripdən qorunmaq üçün hər il peyvənd vurulmalıdır".

  İnfeksionist onu da qeyd edib ki, yumurtaya qarşı alergiyası olanlara və ya peyvəndə qarşı daha əvvəl ciddi  allergiya keçirən xəstələrə qrip peyvəndi vurulmamalıdır: 

“Qrip peyvəndinin ciddi əlavə təsirinin olma ehtimalı digər peyvəndlərdə olduğu kimidir. Peyvəndin böyüklərdə ən çox görülən əlavə təsiri inyeksiya  yerində ağrı və həssalıqdır. Bu şikayətlər 10-64 faiz görülsə də, bir-iki gün içində peyvəndə bağlı temperatur, baş ağrısı, əzələ ağrısı, halsızlıq kimi sistemik əlamətlərin görülməsi, digər peyvənd və ya dərman tərkibli olmayan (plasebo) inyeksiyalardan çox deyildir. İİV3 (tərkibində 3  ayrı influenza virus tipi mövcud olan 3 valan peyvənd) və ya  İİV4 (tərkibində 4 ayrı influenza virus tipi mövcud olan 4 valan peyvənd) kimi istifadə olunan qrip peyvəndləri inaktiv (cansız) virus peyvəndi  olduğundan peyvəndə bağlı qripin olması mümkün deyil. Peyvənd iflic yaratmaz, sonsuzluğa səbəb olmaz və  hamilələrdə də rahatlıqla istifadə edilə bilir”.