Bu ay güclü maqnit qasırğası gözlənilir



Tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları ola bilər

Ağır yeməklərdən çəkinməli, bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli, təbii antioksidantların qəbulu artırılmalıdır


  Bir müddətdir davamlı olaraq maqnit qasırğası ilə bağlı əhaliyə ciddi xəbərdarlıq edilir. Aprel ayında bir neçə zəif və bir güclü maqnit qasırğası gözlənilir.
Aprelin 1 və 2-də müşahidə edilən 4 bal gücündəki ilk qasırğadan sonra eyni gücdə növbəti qasırğa aprelin 10 və 11-də olacaq. Daha sonra aprelin 16 və 17-də üçüncü qasırğa da 4 bal gücündə gözlənilir. Ay ərzində sonuncu və ən güclü maqnit qasırğası aprelin 20 və 21-də proqnozlaşdırılır - gücün 6 bala çatacağı gözlənilir. Maqnit qasırğaları sağlamlıq üçün potensial təhlükələrdir. Onlar Yerin maqnit sahəsində günəş alovlarının yaratdığı pozğunluqlardan qaynaqlanır. Bu cür dalğalanmalar təkcə sağlamlığımıza və rifahımıza deyil, həm də rabitə sistemlərinin işinə mənfi təsir göstərə bilər. Buna görə də alimlər onların təhlükəsini gözardı etməməyə çağırırlar.
  Bu qasırğaların insanların səhhətinə zərər verəcəyi ilə bağlı xəbərlər isə əhali arasında müəyyən təşvişin yaranmasına səbəb olur.
  Terapevt Nadejda Çernışeva maqnit qasırğasının damarlarda xolesterin pıtraqları və tromblar əmələ gətirdiyini açıqlayıb.
  Maqnit partlayışlarının ürək-damar patologiyaları olan insanlar üçün riskli olduğunu xatırladan terapevt deyib ki, bu zaman xəstələrdə damar spazmları baş verir, ürəyin qanı qovması yavaşıyır, qan qatılaşır, arterial təzyiq oynayır. Nəticədə insanlarda baş ağrısı, sinədə sıxılma baş verir.
  Damarları zəif olan, tutulmuş, eləcə də təzyiqi olan xəstələrdə qan qatılaşması sistemi pozulur.
Bu günlərdə damar içi xolesterin yığıntısı və tromb yaranması artır.
  Ona görə risk qrupunda olan insanlar bu günlər evdə olsun, təzyiqi nəzarətdə saxlasın, limonlu su içsin, acı, turş, yağlı qidaları azaltsın, daha çox uzanıb istirahət etsin.
  Terapevt Leyla Quliyevanın “Şərq”ə açıqlamasına görə, meteohəssas insanlar təbiətin şıltaqlıqlarına, maqnit qasırğalarına, atmosfer havasının təzyiqinə, havanın soyuyub istiləşməsinə çox həssas reaksiya verirlər: “İnsan təbiətlə çox sıx əlaqədə olduğu üçün təbiətdə baş verən dəyişikliklər də insan orqanizminə təsirsiz ötüşmür. Beləki, hava şəraitinin kəskin dəyişilməsi, məsələn, güclü şimal küləyinin cənub küləyiylə əvəz olunması, temperaturun kəskin artıb azalması, rütubətin artması bir qrup şəxslərin səhhətində problem yaradır. Bu insalar meteohəssas insan adlanır.
  Meteohəssas insanlar daha çox ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, revmatoloji sistem xəstəliklərindən əziyyət çəkirlər.  
  Maqnit qasırğasının təsirləri özünü əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur.
  Geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında, açıq havada olmamağı, saat 10-dan 17-18-ə qədər bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edilir. Təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”.
  Həkimin müşahidəsinə görə, hipertoniklərin qan təzyiqi qalxır, hipotoniklərdə isə əksinə, düşür. Bu xoşagəlməzliyin qarşısını almaq üçün hipertoniklərə çoxlu su içməyi və duzdan istifadəni azaltmağı tövsiyə edirlər: “Çünki duz orqanizmdə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur. Hipotoniklərə isə eleuterokokk və çin cır limonu (limonnik) məcunundan istifadə məsləhət görülür.
  Eyni zamanda nikotin qəbulunu dayandırılmalıdır. Xüsusən ürək xəstələri əllərinin altında «fövqəladə vəziyyət» üçün dərman saxlamalıdırlar. Səhər çarpayıdan qəfil durmamalıdırlar. Trombların yaranmasının qarşısını almaq üçün aspirin qəbul edilməlidir. Yuxusuzluq, nevrozluq, yüksək həyəcan halında – evkalipt, valerian, melissa, damotu məcunundan və aloye şirəsindən istifadə etmək olar.
  Qasırğa dövründə ağır yeməklərdən çəkinməli, bacardıqca balıq, tərəvəz yeməkləri və sıyıq yeməli, təbii antioksidantların qəbulu artırılmalıdır. Otlarla, yağlarla vanna, yaxud kontrast duş qəbul etmək olar. Meteohəssas insanlar həmçinin belə günlərdə yaxşı yatmalı, fiziki və əqli yüklənmədən qorunmalıdırlar, idmandan, mağazalarda uzun-uzadı gəzməkdən və yaxud bağ-bostan işlərindən çəkinməlidirlər”.