Xəstəxanalar uşaqla doludur 

Uşaqlar arasında öskürək, qızdırma, qusma, ishal halları artıb. Sosial şəbəkələrdə də bu barədə yazılır, valideynlər narahatlıqlarını bildirirlər.   
“Böyüklü-uşaqlı hamı qusma, ishal, qızdırma içindədir. Kimi dindirirsən, o vəziyyətdədir, dünən Mütiş bir anın içində nə günə qaldı, təcili yardım çağırmalı olduq. Gələn həkim dedi, xəstəxanalar doludur uşaqla, çalışın, evdə müalicə edin. İş orasındadır ki, təcili yardımla gələn həkimlərə klizma (imalə - M.R.) eləməyə də icazə verilmir, uşaq halsız, həkim çarəsiz. Deyirəm, nə mənası var gəlməyinizin? Klizma eləyə bilməzsiz, xəstəxanaya aparmağı məsləhət görmürsüz ki, daha da infeksiya qapar, bəs nə edək? Bir həkim desin, səbəb nədir axı. Yəni bunun bir səbəbini bilən həkim yoxdur? Hansından soruşursan, deyir, yaydır da, belə olur. Axı niyə belə olur? Yayla nə əlaqəsi? (Esmira Cavadova)
Paylaşılan statusa yazılan rəylərdə də eyni narahatlıq ifadə edilib. Eyni zamanda bəzi məsləhətlər də verilir;  
Gülnaz Qənbərli: Kəklikotu çayı+zoğal mürəbbəsi. Keçəcək.
Dünya Sakit: Adi aktivləşdirilmiş kömür al, hər 10 kq çəkiyə 1 tabletkasını gündə 3 dəfə içirt. Bir də sistem elətdirin, özünüz klizma edin. Çox asandır. Allah yaraşıqlıya kömək olsun. 2016-cı ildə də yayılmışdı belə bir dəhşətli xəstəlik.
Gülmirə Aslanova: Özünüz klizma edin. Ehtiyac olanda özüm etmişəm. Mən heç vaxt onlara güvənməmişəm. Aptek "Ramaşka"sı dəmləyin, az-az içirdin. Regidron qəbul edin, uşaqlara isə smetka verə bilərsiniz. Məcburi qidalandırmayın, suda qaynadılmış kartof, dovğa verə bilərsiniz.
Əfqan Qasımov: Dənizə aparmısız yəqin ki. İnfeksiya ordan yayılır.
Nərgiz Salmanova Liftiyeva: Allah şəfa versin. Enterol paraşok var, ishala tez təsir edir. "Ramaşka" dəmləməsi ilə klizma, 1 dəfəlik istifadə üçün olandan alın, evdə eləyin. Xəstəxanalar həqiqətən əlavə virus yuvasıdır. 
Fikrət Fəraməzoğlu: Hazırda oğlum dediyin vəziyyətdədir.
Yasin Haxverdiyev: Böyük ehtimal rotavirusdur, xüsusən yay vaxtlarında və uşaqlarda aktiv olur. Yaxşı yuyulmamış meyvə-tərəvəzdən, uşaqların bir-biri ilə təmasından, ortaq oyuncaqlarından keçir. Qorxulu bir şey deyil, maksimum 1 həftə çəkir, bol maye vermək lazımdır uşağa (çay su, meyvə suyu). Düyü lapası, kartof püresi də verə bilərsiniz. Qusma varsa, 4-5 saat heç nə verməmək lazımdır, qusma və ishal sayı gündə 3-4 dəfədən çox olarsa, damardan maye vermək lazımdır (xəstəxanada). 
Yazılanlarla bağlı “Sherg.az”a açıqlama verən pediatr Vaqif Qarayev hazırda uşaqlar arasında infeksiya yayıldığını dedi: 

- Rotavirus infeksiyasıdır, yayılıb. Qızdırma, qusma, ishal, zəiflik, halsızlıq. Kiçikyaşlı uşaqlar üçün maye itkisi təhlükəlidir. Ona görə xəstəxana şəraitində müalicə alsalar yaxşıdır. Evdə uşaqlara bol maye verilməlidir. Yağlı qidalardan uzaq olmaq lazımdır. Qızdırmaya nəzarət edilməli, antibiotiklərə deyil, probiotiklərə üstünlük verilməlidir.